20
ноября
2017
14:11
İİV-infeksiyasının müalicəsi
Hazırda HİV-infeksiyasının inkişafını ləngidən və uzun müddət ərzində QİÇS mərhələsini geri çəkən dərman preparatları mövcuddur. Opportunistik xəstəliklərin profilaktikası və müalicə üçün də dərmanlar var. Adətən, yoluxmadan sonra ilk bir neçə il ərzində insanın spesifik müalicəyə ehtiyacı olmur. İmmunitet zəiflədikdə və bununla əlaqədar orqanizmin müxtəlif infeksiyalara qarşı davam gətirmək qabiliyyəti itdikdə spesifik terapiya təyin olunur. Təəssüf ki, HİV-ineksiyasını tam sağaldan dərmanlar hələ yoxdur, lakin müasir təbabətdə belə preparatların yaradılması üçün gərgin tədqiqatlar aparılır.
HİV-infeksiyasının müalicəsi üçün "antiretrovirus - ARV” adlanan və insanın immunçatışmazlığı virusunun çoxalmasının qarşısını alan spesifik virusəleyhinə preparatlar istifadə olunur. Bu preparatlar HİV reseptorlarını və fermentlərini blokada edərək, virusun çoxalmasına mane olurlar. ARV-preparatları ilə müalicəyə "antiretrovirus terapiyası” (ARV-terapiya) deyilir. ARV-terapiya HİV-infeksiyasından tam sağalmanı təmin etməsə də, virusun kəskin surətdə azalmasına səbəb olur.
Müxtəlif ARV-preparatlar virusun müxtəlif çoxalma mərhələlərinə təsir edirlər. Təsir mexanizmindən asılı olaraq antiretrovirus preparatları bir neçə sinfə bölünürlər: əks transkriptazanın inhibitorları (nukleozid inhibitorları –ƏTNİ və qeyri-nukleozid, (yaxud nukleotid inhibitorları -ƏTQNİ), proteaza inhibitorları (Pİ) və qovuşma inhibitorları. ”İnhibitor” sözünün mənası "ləngidən”,”dayandıran” deməkdir.
Müxtəlif antiretrovirus preparatlarının klinik sınağı göstərmişdir ki, bir neçə ARV preparatlarla kombinə olumuş terapiya monoterapiyaya nisbətən daha effektlidir. Buna görə də, adətən, müxtəlif sinifdən olan bir necə antiretrovirus preparat eyni zamanda tətbiq olunur. Bu zaman həmçinin müalicəyə qarşı rezistentliyin (davamlılığın) inkişaf labüdlüyü azalır. Çox vaxt iki ƏTNİ və bir ƏTQNİ və ya iki ƏTNİ və bir Pİ kombinasiyasınadan istifadə olunur. Bəzi hallarda üç ƏTNİ kombinasiyası da mümkündür.
Adətən, spesifik terapiya xəstəliyin klinik əlamətləri və ya müvafiq immun status (CD4+ hüceyrələrin sayının qanın 1 millilitrində 350-dən az olması) və yüksək virus yükü (qanın 1 millilitrində 100000 kopiyadan artıq) olduqda tətbiq edilir.
ARVT yalnız mütəxəssisin təyini, həkimin nəzarəti altında protokol və göstərişlərə ciddi əməl olunmaqla aparılmalıdır. Dərmanların qəbul rejiminin pozulması bu preparatlara qarşı resistentliyin yaranmasına və onların təsirinin dayanmasına gətirib çıxara bilər. Bundan əlavə, ARV preparatların qəbulu zamanı yanaşı effeklər müşahidə oluna bilər. Dəmanların düzgün kombinasiyası həkim tərəfindən seçilməlidir.
Preparatların təsirinin nəticəsində müalicənin ilk aylarında virus yükü kəskin surətdə azalır, hətta müəyyən edilməyən miqdara qədər. Uzun müddətli və düzgün aparılan müalicə zamanı immun status göstəriciləri yaxşılaşır və CD4+limfositlərin sayı artır.
HİV-ləyaşayan insanlar müntəzəm olaraq mütəxəssis müayinəsindən keçməlidirlər. Bununla oppotunistik infeksiyaların profilaktika və müalicəsının vaxtında aparılmasına, ehtiyac olarsa, ARV-terapiyanın başlanmasına imkan yaranır. Müayinələrin dövrülüyü ÜST tövsiyyələrinə əsasən pasiyentin səhhətindən asılı olaraq həkim tərəfindən müəyyən edilir.