15
ноября
2020
02:56
Paşinyandan başqa heç kim bilmirmiş - Mnatsakanyanın...
Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın da baş nazir Nikol Paşinyanın kapitulyasiya bəyanatını imzalayacağından xəbəri yox imiş.
Bu barədə "Qraparak" erməni nəşri bildirir.
Qəzet bu günlərdə bir çox məmurun "yer altına" girdiyinə, amma ən qəribəsi xarici işlər nazirinin susqunluğuna diqqət çəkib. Bildirilib ki, bu məğlubiyyət təkcə ordunun yox, həm də diplomatiyanındır.
"Bizə bir gün əvvəl Xarici İşlər Nazirliyinin rəhbərliyinin toplandığı və Nikol Paşinyanın belə bir mətni imzalayacağından xəbərsiz olduğunu söylədilər. Oradakılar bu sözlərdən son dərəcə qəzəbləndilər, nazirə inanmadılar və üzünə ağır ittihamlar etdilər. Nazir müavinlərindən biri bu teatra şahid olmaq istəmədiyini bildirərək iclası yarımçıq tərk etdi. Xarici İşlər Nazirliyinin illərdir bu və ya digər dərəcədə danışıqlar prosesinə qatılan işçilərinin əksəriyyəti hadisəni bağışlanmaz hesab edir və Zoqrab Mnatsakanyanın da istefa etməli olduğunu düşünür", - qəzet yazıb.
Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan 10 noyabrdakı açıqlamasında bəyanat haqqında mediadan xəbər tutduğunu, bunun onun üçün sürpriz olduğunu bildirmişdi.(publika.az)