15
ноября
2020
03:00
27 illik fərqlə Kəlbəcərdən köç... - Foto+Video
Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini müvafiq cədvəl əsasında dekabrın 1- nə kimi qeyd-şərtsiz tərk etməlidir.
İlk olaraq 15 noyabr tarixində Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə veriləcək. Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin yerinə yetirilməsi deməkdir. Bildirək ki, qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, indiyədək bu öhdəliklər yerinə yetirilməyib. Azərbaycan ordusu işğalçını təslimetmə əməliyyatını və 27 ildir yerinə yetirilməyən BMT qətnamələrinin icrasını da həyata keçirir.
Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Artıq erməniləri qeyri-qanuni yaşadıqları Azərbaycan torpaqlarını tərk edirlər. 27 il öncə azərbaycanlılar öz doğma yurdları olan Kəlbəcərdən qovularkən üzləşdikləri problemlərlə müqayisədə ermənilərin qanunsuz yaşadıqları əraziləri rahat şəkildə tərk etməsinə imkan yaradılır.
Onlar təhlükəsiz şəkildə və atəşə məruz qalmadan rahatlıqla Kəlbəcərdən çıxır. Ancaq ermənilər Kəlbəcəri tərk edərkən vandalizm niyyətlərindən əl çəkmirlər. Meşələri yandırır, təbiətə ziyan vururlar. Həmçinin yaşadıqları evləri də benzinlə yandırırlar. Gedərkən evlərin dam örtüyünü, unitazlarını belə söküb aparırlar. Beynəlxalq mediada, eləcə də erməni KİV-lərində yayılan foto və videolarda ermənilərin Kəlbəcərdə yaşadıqları və yaşamadıqları evlərə od vurduğu kadrlar da işıqlandırılıb.
"Sputnik Ermənistan"ın çəkiliş qrupu Kəlbəcərdən çıxan erməni əhalisinin fotolarını yayımlayıb. Fotolarda aydın görünür ki, ermənilər əsasən bütün əşyalarını yük maşınlarına yükləyərək, daşıyırlar. Hətta mal-qaranı da rahat şəkildə apara bilirlər. Rusiyanın "RBC" agentliyinin Kəlbəcərdəki müxbiri Aleksandr Atasuntsev yazır ki, ermənilər gedərkən evləri qəsdən yandırırlar. Hətta məktəb binasına da od vurulub. BBC-nin reportajında evi yandıran erməni belə deyir: "Mən yaşamıramsa, heç kim yaşamasın". Bütün bunlar sadəcə vandallıqdır. Belə ki, Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, qabaqcadan razılaşdırılmış müddət ayırıb. Lakin erməni tərəfi işğal zamanı bunların heç birini etməyib.
Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalidən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün yetərlidir.(axşam.az)