27
октября
2020
17:13
"Müğənnilərin hərbi geyim geyinməsi ikrah hissi və gülüş doğurur" - HƏRBİ EKSPERT
Azərbaycanda hərbi vəziyyətlə bağlı bəzi şəxslər, xüsusən də müğənnilər hərbi formalar geyinirlər. Hətta bunun üçün hərbi hissələrə yaxın yerlərə gedərək fotosessiya edənlər də az deyil.
Hərbi ekspert Ruslan İmanquliyev Trend-ə açıqlamasında bildirib ki, həmin şəxslərin hərbi forma geyinməsi qanunla qadağandır. Onun sözlərinə görə hərbi formanı hazırda xidmətdə olan və ehtiyatda olan hərbçilər geyinə və hərbi rütbəni daşıya bilərlər. Çünki həmin şəxsin hərbi biletində uniforma daşıya bilməsi ilə bağlı qeyd bölümündə bu göstərilib. Bunu istənilən şəxs geyinə bilməz. İcazəsi olmayan şəxsin hərbi forma geyinməsi, hərbi rütbə daşıması cinayətdir.
Maraqlıdır, hərbi geyimdən istifadə etməyə kimlərin icazəsi olmalıdır? Müğənnilərin belə geyimlərlə özlərini reklam etməsi necə qarşılanır?
MAY.AZ xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a hərbi ekspert Ramil Məmmədli münasibət bildirib:
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnaməsinə görə, bu hal yolverilməzdir.
Nizamnamədə hərbi geyimdən istifadə etmək geyimin hansı qoşun növünə daxil olması ilə bağlıdır. Yalnız həmin qurumun rəhbəri tərəfindən icazə verilsə, geyimdən istifadə edlə bilər. Məsələn, Azərbaycan ordusunun xidməti geyimindən istifadəsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən icazə verilir.
Müharibə veteranları, yaxud hərbi xidmət veteranlarının, ümumiyyətlə hərbi xidmətdə olan şəxslərin müəyyən mərasimlərdə, vətənpərvərliklə bağlı olan hərbi paradlar zamanı həmin geyimdən istifadəsi mümkündür. İkinci dünya müharibəsindən sonra keçirilən müəyyən paradlar və tədbirlərdə insanlar hərbi forma geyiniblər. O da çox az hallarda müşahidə olunub. Burada söhbət yenə də rütbəli şəxlərdən gedir.
Təəssüf ki, son vaxtlar bizim hərbi geyimlər müğənnilər, şou biznes nümayəndələri tərəfindən geyinilir, hətta onlar geyimlərinin üzərinə baş leytenant, polkovnik kimi hərbi rütbələr də taxırlar. Bu yolverilməzdir, ikrah hissi doğurur, gülüş doğurur. Belə hallar ümumiyyətlə doğru deyil".