Rusiya və ABŞ generalları Bakıda razılığa gəldi
Siyasət 872

Rusiya və ABŞ generalları Bakıda razılığa gəldi

Rusiya və ABŞ generalları Bakıda razılığa gəldi


Bakıda Rusiya və ABŞ-ın hərbi liderlərinin-- ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Cosef Danford və Rusiya Federasiyasının baş qərargah rəisi Valeri Qerasimovun görüşüb. Bu, iki ölkənin hərbi liderləri arasında 2014-cü ildən bəri ilk üzbəüz görüşdür.

Görüşdən əvvəl «The New York Times» qəzetinin yazdığına görə, görüşü təşkil etmək asan olmayıb, bu haqda müzakirələr aylarla davam edib. Öncə Rusiya amerikalı generalın Moskvaya, ya da Belarus paytaxtına gəlməsini istəyib. Amma Pentaqon görüş üçün Şərqi Avropanı üstün tutduğunu bildirib. Ancaq Ukrayna məsələsindən sonra Avropa Birliyi digər Rusiya rəsmiləri kimi V.Qerasimov- da sanksiya qoyduğundan, bu plan da gerçəkləşməyib. Nəhayət, tərəflər neytral şəhər kimi Bakını seçiblər.

Generalların Bakı görüşünün mövzusu haqda detallı bilgi verilmir. Pentaqonun yaydığı məlumatda görüşdə ABŞ və Rusiyanın hərbi münasibətlərinin, mümkün problemləri önləməkdən ötrü vacib olan əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi deyilir.

Rusiyayla ABŞ-ın hərbi münasibətlərinin yolunda olmadığı hamıya bəllidir. Elə keçən həftə Pentaqon rus qırıcılarının Qara dənizdəki ABŞ gəmiləri ətrafında təhlükəli manevrlər etdiklərini bildirib. NATO rəsmiləri belə insidentlərin son zamanlar adi hal aldığını vurğulayırlar. Bundan başqa, Rusiyanın sərhədlərinə qanadlı raketlər düzməsi durumu gərginləşdirib, ABŞ Moskvanın bununla ortaməsafəli raketlər haqda 1987-ci ildə bağlanmış müqavilənin şərtlərini pozduğunu deyir. Moskva ittihamları rədd edir.

Odur ki, hərbi liderlərin görüşünün səmərəsi haqda fikirlər müxtəlifdir. Bəzi ekspertlərin fikrincə, ABŞ prezidenti D.Tramp Rusiyayla münasibətləri yoluna qoymaq niyyətini bildirsə də, onun administrasiyasının Moskvaya münasibəti hələ aydın deyil.

«Məncə, əvvəl xalqa bu administrasiyanın Rusiyayla bağlı strategiyasını anlatmaq, sonra yaxınlaşmaq lazımdır… İşi iş görmək xatirinə görməməliyik. Aydın məqsədlər olmadan yaxınlaşmaq Rusiyanın dəyirmanına su tökmək olar». Bunu B.Obama administrasiyası zamanı müdafiə nazirinin köməkçisi vəzifəsini yerinə yetirmiş Elissa Slotkin «The New York Times»a müsahibəsində deyib.

Amma hərbi liderlər əməkdaşlığa nail ola biləcəklərmi? «The New York Times» qəzeti Rusiyanın baş qərargah rəisi V.Qerasimovun bir qədər mübahisəli şəxs olduğunu qeyd edir. 2013-cü ildə məhz V.Gerasimov məqalələrindən birində kiber-hücumların əsaslarından və «hibrid» müharibənin müxtəlif formalarından bəhs edirdi. «Qerasimov Doktrinası» adlanan yazıda müharibəylə sülh arasındakı sərhədi ayırmağın get-gedə çətinləşəcəyi və proksilərdən, gizli taktikalardan istifadənin güclənəcəyi vurğulanırdı.

General C. Dunford isə 2015-ci ildə vəzifəyə təyinatıyla bağlı dinləmələrdə Rusiya haqda narahat ifadələriylə yadda qalmışdı. «Mənim fikrimcə, Rusiya bizim milli təhlükəsizliyimizə ən böyük təhdiddir…Onların davranışları yalnız həyəcan doğurur»,- demişdi.

«Amma general Bakıya gəlirsə, görünür, görüşünün səmərə verəcəyinə, ən azı, münasibətləri yoluna qoymaqdan ötrü başlanğıc olacağına ümid edir». «The New York Times» belə yazıb.

Görüşdən sonra Rusiya Müdafiə Nazirliyi aparılan müzakirələrlə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, Rusiya və ABŞ Baş qərargahlarının rəisləri Bakıdakı görüşdə gərginliyin azalması və riskli hadisələrin yaranmasının qarşısının alınması üçün birgə tədbirlərin görülməsi üzrə razılığa gəliblər.

Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

"Hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması, gərginliyin və risklli hadisələrin yaranmasının azalması üzrə birgə işin istiqamətləri müəyyən edilib", - deyə cümə axşamı "İnterfaks-AVN"ə daxil olan xəbərdə vurğulanıb.

Qərargah rəisləri Rusiya-Amerika münasibətlərinin cari vəziyyəti, həmçinin Avropada, Yaxın Şərqdə, Şimali Afrikada və dünyanın başqa əsas regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi barədə fikir mübadiləsi aparıblar./bizimyol/

Son xəbərlər