16
марта
2017
17:46
"Qəzada xəsarət alan tələbələri vecinə alan yoxdur"
Məlum olduğu kimi, martın 9-da Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza nəticəsində 6 nəfər həyatını itirmişdi. Həlak olanların hamısı Sumqayıt Dövlət Universitetinin tələbələri idi.
Qəzada həlak olanlarla yanaşı, həm də onlarla yaralı var idi. İlk günlərdə hadisə gündəmdə olduğu üçün yaralılara yüksək diqqət var idi. İndi isə onlara qarşı biganələyin olduğu deyilir.
BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, bu haqda yaralı tələbələrdən biri olan Aytən Quluzadənin bacısı Ayşən Quluzadə məlumat verib. Ayşən Quluzadə öz bacısı daxil olmaqla Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasında yatan yaralıların diqqətdən kənarda qaldığını deyir: "Qəzada xəsarət alan tələbələri vecinə alan yoxdur. Məmurlar gəlib qəza günü yalandan tələbələrin başlarını sığallayıb mediaya "poza verib" çıxıb getdilər. Əvvəl tapşırıq var idi deyə maraqlanırdılar. İndi tələbələrlə maraqlanan yoxdur.
Bir neçə gün öncə oradakı həkimə dedik ki, xəstəmizi Bakıya aparmaq istəyirik. O da bizə belə cavab verdi: "Köçürülmə zamanı baş verəcək bütün hadisəyə görə məsuliyyətin sizə aid olması ilə bağlı gərək sənəd imzalayasınız. Olmasa mümkün deyil". Çarəsiz tərpətmək olmaz deyə qalmağına razılaşdıq. Dünən də bacımın yenə vəziyyəti pisləşib. Yenə həkimi yox idi. Başqa həkim gəlib baxdı. Zəng vurduq icra hakimiyyətinə. Dedilər ki, maraqlanacaqlar. Saatlar keçib, amma nə səs var, nə soraq. Bu qədər də olmaz".
A.Quluzadənin sözlərinə görə, problemi həll etməyin yolu məsələni yenidən gündəmə gətirməkdir: "Bu qədər KİV-lər var. Media bu məsələni gündəmdə saxlasa, bu məsələni araşdırsa, digər qurumlar da məcburən də olsa, öz xoşuna da olsa, problemlə maraqlanacaqlar".
Sumqayıt Şəhər İcra hakimiyyətindən verilən məlumata görə, məsələ daimi onların diqqətindədir: "Hadisə baş verdiyi andan etibarən icra başçısı bizə bununla bağlı xüsusi tapşırıq verib. Məsələ daimi diqqətimizdədir. İcra hakimiyyətindən hər gün bir nümayəndə xəsarət alanların durumu ilə yaxından maraqlanır".
Musavat.com-un əməkdaşı Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi Rauf Sadıqovla da əlaqə saxlayıb. Baş həkim ittihamlara belə cavab verdi: "Bizim xəstəxanaya tez-tez ağır xəstələr gətirilir və aparılır. Gecə-gündüz işləyirik. Bəhs edilən xəstə artıq sağalmaq üzrədir. Bəli, məcbur olub palatasına başqa xəstə qoyulub. Buna görə narahatlıq ola bilər. Amma diqqətdən kənarda qalmaq deyə bir şey yoxdur. Həm biz, həm icra hakimiyyəti, həm də səhiyyə şöbəsi tərəfindən Aytən xanıma diqqət var".
Baş həkim xəstənin başqa xəstəxanaya köçürüləcəyini deyib: "Bu gün səhiyyə şöbəsinin müdiri Nəriman həkim gəldi və bir yerdə qərar verdik ki, xəstə Sumqayıt şəhər 1 nömrəli xəstəxanaya köçürülsün. Əslində evdə də müalicə oluna bilər. Amma biz diqqətdə saxlamaq üçün 1 nömrəli xəstəxananın nevroloji şöbəsinə köçürməyə qərar verdik. Heç bir problem yoxdur. Xəstə diqqətimizdədir".
Ayşən Quluzadə isə bildirib ki, hazırda Daxili İşlər Nazirliyindən gəliblər və onun yaralı bacısı DİN-in hospitalına aparılacaq.