23
ноября
2016
20:21
Eldar Mahmudovun ən ağır günü
Bu il artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sonuncu rəhbəri Eldar Mahmudovun 60 yaşı tamam olub. Mahmudov yubiley yaşını heç vaxt proqnozlaşdırmadığı kimi - sadəcə, ailə üzvləri ilə qarşılayıb. Əlbəttə, əgər buna “qarşılamaq” demək mümkündürsə. Onun yubiley yaşını dilxorçuluq və hüzn müşayiət edib.
BiG.AZ xəbər verir ki, bu barədə qaynarinfo.az-a daxil olan məlumatda bildirilir ki, yubiley yaşının ovqatından çox-çox uzaq olan Eldar Mahmudov, həm də son illərdə ilk dəfə bahalı ad günü təbriklərindən məhrum qalıb. “İstər 1993-cü ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edildikdən, istər bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkildikdən sonra, istər 1993-2003-cü illərdə eyni nazirliyin İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyərkən, istərsə də 2004-cü ilin əvvəlindən Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra Eldar Mahmudovun şəxsi həyatındakı əlamətdar günlər öz təmtərağı ilə yadda qalıb. 2004-cü ildə milli təhlükəsizlik naziri vəzifəsinə təyin edildikdən sonra isə Mahmudovun xüsusilə ad günləri dəbdəbəsi ilə seçilib. Ona belə günlərdə kifayət qədər bahalı hədiyyələr edilib. Bu sırada dəyəri bir neçə milyon manatla ölçülən mülklərdən tutmuş, nadir və yüksək qiyməti olan qızıl-zinnət əşyaları hədiyyə edilirdi”, - deyə saytımıza məlumat verən mənbə bildirib.
“Maraqlıdır ki, əksər nazirlərdən fərqli olaraq, Eldar Mahmudov MTN “şefi” olarkən konkret doğum gününü ictimaiyyətdən gizlədib. Şərq təqviminə görə, o, Meymun ilindəndir (1956-cı il), hansı ayda və gündə doğulduğu bilinmədiyi üçünsə onun bürcü barədə nəsə demək çətindir”, - deyən qaynağımız bununla belə, bir sıra nüfuzlu vəzifə və biznes sahiblərinin keçmiş nazirin ad günü barədə məlumatlı olduğunu, ona kifayət qədər böyük məbləğlərlə ölçülən hədiyyələr verildiyini bildirib.
“Mahmudovun ən səssiz, sönük ad günü isə onun 60 illiyi olub. 2015-ci ilin oktyabrında gözlənilmədən vəzifəsindən kənarlaşdırılan, ardınca isə özünün və yaxın ətrafının daxil olduğu cinayətkar şəbəkə barədə sensasion məlumatların ortaya çıxdığı, hazırda vaxtilə əmrində olmuş kifayət qədər yüksək çinli şəxslərin qanunsuz əməllərə görə məhlkəmə qarşısına çıxarıldığı keçmiş MTN “şef”inin yubileyi təbii ki, ailə üzvlərindən başqa heç kimin yadına düşməyib. Onun ən yaxın qohumları isə Mahmudovu indiki vəziyyətində təbrik etməyi ya lazım bilməyiblər, ya da buna cəhd etməkdən ehtiyatlanıblar”, - deyə Qaynarinfo.Az-a daxil olan məlumatda vurğulanır.
Bir sözlə, cəmi bir il əvvələdək ad günləri kiminsə onun gözünə girməsi üçün fürsətə çevrilən, elə ona görə də bahalı, gözqamaşdırıcı hədiyyələrlə müşahidə olunan Eldar Mahmudov indi 60 illik yubileyində telefon zənginə belə həsrət qalıb.
Bu yerdə isə yada məşhur bir atalar sözü düşür: Kiminin əvvəli, kiminin axırı...