Övladını atan, tamaşaçılar tərəfindən söyülən Məlik Dadaşov haqda - Faktlar+Fotolar
Həyat tərzi 1 440

Övladını atan, tamaşaçılar tərəfindən söyülən Məlik Dadaşov haqda - Faktlar+Fotolar

Övladını atan, tamaşaçılar tərəfindən söyülən Məlik Dadaşov haqda - Faktlar+Fotolar


Bu gün Azərbaycan teatr və kino tarixində özünəməxsus yeri olan görkəmli sənətkar, Xalq artisti Məlik Dadaşovun doğum günündür.

MAY.AZ Kulis.az-a istinadən bu münasibətlə sənətkar haqqında maraqlı faktları təqdim edir.

Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirib.

Uşaq yaşlarından musiqiyə gedib, kontrabasda ifa edirmiş. Orta məktəbi bitirdikdən sonra sənədlərini Tibb İnstitutuna verib. Qəbul olunub, amma elə birinci kursdan universiteti yarımçıq qoyub səhnəyə istiqamətlənir.

Məlik Dadaşov İkinci Dünya müharibəsində iştirak edib. 1943-cü ildə aldığı kontuziyaya görə geri qaytarılır və uzun müddət müalicə olunur. Müalicədən sonra hərbi hissələrdə musiqiçi kimi fəaliyyət göstərir. 1945-ci ildə müharibədən qayıdan Məlik Dadaşov Gənc Tamaşaçılar Teatrına yollanır və orda aktyor kimi işə götürülür. Az sonra sənədlərini Teatr İnstitutuna verir və Adil İsgəndərovun sinfinə daxil olur.

23 yaşlı aktyor səhnə fəaliyyətinə Zaqatalada yenicə açılmış teatrda başlayaraq əsas rolların ifaçısına çevrilir. Teatrda Sofiya Hüseynova adlı gənc aktrisa ilə ailə qurur. Bu izdivacdan 1946-cı ildə gələcəyin daha bir aktyoru - Rafael Dadaşov dünyaya gəlir. Lakin, bir müddət sonra cütlük boşanır. O, oğlunu atır və gənc aktrisa oğlu Rafaeli təkbaşına böyüdür.

1985-ci ildə Məlik Dadaşov “Müsahibə götürən adam” filminə çəkilir. Siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kavaleznik haqqında olan filmdə Məlik Dadaşov bu ölkənin əks-kəşfiyyat komissarı Niyaz xan obrazını yaradır. Film çəkilən zaman sağ olan Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq aktyoru öldürəcəyi ilə hədələyir. Buna görə də filmin Pakistanda aparılmalı olan çəkilişləri təxirə salınır. Məlik Dadaşovu da Pakistana qoymurlar. Filmin çəkilişləri İçərişəhərdə aparılır.

Məlik Dadaşov sənət taleyində sonralar da bu kimi hədələrlə davamlı olaraq üz-üzə qalır. “Axırıncı aşırım”da Qəmlonu, “Fəryad” filmində erməni obrazını, “Dəli Kür”də mollanı, “Ölülər”də Şeyx Nəsrullahı oynayanda tamaşaçılar aktyora hədsiz dərəcədə nifrət edir, küçədə görəndə onu söyüb yamanlayırmışlar.

Qızı deyir: “Atam yaradıcılığı boyu iki rolu ifa etmək istəməyib. Erməni rolunu, bir də “Ölülər”də Şeyx Nəsrullahı. Şeyx Nəsrullahı ona görə oynamaq istəmirdi ki, özü axır vaxtlar namaz qılırdı. Deyirdi, mən Allaha ibadət eləyirəm, amma “Ölülər”də Allaha qarşı çıxıram. “Fəryad” filmində isə düşmən obrazı yaratmalı idi. Bu rolu heç oynamaq istəmirdi. Yadımdadır ki, Ceyhun Mirzəyev yalvarırdı atama, deyirdi, bu rol sizə yazılıb. Atam onun sözündən çıxmadı, yaratdı o obrazı. Ən pisi də o oldu ki, rola görə atamı Ermənistanda milli qəhrəman kimi qəbul etdilər. Atam isə AzTV-də çıxış edərək həmin addan imtina elədi: “O adı heç vaxt heç cür özümə yaraşdıra bilmərəm. Bax buna görə də mən bu rolu oynamaq istəmirdim. Bilirdim ki, nəticəsi bu ola bilər.”

“Fəryad” filmindən çox sonralar isə belə bir hadisə olub. Məlik Dadaşov instituta gedəndə “Malakan” bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır. “Ay camaat, bu adam ermənidi”, - deyib camaatı yığır başına. Aktyor sənədlərinin təqdim edəndən sonra ona inanırlar. Filmin premyerasında isə tamaşaçılar qulağı eşidə-eşidə Məlik Dadaşovu söyürmüşlər.

Dövrün digər nəhəng sənətkarı Adil İsgəndərovla gənclik illərində münasibətləri yaxşı olsa da sonralar bilinməyən səbəblərdən onlar iki düşmənə çevrilirlər. Hətta onun oğlu Rafael Dadaşovun filmlərə çəkilməməsində Adil İsgəndərovun böyük rol oynadığını dilə gətirir: “Bu, Adil İskəndərovla Məlik Dadaşovun arasında yaranan çox ciddi mübahisə ilə bağlı idi. Zamanında Məlik Dadaşov Adil İskəndərovun yarasına duz səpmişdi. Görünür Adil müəllim də bunu yaddan çıxarmamış, yeri gəldikcə onun oğluna müəyyən sərhədlər qoyurdu. Hətta Məlik Dadaşov özü o zaman Moskvaya gedib oranın vasitəsi ilə teatra bərpa olunmuşdu.”

Lakin, deyilənlərə görə Adil İsgəndərov “Axırıncı aşırım” filmində Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək deyib: “Bu mükafat Məlik Dadaşova düşür, Qəmlonu yaratdığına görə”.

Uzun çəkişmələrdən sonra bir gün Məlik Dadaşov Milli Dram Teatrını tərk etməli olur. Qızı Gülnarə atasının teatrdan getmə səbəbini o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu ilə bağlayır. İki il Rus Dram Teatrında işləyən aktyor təqaüd adı ilə ordan da uzaqlaşdırılır.

Aktyor 70 yaşında övlad faciəsi yaşayır. İkinci nikahdan olan qızı xərçəngdən dünyasını dəyişir. Onun ölümündən sonra Məlik Dadaşov öz ağrısını bu sözlərlə ifadə edir: “Mən artıq yaşaya bilməyəcəm!”

Tədris Teatrında tələbələr ilə “Arşın mal alan”ı məşq edən zaman mizan göstərmək istəyəndə müvazinətini itirib yıxılır. Gicgahı yaxınlıqdakı stolun küncünə dəyir. Onu xəstəxanaya çatdırırlar, bundan sonra altı gün yaşayır. Huşu özündə olsa da, dili tutulur, danışa bilmir. Axırıncı gün qızından qələm-dəftər istəyir. Son istəyi nəşinin Akademik Milli Dram Teatrına aparılmaması və bəzi adamların dəfninə buraxılmaması olur.

Aktyor 1996-cı ildə 72 yaşında dünyasını dəyişir. Oğlu Rafael atasından incik olduğu üçün onun dəfninə getmir. Üçüncü arvadı Dolares isə ərinin vəsiyyətinə uyğun olaraq əlindəki siyahıda adları yazılan adamları dəfnə buraxmır.

Övladını atan, tamaşaçılar tərəfindən söyülən Məlik Dadaşov haqda - Faktlar+Fotolar
Övladını atan, tamaşaçılar tərəfindən söyülən Məlik Dadaşov haqda - Faktlar+Fotolar
Övladını atan, tamaşaçılar tərəfindən söyülən Məlik Dadaşov haqda - Faktlar+Fotolar
Övladını atan, tamaşaçılar tərəfindən söyülən Məlik Dadaşov haqda - Faktlar+Fotolar

Son xəbərlər