Siqaret çəkməyi tərgitmək istəyən şəxslər üçün şad xəbər
Cəmiyyət 980

Siqaret çəkməyi tərgitmək istəyən şəxslər üçün şad xəbər

Siqaret çəkməyi tərgitmək istəyən şəxslər üçün şad xəbər


Gələn ay Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi "Qaynar xətt" fəaliyyətə başlayacaq.

Nazirliyin mətbuat xidmətindən May.Az-a verilən məlumata görə, burada tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar.

Layihə "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq tətbiq olunacaq.

Sözügedən işin təkmilləşdirilməsi məqsədi ilə İSİM-in nümayəndələri Moskvada keçiriləcək "Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminarda iştirak edəcəklər.

Səfərdə məqsəd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionunun və Rusiyanın "Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi” sahəsində əldə olunan beynəlxalq təcrübənin Azərbaycana uyğun modelini İSİM-də açılacaq kabinetin fəaliyyətində tətbiq etməkdir.

Nazirlikdən bildirilib ki, iki ay davam edəcək pilot faza ərzində yaradılan kabinetin və "Qaynar xətt"in hər birində bir mütəxəssisin işləməsi nəzərdə tutulub. Hazırda İSİM-in ambulator şöbəsində müvafiq kabinet yaradılıb, xüsusi telefon xətti ayrılıb və orada çalışacaq mütəxəssislərə tütündən istifadənin dayandırılması və asılılığın müalicəsinə dair metodik təlimatlar əsasında 3 günlük təlimlərin keçirilməsinə başlanılıb.

Fəaliyyət çərçivəsində İSİM əhaliyə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın aradan qaldırılmasına, tütündən asılılığın müalicəsinə dair milli mütəxəssis potensialının gücləndirilməsinə və qeyd olunan tibbi-konsultativ xidmətlərin təşkilinə yardım göstərəcək.

Pilot layihənin müddəti başa çatdıqdan sonra görülən işlərin qiymətləndirilməsi və gələcəkdə tütündən imtina kabineti və "Qaynar xətt"in davamlı fəaliyyətdə olması və işinin səmərəli, effektiv aparılması üçün zəruri tədbirlərin görülməsi nəzərdən keçiriləcək.

Son xəbərlər