14
октября
2016
14:18
Tahir İmanov: “Qan “pasport” ilə axırsa, o Azərbaycan qanı deyil”
Adı Azərbaycanın "qara siyahı”sından çıxarılmış Gürcüstan və Rusiya müğənnisi Soso Pavliaşvilinin bu ilin dekabrında Bakıda konsert verəcəyi xəbəri mediada böyük səs-küy doğurub.
"Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru, əməkdar artist Tahir İmanov məsələyə biganə qalmayaraq rəhbəri olduğu teatrın yaradıcı heyəti adından BAKU.WS-ə müsahibə verib.
-Bu, ilk növbədə vətəndaş mövqeyidir. Onun kimi dırnaqarası sənətkarın Azərbaycana gəlməsinə - xalqımızdan üzr istəməyincə - mən əleyhinəyəm. Tək mən deyil, bütün kollektivimiz bunun əleyhinədir. Yəqin ki, kütləvi informasiya vasitələtini izləyirsiz, artıq bir sıra sənətkarlarımız da bu məsələyə etirazını bildirib. Onların arasında Mənsum İbrahimov və onun triosu, Elnur Əhmədov, Elçin Haşımov var. Fərhad Bədəlbəyli maraqlı bir ideya ilə çıxış etdi. Özünüz görürsünüz ki, artıq cəmiyyətdə bu mövzu ətrafında müxtəlif fikirlər var. Sosial şəbəkələrə gəlincə, mən orada heç vaxt olmamışam, indi də yoxam. Hətta nə zamansa olmaq planlarım da yoxdur. Amma sosial şəbəkələrdə olan insanların dediklərinə görə, 98 fazi bizim mövqeyimizi dəstəkləyir. Bu da çox sevindirici haldır. Səhv danışıramsa, deyin ki, mən səhvəm.
-Tahir bəy, dünəndən mən də müşahidə edirəm. Tək sosial şəbəkə deyil, ictimaiyyət də məsələyə kəskin münasibət bildirir...
-Bəli, qarşı tərəfi dəstəkləyənlər çox azdır. Əksinə, tənqid edən və hətta mən eşitmişəm ki, təhqir edənlər də var. Bizim xalqımızın, cəmiyyətimizin əksəriyyəti belə bir nakişinin Azərbaycana gəlməsinin əleyhinədir. Yəqin bundan xəbərdarsınız? Bilirsiniz, nəyə məəttəl qalmışam. Biz azərbaycanlılar hansısa bir nakişinin əlində qalmışıq. Bir-birimizi ona görə, "didirik”, "yeyirik”. Təsəvvür edin ki, belə bir hadisə Ermənistanda baş versəydi, onlar buna görə məsələ qaldırardılar? "Yox” – deyərdilər, bununla da qurtarıb, gedərdi. Soso Pavİlaşvili ilə ünsiyyətdə olan insan, damarlarında azərbaycanlı qanı axırsa, niyə ona sual vermir ki, mənim torpaqlarımı niyə qanunsuz olaraq ziyarət edirsən, konsert verirsən? Məni maraqlandıran budur. Soso min cür cavab verib – "Mənim xəbərim olmayıb”, "Məni məcburən orada otuzdurublar”. Sən 8-10 yaşında uşaqsan? Biz hamımız bilirik ki, hər bir tanınmış sənətçinin rayderi olur. Sənətçi özünün şərtləri əsasında konsert meydançasına gedir. Biz bunun hamısını çox yaxşı bilirik. Biz bu nağıla heç vaxt inanmarıq.
-İş burasındadır ki, bu hal birinci deyil. Əksər hallarda rusiyalı müğənnilər erməni separatçıları tərəfindən dəfələrlə qondarma "Dağlıq Qarabağ respublikası"na gedib. Yəni bizim qara siyahıda olan çox müğənnilər var. Onlar yanlış addımı atandan sonra bir məktub hazırlayıb, bizim müvafiq qurumlara ünvanlayırlar...
-Bəli, məktubla müraciət edirlər, üzr istəyirlər. Deyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bir daha belə hallara yol vermərik. Sonunculardan biri də italiyalı müğənni Albano idi. Bu insan Azərbaycan xalqından üzr istəməyi özünə qəbahət bilmir. Üzr istəmək qəbahət deyil və bu insana xas olan alicənab bir xüsusiyyətdir. Amma hər kəs yanlışından sonra üzr istəmir. Alicənab, tərbiyəli insan bunu edər.
-İtaliyalı bir sənətçinin Azərbaycanla, Qarabağla məlumatsız olmağı – mənimlə razılaşarsınız ki – təbii prosesdir. Ona torpağımızla bağlı informasiya veriblər o, da deyib ki, Azərbaycan xalqından üzr istəyirəm. Soso Pavilaşvili isə bu regionun adamıdır. O, bilir ki, Qarabağ münaqişəsi nədir, kimlər arasında gedir. Bəs Soso ilə bağlı məsələyə münasibətiniz necədir?
-Əlbəttə, o, bu münaqişənin tarixini gözəl bilir. Hələ 1992-ci ildə Anar Məmmədxanlının sağlığında burada qonaqlıqların birində Soso özü demişdi ki, "Ya pyu za to çto, mı zavtrakalı v Sxumi i Stepanakerte”. Yəni o, bilirdi ki, Azərbaycanın işğal olunmuş Qarabağı var. Bilirdi ki, onun inzibati mərkəzi Xankəndidir. Yəni bu adam həmin cümləsi ilə demək istəmişdi ki, Azərbaycan qələbə çalsın, gedib o torpaqlarda səhər yeməyi yeyək. Sonra da gedib, Qarabağda konsert verirsən. Bu da o insan ikiüzlülüyündən irəli gəlir. Problem ondadır ki, Soso Pavilaşvili Vaxtanq Kikabidze, Müslüm Maqomayev səviyyəsində böyük bir sənətkar olsaydı, deyərdim ki, gəlin, onu öz tərəfimizə cəlb edək. Amma Sosonun elə böyük sənəti də yoxdur axı. Deyirik ki, gəl Azərbaycana. Bax məni də qıcıqlandıran bu məqamdır. Mən bir daha təkrar edirəm. Mən Soso Pavilaşvilinin Azərbaycana gəlməyinin əleyhinə deyiləm. O, üzr istəyərək gəlib Bakıda konsert verə bilər. Bu adam yenə Azərbaycana qarşı hörmətsizlik nümayiş etdirir, bizdən üzr istəmir. Əksinə, Rusiya KİV-nə "Yaradıcı insanlar heç bir siyasi marazmatiklərlə, anlaşılmaz qadağalarla, heç kimə lazım olmayan ideologiyalarla məhdudlaşdırılmamalıdırlar” deyə müsahibə verib.
Bu nə deməkdir axı? Azərbaycanın ideolagiyası odur ki, torpağımızın 20 faizi erməni işğalı altındadır. Biz haqqımızı tələb edirik! Başqasının torpağına göz dikməmişik. Soso Pavilaşvili, bu sənə heç aydın deyil? Sənə sual verirəm. Əgər sənin evinə icazəsiz girsəydilər, buna necə münasibət göstərərdin? İcazə almadan... Bu adam bizdən halallıq almadan, razılığımız olmadan torpaqlarımızda konsert verib.
Qarabağ münaqişəsinə gələndə, deyir ki, siyasətə qarışmır. Amma erməni soyqırımına münasibət bildirəndə deyir ki, biz erməni soyqırımı haqqında səsimizi ucaltmalıyıq, bağırmalıyıq. Mənə bir sual maraqlıdır. Bizim belə imkanlı azərbaycanlılarımız varsa, hansı ki, deyirlər "damarlarımızda azərbaycanlı qanı axır”, bütün dünyada istifadə olunmamış sənətçi resursu var, incəsənətion digər istiqamətlərində, insanlar professionallar var. Onlar istifadə olunmayıb. Gəlin, onları Azərbaycana cəlb edək. Bu Soso Pavilaşvili artıq istifadə olunub- özü də ermənilər tərəfindən... Bir insan bir dəfə səhv edibsə, ikinci dəfə bunu yenə təkrarlayacaq. Ona görə də belə halların qarşısını almaq lazımdır.
Gəlin, sosial şəbəkələrdə bununla bağlı səhifələr yaradaq, yaxud imzalar toplayaq. Cəmiyyətimizdə olan sənətkarların, hətta adi insanların – fəhləsindən tutmuş, məmuruna kimi hamısının imzasını toplayaq. Bu insanın Azərbaycana gəlməyinə qarşı çıxaq, birlik, yumruq olaq. Bir daha deyirəm ki, istifadə edilməmiş resurslardan yararlanmaq lazımdır. Bu insan ermənipərəstdir. O, Ermənistanı İrəvanı özünə ikinci vətən hesab edir. Sizcə, kişinin neçə vətəni olar?
-Hər halda bir vətəni olmalıdır...
-Təbii ki, bir olmalıdır. Mənim sevimli, ulu, qədim, doğma Azərbaycanım var, ikinci vətənim yoxdur. Görün, bu nə qədər ikiüzülü, nakişi adamdır ki, deyir, "Ermənistan mənim ikinci vətənimdir”. Məni ciddi mənada narahat məqamlardan biri də bu məsələ ilə bağlı estrada müğənnilərmizin susması, bitərəf olmasıdır. Estrada müğənnilərinin vətənpərvərliyini görürsünüz?! Belə çıxır ki, bizim müğənnilərin vətənpərvərliyi toyla başlayıb, kliplə bitir... Üç gündür, sosial şəbəklərdə qızğın mübahisələr gedir, KİV-də geniş işıqlandırılır. Amma bunlardan biri münasibət ortaya qoymurlar. Vətəndaş mövqeyi qoya bilmirlər. Əlimdən gələni edəcəyəm ki, o nakişi, o tula, Azərbaycana gəlməsin. İmkanım olsa, onun sifətinə də tüpürəcəyəm. Problem yoxdur, ona görə də "yataram" da...
Ona görə də biz Rusiya informasiya arenasında uduzuruq. Bu da düşmənlə mübarizənin, müharibənin bir növüdür. Bu ilin aprel ayında düşmənlə cəbhə xəttində 4 gün müharibə oldu. Həmin günlər ərzində damarında azərbaycanlı qanı axanlar bu haqda niyə danışmadı? Biz bu həftə ərzində Rusiyanın NTV, Birinci və Rossiya kanallarında ölkəmizə qarşı, şər və böhtandan başqa heç nə eşitmədik. Orada saxta siyasətçiləri, baqdasarovlar olmaqla Azərbaycanı ləkələyirdilər. Belə vətənpərvərsiniz, doğrudan da damarınızda Azərbaycan qanı axırsa, bir şey edərdiz. Bir mahnı yazardız, yığardınız dostluq etdiyiniz rus ulduzlarını Xocalı soyqrımı haqqında klip çəkərdiz, necə ki, imkanlı ermənilər Rusiyanın bütün tanınmış media simalarını qondarma erməni soyqırımı haqqında klipə çəkdilər. Sonra onu TNT kanalında göstərdilər. 1988-ci ildə Şarl Aznavur 90-a yaxın fransız müğənnini Ermənistanda baş verən zəlzələ haqqında klipdə çəkdirdi. Siz də Xocalı soyqırımı haqqında klip çəkərdiz. Bu dövlətə, hökumətə, ölkə başçısına da dəstək olardı.
- Azərbaycan qanı axa bilər, amma bu qan "pasport”a görədirsə, Azərbaycan qanı deyil...
Burada hamının damarında Azərbaycan qanı axır. Bu torpağı sevmək üçün Azərbaycanın dərdini biləsən, məcburi köçkünlərin dərdini biləsən. Mən başa düşə bilmirəm, Soso gəlib, burada oxusa, biz məcburi köçkünlərin üzünə necə baxacağıq? Mən insanlara müraciət edirəm ki, Soso Paviliaşvilinin rəsmi Facebook və İnstagram səhifəsinə etirazlarını yönəltsinlər ki, o da bura gəlməkdən çəkinsin.
Xatırladaq ki, Pavliaşvili 2004-cü ildə işğal altında olan Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmiş və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və turizm nazirinin sərəncamı ilə Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulmuşdu.
Qeyd edək ki, Soso Pavliaşvili qondarma "erməni soyqırımı” ilə bağlı da dəfələrlə çıxış edərək "soyqırımın” bir daha təkrar olunmaması üçün bu haqda susmamaq, hamı tərəfindən tanınana qədər danışmaq (qışqırmaq) lazım olduğunu vurğulamışdı.
Sonda Soso Pavliaşvilinin Yerevan haqqında klipini təqdim edirik: