Qardaşı da onu axtarır, həyat yoldaşı da: biri öldürmək üçün, digəri...
Sosial 869

Qardaşı da onu axtarır, həyat yoldaşı da: biri öldürmək üçün, digəri...

Qardaşı da onu axtarır, həyat yoldaşı da: biri öldürmək üçün, digəri...


"Təmiz Dünya" İctimai Birliyinin sığınacağında onlarla kimsəsiz qadın var. Valideynləri tərəfindən atılan, həyat yoldaşları tərfindən işgəncələrə məruz qalan, aldadılan, atılan onlarla qadın…

Onlardan biri də 27 yaşlı Gülaydır. O, öz səhvlərinin qurbanı olub. Belə ki, ailəsinin narazılıqlarına önəm verməyən Gülay, 2006-cı ildə öz xalası oğluna qoşularaq qaçır. Əzablı günlər də bundan sonra başlayır.

"Xalamoğlunu sevirdim. Ailə qurduq. 2007-ci ildə bir qızım dünyaya gəldi. Amma xalam məni yola vermirdi. Tez-tez mübahisələrimiz olurdu. 2012-ci ildə xalamoğlundan ayrıldım. O, məndən ayrılandan sonra iki dəfə ailə həyatı qurdu", — deyir Gülay. Bir müddət atasının evində – Ağstafada yaşayan qadın, 2014-cü ildə Bakıya gələrək yenidən ailə həyatı qurur. Amma nə rəsmi, nə də dini nikah bağlanıb. Sadəcə bir yerdə yaşayıblar.

"İkinci həyat yoldaşımla həmyaşıd idik. Məni qızımla qəbul etdi və birbaşa ailəsinin yanına apardı. Valideynlərinə məni sevdiyini, mənimlə evləndiyini bildirdi. Valideynlərinə deyirdi ki, əgər məni qəbul etməsələr, o da evdən çıxacaq. Ailəsi Masazırda kirayədə qalırdı. Evin böyük oğlu olduğu üçün, valideynləri razılaşmalı oldular. Biz də ayrı ev kirayələyib yerləşdik", — qadın danışır.

Ramalın valideynləri Gülayı qəbul etsələr də, şərt qoyurlar ki, "övlad dünyaya gətirməlisən". Və qadının ikinci ərindən bir uşağı dünyaya gəlir. Sən demə, problemlər hələ qabaqdaymış.

Əvvəllər Ramalın anası və qardaşı ona qarşı mehriban davranıblar: "Qızımı da çox istəyirdilər. İndi də qızım qaynımla nəfəs alır. Ancaq elə ki, ikinci övladın — oğlum dünyaya gəldi, onlar mənim qızımla çox kobud davranmağa başladılar. Bütün diqqət oğluma yönəldi, qızımı sanki unutmuşdular. Onu oğluma əl vurmağa qoymurdular. Nə qədər yoldaşımı başa salmaq istəyirdimsə, alınmırdı. Evdə qızıma qarşı ayrı-seçkilik salmışdılar. Uşağı çox incidirdilər. Yoldaşıma deyirdim ki, ola bilsin sən qızımı istəmirsən, amma onların ikisinin də anası mənəm".

Artıq qaynanası Gülayın ailəsinə müdaxilələr etməyə başlayır. "Yanında uşaq gəlmisən, dilin qısa olmalıdır" kimi atmacalar atır: "Evdən dava-dalaş əskik olmurdu. Evin sahibi də bu davadan bezmişdi. Tələb etməyə başladı ki, biz o evdən çıxaq. Qaynım da evləndiyi üçün kirayə çıxmağa məcbur qalmışdıq. Bundan başqa, yoldaşım mənimlə dava edən kimi gedirdi evdən. Sanki mən kişi, o, qadın idi. Hər dəfə gedəndə 3-4 gün gəlmirdi. Evdə ailə sirrimiz yox idi — gecə söhbətlərinə qədər hər şeyi anasına danışırdı".

Ramal Gülayın sıxışdırmağına, qızına baxmamaqla yanaşı, uşağın atası ilə görüşməsinə də icazə verməyib: "Atası zəng edirdi, qızı görmək istəyirdi. Ramal onu acılayıb, telefonu bağlayır və evdə dava salırdı. Qızımı atası ilə danışmağa da qoymurdu. Deyirdi, onunla bütün əlaqə kəsilməlidir. Həmişə dava salanda deyirdi ki, "qızını da götür, get". Çünki sənədlərim qaydasında olmadığı üçün, rəsmi nikaha girə bilməmişdik".

Bir müddət sonra Gülay yenidən hamilə qalır: "Qarnım böyüyürdü. Amma Ramal mənə nə "dünyaya gətir", nə də "abort etdir" deyirdi. Sonuncu dəfə davamızda "mən təkcə oğluma baxacağam, doğacağın uşağa baxmayacağam" dedi. Bətnimdəki körpə də qız idi. Dedim ki, "ya mənim vəziyyətimi qardaşıma danış, ya da telefonumu ver, atamla danışım, dərdimə bir çarə etsinlər". Heç birini etmədi. Yenə dava etdik. Başladı məni söyməyə. Anam rəhmətə gedib. Bu da mənim anamı söyürdü. Bir neçə dəfə dedim, "anamı söymə", qulaq asmadı. Əlimlə itələdim ki, "anamı söymə". Və başladı məni şantaj etməyə ki, "sən mənim anamı söydün"".

Bunun ardınca Ramal evdən çıxıb və az keçməmiş bütün qohum-əqrəbası Gülayın üstünə gəlir: "Söyüşün biri bir qəpik idi. "Belə idin, səni küçələrdən yığdıq, yanında da bir küçük gətirmişdin" deyə təhqir etdilər məni. Sonra Ramal əşyalarını yığıb anasigilə getdi. Və bibimqızına zəng vuraraq məndən ayrıldığını deyib".

Ramal daha sonra Gülayın qardaşına zəng edərək "bacından ayrıldım, gəlin, aparın zibilinizi" deyir. Gülayın qardaşı isə "oğlunu götür, qızı da atasına verib Gülayı öldürəcəyəm" cavabını verir. "Rayondan Bakıya 7 saatlıq yoldur. Bu müddətdə bibimqızı məni evdən çıxarıb bu sığınacağa gətirdi. Bu dəqiqə yoldaşım uşağa görə, qardaşım isə öldürmək üçün məni axtarır. Burada yaşamaq çox çətindir. İşləyə bilmirəm. Bətnimdəki körpə də ölü doğuldu", — deyir qadın…/Sputnik.az/

Son xəbərlər