Azərbaycanda yeni biznesə başlamaq istəyənlərin əsas problemləri - ARAŞDIRMA
Maraqlı ve Meslehetli 249

Azərbaycanda yeni biznesə başlamaq istəyənlərin əsas problemləri - ARAŞDIRMA

Ölkəmizdə öz işini qurmağa cəhd göstərənlərin sayı getdikcə artmaqdadır. Lakin əksər hallarda şəxsi biznes sahibi olmaq istəyənlər müxtəlif səhvlərə yol verirlər.
Əsasən də ilk addımda dilemma qarşısında qalırlar: öz biznesimi sıfırdan yaradım, yoxsa hazır biznes alaraq onu davam etdirim?
Mövzu ilə bağlı biznes təlimçisi Fuad İbrahimov "Report"a bildirib ki, seçim etmək biznesə qədəm qoyan şəxsin bacarıqlarından asılı məsələdir:
"Əgər həmin şəxs öz hədəf nöqtələrini bilirsə, o zaman hazır biznesi dəyərləndirə bilər. Lakin rəqəmsal olaraq aldanma faktını nəzərdən qaçırmamaq lazımdır. Kiminsə qonşusu bu biznesdə yaxşı olubsa, onu əsas tutaraq həmin biznesə girişib müflis olmağa dəyməz. Bacarıqlarına əmin olan və hədəflərini bilən adam hazır biznesə daxil olub onun dövriyyəsini itirə bilər. Bu gün ən dəyərli anlayış zamandır. Bu gün öz yerində qalmaq üçün belə, sürətlə qaçmalısan. Çünki ətrafda hər şey inkişaf edir. Bir sözlə, bu məsələyə differensial qaydada yanaşmaq lazımdır".
F.İbrahimov biznesə başlayan şəxslərin əsas çətinliklərinə də toxunub:
"Bizdə qanunvericiliyin əsas tələbləri barədə maariflənmə elə də yüksək səviyyədə deyil. "Bir pəncərə" sistemi vasitəsilə şirkət yaratmaq, qeydiyyatdan keçirmək olduqca sadədir. Amma hələ də əksər biznesə başlayan şəxslər üçün bu, əlçatmazdır.
Əksər kifayət qədər maliyyə dayanıqlığı olan şəxslər sadəcə bazara baxaraq qərar verirlər. Məsələn, ətrafında on nəfərin restoran açdığı şəxs on birinci olmağa qərar verir. O da müəyyən dövr işləyəndən sonra istədiyi mənfəəti qazana bilmir. Bakı şəhərinə nəzər salsanız, bir məkanda müxtəlif brendlərin qısa zamanda bir-birini əvəz etdiyini görə bilərsiniz. Bu, bazarı düzgün qiymətləndirməmənin nəticəsidir".
Biznes təlimçisi uğurlu iş adamlarının keyfiyyətlərindən də danışıb:
"Azsaylı uğurlu iş adamları hədəflərini, qabiliyyətlərini, menecerliyi, işçiləri ilə ünsiyyət qaydasını bilən şəxslərdir. Bu, peşədən asılı məsələ deyil. Hətta dövlət işlərində də menecerlik, idarəçilik qabiliyyəti ilə bağlı məsələlərin qabardıldığını görə bilərik.
Biznesin parametrlərini bilmək ən önəmli göstəricidir. Hər bazarı görən şəxs onu düzgün qiymətləndirə bilmir. Biznesdə təsadüfi adamlar çox olduğu üçün müflisləşmə faktları da çoxdur".
Ölkəmizdə xaricdə biznes qurmağa meyilli şəxslərin sayı da az deyil. Əksəriyyət düşünür ki, əlində müəyyən qədər məbləğ varsa, Avropada istənilən biznesi qurmaq olar. Əslində bu necədir?
Bu barədə Avropada biznes quran soydaşımız Nəzrin Əhmədova məlumat verib.

"Məsələn, İspaniyada biznes qurmaq üçün ya şirkət aça, ya da fiziki şəxs kimi işləyə bilərsən. Bu proses bəzən çətin, bəzən də asan olur. Əsas məsələ fəaliyyət növüdür. Bəzi fəaliyyət növlərinə lisenziya tələb olunur, onlara daha ciddi yanaşırlar. Amma ümumilikdə hər bir fəaliyyət növündə son zamanlar çox yüksək tələblər qoyulub. Buraya peşəkarlığını sübut etmək üçün diplomlar, həmin sahəyə aid kursları bitirmək tələbi aiddir. Başqa ölkədə aldığın diplomu İspaniyada mövcud olan müvafiq diplomlara uyğunlaşdırmaq gərəkdir.
Bundan əlavə, İspaniyada pul yatırmaqla da biznes açmaq olur. Amma mütləq ispanları işə götürmək lazımdır. Yoxsa biznes fəaliyyətinə icazə vermirlər. O da hər-hansı kapitala bağlanır", - deyə N.Əhmədova bildirib.
Soydaşımız İspaniyada biznes qurmağın asan olmadığını dilə gətirib:
"Mən burada fiziki şəxs kimi fəaliyyət göstərirəm. İspaniyada çox böyük bürokratiya var. Belə ki, göndərilən sorğuya istədikləri vaxt cavab verə bilərlər. Məsələn, yoldaşım da fiziki şəxs olmaq üçün sorğu göndərmişdi. Ona iki həftədən sonra cavab gəldi. Amma məndə bu proses altı ay çəkdi. İspaniyada belə işlər olur. Birinə icazə verirlər, digərinə isə səbəb belə göstərilmədən imtina cavabı gəlir".
Qeyd etmək lazımdır ki, ölkədə biznes yaratmadan da gəlir əldə etmək mümkündür. Bunun üçün maliyyə bazarına üz tutmaq lazımdır.
İnvestisiya şirkətlərindən birinin aktivlərin idarə edilməsi şöbəsinin rəhbəri Ramil Səmədov deyir ki, qısa müddət ərzində beş min və ya on min manat həcmində vəsait toplayan şəxslərin pulla davranış qaydalarında fərqliliklər mövcuddur:
"Böyük qisim qeyd olunan məbləği sadəcə banka depozit kimi yerləşdirərək müddətin sonunu gözləyir və pul sahibi nəticə etibarı ilə 10 000 manat qarşılığında 800-900 manat qazanc əldə edir. Əlbəttə ki, digər seçim edənlər də var.
Burada psixoloji məqama diqqət etsək, son illərdə az vəsaitlə iş qurmaq istəyənlərin sayında artım görünür. Biznesə cəhd etmək bütün mənalarda müsbət tendensiya hesab edilsə də, vəsait sahiblərinin böyük qisminin pul itirdiyi aşkar məsələdir".
10 000 manat pulu olan insanlar vəsaitlərini necə idarə etməli və haraya yatırım etməlidirlər? Bu suala cavab verən R.Səmədov istiqraz almaq variantını təklif edib:
"Yerli şirkətlərimizin istiqrazlarını alaraq illik 8-14% arası qazanmaq mümkündür. Bəzi şirkətlər öz sahəsində əsaslı bazar payına sahibdir və maliyyə hesabatlılığı dövri olaraq ictimaiyyətə açıqlanır. İnvestorlar ilk növbədə yatırım edəcəkləri şirkətlərin maliyyə dayanıqlılığını analiz etməlidirlər və yaxud da bu işin peşəkarından məsləhət almalıdırlar.
İstiqrazları onun əsas alternativi olan bank depoziti ilə müqayisə etdikdə bir sıra üstünlüklər aşkar görünür.
Faizləri aylıq almaqla ən çox gəlir qazandıran bank 10,5% təklif edir, birjada ticarəti olan istiqrazların gəlirliliyi isə 11-14% həcmindədir.
Bank depoziti pulun vaxtından əvvəl çıxarılması halında faizlərin qaytarılması üçün əlavə şərtlər qoyur, istiqrazlarda isə toplanmış faizlərlə yanaşı, birjada daha baha qiymətlə satmaq mümkündür ki, bu da investora vəd olunandan daha artıq qazandıra bilir.
İstiqrazlar bank depozitindən fərqli olaraq girov predmeti kimi istifadə oluna bilir.

İstiqrazlar şirkətlərin əsas borclanma mexanizmi olaraq əvvəlcədən təyin olunan faizləri investorlara ödəyən qiymətli kağızlardır. Açıq birja əməliyyatlarını izləyərək bazarda istiqrazların hansı gəlirliliklə alınıb-satıldığını bilmək olar və bu, investora mövqeyini müəyyən etməkdə çox kömək edəcək. Həmçinin investisiya şirkətlərindən investisiya məsləhəti alaraq riskləri azaltmaq da mümkündür.
İstiqraz almağın ən mühüm cəhəti isə risklərin diversifikasiya edilə bilinməsindədir. Müxtəlif sahələrdə (tikinti, sənaye, maliyyə, logistika və s.) olan şirkətlərin qiymətli kağızlarından investisiya səbəti formalaşdıraraq riskləri minimuma endirmək olar. Yəni tutaq ki, tikinti sahəsində geriləmə olarsa, investor investisiya səbətindəki maliyyə sahəsinə aid olan qiymətli kağızlarla itkilərini minimallaşdıra bilər".

Son xəbərlər