Azərbaycan vətəndaşı Atatürk aeroportuna hücuma görə saxlanıldı
Xeberler 902

Azərbaycan vətəndaşı Atatürk aeroportuna hücuma görə saxlanıldı

Azərbaycan vətəndaşı Atatürk aeroportuna hücuma görə saxlanıldı


İstanbul Atatürk Hava Limanında iyunun 28-də üç intiharçı terrorçu tərəfindən törədilmiş terror hücumunda əli olduğu güman edilən şübhəlilər arasında bir Azərbaycan vətəndaşı da var.

May.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda "Kavkazskiy uzel" portalı İstanbulda hakimiyyətlə əməkdaşlıq edən insan haqları təşkilatlarından birində işləyən Dağıstan sakininə istinadən yazır.

Bildirilir ki, Atatürk Hava Limanına terror hücumu ilə bağlı İstanbulda reydlər davam edir. İstanbul polisi intiharçı-terrorçuların Türkiyəyə saxta pasportla gəldiyini bildirir və hazırda terrorçulara saxta sənəd təşkil edənlər müəyyənləşdirilir.

Şahidlərin bildirdiyinə görə, iyunun 30-da səhər saatlarında İstanbulun müxtəlif rayonlarında antiterror polisi terror hücumunda əli olduğu təxmin edilən şübhəlilərin yaxalanması üçün əməliyyat keçirib. "Reydlər Pendikdə, Aksarayda və Qayaşehirdə keçirilib. İnsanları polis bölməsinə, oradan deportasiya təcridxanalarına aparıblar. Mənə beş nəfərin saxlanıldığı məlumdur. Onların arasında 3 dağıstanlı, 1 Çeçenistan sakini və bir Azərbaycan vətəndaşı var", - mənbə bildirib.

Saxlanılan Azərbaycan vətəndaşının tanışları isə onun iyunun 30-da səhər Qayaşehirdə tutulduğunu deyiblər. "Biz onun adını demək istəmirik. Antiterror polisi həmin Azərbaycan vətəndaşının qaldığı evə səhər tezdən gəldi. Ailə üzvlərinin hamısı yatırdı və polislərin qapını döyməsini eşidən olmadı. Nəticədə onlar qapını yerindən çıxarıb mənzilə daxil olublar və ailə üzvlərindən birini özləri ilə aparıblar", - saxlanılan şəxsin qonşusu anonimlik şərti ilə deyib.

Qonşusunun dediyinə görə, həmin şəxsi əvvəl Miqrasiya Xidmətinin əməkdaşları bir neçə gün saxlamışdı və sonra üzr istəyib buraxmışdılar. "O, İstanbulda işləyirdi, miqrantların leqallaşdırılması ilə bağlı vasitəçilik və hüquqi xidmətlər göstərirdi", - qonşusu deyib.

Xatırladaq ki, İstanbuldakı son terror hücumlarının təşkilatçısı əslən Çeçenistanın Pankisi dərəsindən olan "təkqol Əhməd" ləqəbli Əhməd Çatayev hesab edilir. O, İŞİD-in yüksək rütbəli komandirlərindən biridir və Amerika kəşfiyyatı Çatayevin Türkiyədə terror hazırladığı haqda Ankaranı xəbərdar edibmiş.

Son xəbərlər