10
ноября
2016
01:55
14 yaşlı qız özündən böyük kişiyə ərə getdi, qanaxmadan öldü - Bərdədə FACİƏ
Bir gün Bərdə rayonunda nişan məclisinə qonaq getmişdim. Nişanda xeyli qadın iştirak edirdi. Qadınların arasında bir xanım sakit-sakit ağlayırdı və digərləri ona təskinlik verirdilər. Bu hadisə mənim diqqətimi cəlb etdi və yanımda əyləşən xanımdan nə baş verdiyini öyrəndim. Ağlayan qadının adı Nəsibə idi. Məlum oldu ki, Nəsibə xanımın həyat yoldaşı ilə bir kişi uzun illərin dostu imişlər. O vaxt onlar belə razılığa gəliblər ki, övladlarının bir-birinə ad eləsinlər. Xalq arasında buna "Göbək kəsdi" də deyirlər. Nəsibə xanımın qızı həmin oğlandan 8 yaş balaca imiş. Qızın adı Cəmilə idi. Cəmilə 9-cu sinifə çatanda artıq oğlan tərəf toy etmək fikrinə düşür. Səbəb də bu olub ki, oğlanın nənəsi xəstədir nəvəsinin toyunu görmək onun son arzusudur.
Lakin, Cəmilənin 14 yaşı olduğundan nikaha girə bilməzdi. Cəmilə fizioloji baxımdan çox zəif və cılız bir qiz idi. Buna görə də, Cəmilə nə fizioloji baxımdan, nə də psixoji cəhətdən də bu nikaha hazir deyildi. Artıq Nəsibə xanımın ailəsi oğlan tərəfin toy etmək istəklərinin qarşısında bir söz tapa bilmədikləri üçün toya razılıq verirlər. Balaca qızcığaz 10-cu sinifin axırlarına çatmamış bu toy baş tutur. Evlilikdən bir müddət sonra ailədə söz-söhbət yaranır. Hətta, söz-söhbətə görə heç bir ilin gəlini olmayan Cəmiləni ailəsinə geri qaytarırlar. Ağsaqqalar işə qarışdıqdan sonra Cəmilə yenidən ər evinə qayıdır. Ailədəki münaqişənin əsas səbəbi Cəmilənin hamilə qala bilməməsi olur. Oğlanın anası qızı həkimə aparır, iynə-dərmanla Cəmilə hamilə qalır.
Amma doğuşdan bir neçə ay əvvəl həkim bu doğuşun təhlükəli olduğunu ailəyə bildirir. Lakin ailə bu xəbərdarlığa laqeyd yanaşır. Həm ailədə baş verən dedi-qodu, həm də Cəmilənin az yaşlı olması və evliliyə hazır olmaması onun dünyaya uşaq gətirə bilmə qabiliyyəti riskini daha da artırır. Doğuş zamanı baş verən hadisə hər kəsi şoka salır. Çox ağır keçən doğuşda həkimlər nə Cəmilni, nə də bətnində olan əkiz körpələri xilas edə bilir, ana və iki körpə dünyasını dəyişir. Bu azyaşlı qız valideynlərin və cahil adətlərin qurbanı olur. Halbuki, onun həyatı tamamilə fərqli ola bilərdi. Əgər Cəmiləni ailəsi oxutsaydı, ona təhsil və şəxsi seçim azadlığı versəydi, indi sahib olduqlari tək övladlarını itirməzdilər.
İndi həmin ana nişanı olan qıza baxdıqca, öz qızını xatırlayıb ağlayırdı. Yeganə övladını nələrə qurban verdiyini anlayırdı. Cəmilə yadına düşmüşdü. Amma, Cəmilə daha həyatda yox idi. O "Göbək kəsdi"nin qurbanı olmuşdu. Ana bunu anlayır, buna ağlayırdı.
Ailə qurmaq gözəl bir hadisədir, amma hər şeyin bir vaxtı var və hər şeyi öz vaxtında edəndə daha məqsədə uyğun olur. Çalışın uşaqlarınızı, övladlarınızı qoruyun, onların möhvümatın və köhnəlimiş ənənələrin qurbanına çevrilməsinə etinasız qalmayın. Övladlarınıza sizlərin arzuladığı yox öz arzuladığı həyatı yaşamaq imkanı tanıyın. Əmin olun ki, onlar özlərinə xöşbəxtlik arzulayır və xöşbəxt arzularını gerçəkləşdirmək uşaqlarınızın ən böyük haqqıdır. Bir parçanız olan uşaqlarınızın bu xoşbəxtliyini cəmiyyətin çürük və anlamsız "qanun"larına qurban verməyin!
ZAMANI HEÇ VAXT GERİ QAYTARMAQ OLMUR!!!
BMT-nin hesabatlarına görə, 2011-2020-ci illər arasında 140 milyon qız erkən nikaha daxil olacağı ehtimal edilir və 140 milyon qızdan 50 milyonunun yaşı 15-dən aşağı olacaq. Bu o deməkdir ki, problem aktualdır və aktual olaraq da qalacaq. Hər kəsi bu problemlə mübarizəyə çağırırıq! (qaynarinfo)