Latın Amerikasının nüfuzlu jurnalı Azərbaycanın tarixi uğurlarından yazıb
Muxtelif 281

Latın Amerikasının nüfuzlu jurnalı Azərbaycanın tarixi uğurlarından yazıb

Meksika və Latın Amerikasının ən böyük ali təhsil müəssisəsi olan UNAM universitetinin rəsmi "AAPAUNAM" jurnalında bu ölkədəki səfirimiz Məmməd Talıbovla müsahibə əsasında Azərbaycan haqda və Meksika ilə ikitərəfli əlaqələrimiz barədə geniş material yer alıb.
Azərbaycanın Meksikadakı səfirliyindən "Report"a bildrilib ki, redaksiyanın suallarına səfir M.Talıbov tərəfindən verilən cavablar əsasında hazırlanmış yazıda ölkəmizin ilk müstəqilliyi, AXC-nin qısa mövcudluq dövrü ərzində dövlət quruculuğu sahəsində qazandığı uğurlar, müstəqilliyin bərpasından sonra Azərbaycanın qarşılaşdığı çətinliklər, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında əldə olunmuş uğurlar barədə məlumat verilir.
Ardınca müasir Azərbaycanın iqtisadi nailiyyətləri, bu xüsusda, həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat-infrastruktur layihələri, ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi üçün aparılmış islahatlar, yeni yaradılmış sənaye parkları, o cümlədən Ələt Azad İqtisadi Zonası və onun xarici sahibkarlar, habelə meksikalı iş adamları üçün təqdim etdiyi səmərəli biznes imkanları haqda danışılır.
Azərbaycanın turizm sektorunun inkişafına da xüsusi yer ayrılmış yazıda paytaxt Bakı və regionlarda yaradılmış turizm infrastrukturu, habelə ölkəmizin zəngin iqlimi, rəngarəng təbiəti, dəyərli tarixi-memarlıq abidələri və mətbəxindən bəhs edilir.
Müsahibədə 40-a yaxın müxtəlif xalqların birgə, sülh içində yaşadığı Azərbaycanın zəngin çoxmədəniyyətlilik ənənələri ilə tanındığı, mədəniyyətlərarası dialoqun inkişafında önəmli rol oynadığı və qeyd olunan məsələlərdəki xidmətləri sayəsində Roma Papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığı qeyd olunur. Həmçinin ölkəmizdə əcnəbi tələbələr üçün olan geniş təhsil imkanları barədə məlumat verilir.
Yazıda həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı ərazilərinin 30 ilə yaxın davam etmiş işğalına son qoyduğu və hazırda azad edilmiş ərazilərin intensiv bərpası üzərində işlədiyi məlumat verilir.
Müsahibədə Azərbaycanla Meksika arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri haqda da söhbət açılır, bu xüsusda iki ölkə arasında siyasi və iqtisadi-ticari əməkdaşlığın genişləndiyi, xüsusilə ikitərəfli ticarət dövriyyəsinin son illərdə nəzərəçarpan dərəcədə artdığı qeyd olunur, habelə turizm, mədəniyyət və elm-təhsil sahələrində müsbət əməkdaşlıq təcrübəsindən bəhs edilir.

Son xəbərlər