Körpə gün ərzində neçə saat yatmalıdır?
Maraqlı ve Meslehetli 373

Körpə gün ərzində neçə saat yatmalıdır?

Yeni doğulmuş körpələrdə yuxunun reqressiya etməsi fikri doğru deyil. Onların gecələr oyanması normal haldır. Üstəlik, bu, körpələri Ani Körpə Ölümü Sindromundan (SIDS) da qoruyur. Başqa sözlə, 12 saatlıq yuxu rejimi qızıl standart hesab olunmamalıdır.
Bütün yorğun valideynlər gecə körpələrinin yuxuya gedəcəkləri anı səbirsizliklə gözləyirlər.
Lazım olan qədər yatmaq?
Lent.az "BBC"yə istinadən xəbər verir ki, körpələrin az yatmasıyla bağlı narahatlıq yeni bir şey deyil. İlk "elmi" məsləhətlər 1897-ci ildə dərc edilib - rus həkim yuxu haqqında Londonun "Contemporary Science Series" nəşri üçün yazdığı kitabında körpələrin sutka ərzində 22 saat yatmalı olduğunu qeyd edib. Sonrakı yüz ildə bu müddət nisbətən qısaldılsa da, məsləhət görülən yuxu saatları körpələrin faktiki rejimindən təxminən 37 dəqiqə çox olub və onilliklər boyu valideynlərdə narahatlıq yaradıb.
Ekspertlər yuxunun körpələr və azyaşlılar üçün (və elə böyüklər üçün də) çox vacib olması fikrində həmrəydirlər. Yuxusuzluq kardiometabolik risk faktorları, yüksək DEHB riski və aşağı səviyyəli koqnitiv bacarıqlarla, həmçinin pis emosional tənzimləmə, akademik qabiliyyətlər və həyat keyfiyyətilə əlaqələndirilir.
Qreqori qeyd edir ki, ABŞ Milli Yuxu Fondu üç aylığına qədər olan körpənin 24 saat ərzində minimum 11, maksimum 19 saat olmaqla, 14-17 saat yatmasını tövsiyə edir. Amerikanın Yuxu Tibb Akademiyası isə dörd aydan kiçik körpələr üçün heç bir tövsiyə vermir. Bu təşkilatlardan heç biri gündüz və gecə yuxusunun miqdarıyla bağlı konkret tövsiyələr səsləndirmir.
Qrafikə əməl etmək faydalı ola bilərmi?
Gün ərzində yuxu (və qidalanma) saatlarının əvvəlcədən müəyyənləşdirildiyi bir rejimə, ya da saysız-hesabsız körpə yuxusu kitabları və pedaqoqlar tərəfindən qızıl standart hesab olunan "7-dən 7-yə" gecə qrafikinə (körpənin axşam 7-dən səhər 7-yə qədər yatması nəzərdə tutulur) əməl etməyə nə deyirsiniz?
İlk günlərdə belə cədvələ riayət etmək çətin ola bilər. Çünki bəzi fizioloji funksiyalar (böyüklərə yatmaq vaxtının gəldiyini xatırladan melatonin hormonunun ifrazı və bədən istiliyi ritminin yaranması) sağlam və vaxtında doğulmuş körpələrdə 8-11 həftədən sonra ortaya çıxır.
Onları gündüzlər işığa, gecələr qaranlığa "məruz qoymaq" bu funksiyaların işə düşməsinə kömək edə bilər.
Gregory deyir ki, yuxu tənzimlənməsi üzrə əsas nəzəriyyədə yatmağa və oyanmağa nəzarət edən iki mərhələnin olduğu qeyd edilib:
"Birincisi, homeostatik (nə qədər çox oyaq qalsaq, o qədər yuxulu olarıq düşüncəsi), ikincisi isə sirkadiyalı (gündüzün və gecənin müəyyən saatlarında daha yuxulu və ya daha oyaq olmamız) prosesdir. Körpələrdə hər ikisi zəif inkişaf etmiş olur. Balacalarla böyüklərin yuxu rejimləri arasındakı fərqi bununla izah etmək olar".
Təkbaşına yuxuya getmək: mif, yoxsa reallıq?
Yuxu proqramları, adətən, bircə tövsiyəyə əsaslanır: körpələr mümkün qədər qısa vaxt ərzində təkbaşına yuxuya getməlidirlər. Amma onları buna və ardınca da tək yatmağa məcbur etmək heç də asan deyil. Körpələrin nevroloji sistemləri hələ formalaşmamış olur, onlar öz himayədarlarının emosional tənzimləmələrinə, yuxuya getmək üçün sakitləşdirilməyə möhtacdırlar.
Finlandiyada 5700 uşaq üzərində aparılmış araşdırma zamanı valideynlərin yarısından azı körpələrin müstəqil şəkildə yuxuya getdiklərini bildirib.
Mindell və həmkarlarının keçirdiyi anket sorğusunda isə valideynlərin yarıdan bir az çoxu 9-11 aylıq körpələrinin təkbaşına yuxuya getdiyini deyib. Yerdə qalanların təxminən yarısı yatırtmaq üçün körpələrinə yemək verdiklərini, üçdə biri qucağında yatırtdığını, dörddə birindən çoxu isə qucağında yırğaladığını qeyd edib.
"Gecə yuxusu" kitabının müəllifi Mindell bildirir ki, valideynlər körpələrin təkbaşına yuxuya getməsinə kömək edəcək strategiyalar tətbiq etməlidirlər. Onun sözlərinə görə, körpəni sakitləşdirməyin onun inkişafına mane olacağını düşünmək üçün heç bir əsas yoxdur. Və gülərək bunları əlavə edir:
"Gecələr tez-tez oyanan körpələrdə müstəqillik qabiliyyətinin inkişaf etmədiyini düşünürsüzmü? Xeyr. Məncə, insanlar yuxuya həddindən artıq məna yükləyirlər. Halbuki çox fərqli şeylər baş verir".

Son xəbərlər