16
октября
2020
14:52
Astarada evə basqın olub, qadın öldürülüb
Prokurorluq orqanlarının fəaliyyətinin əsas prioritet istiqamətlərdən biri, gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etmək və təqsirkar şəxslərin ifşa olunmaqla cinayət məsuliyyətinə cəlb olunmasıdır.
Astara rayon prokurorluğundan "Report"a verilən məlumata görə, Astara rayonu, Çayoba kənd sakini, 1964-cü il təvəllüdlü Aslanova Rəhimə Ağacan qızının 01.10.2020-ci il tarixdə yaşadığı evdə üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Peşəkar prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmiş şəxsin həmkəndlisi Heydərov Rüstəm Qulamhüseyn oğlunun özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Rəhimə Aslanovanın yaşadığı evə həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rüstəm Heydərov 15.10.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.