Azərbaycanda toylara qarşı kütləvi etiraz
Həyat tərzi 1 138

Azərbaycanda toylara qarşı kütləvi etiraz

Azərbaycanda toylara qarşı kütləvi etiraz


Azərbaycanda keçirilən toy mərasimləri qonşu ölkələrdən öz dəbdəbəsi və adətləri ilə seçilir. Bir-birinin adrınca toy edən ailələr "kimin toyu daha yaxşı keçdi” sualı altında rəqabət aparırlar.

"Yaxşı toy" düşüncəsi isə bahalı və çox yemək çeşidi ilə müəyyən olunur. Toyların dəbdəbəsi artdıqca onlardan gözlənən gəlir də yüksəlir. Orta statistik Azərbaycan ailəsi ayda azı 3-4, ildə isə 20 dəfə toya gedir. Hər getdiyi toya isə minimum 50 manat ödəyir. Bu zaman orta aylıq əməkhaqqı 488 manat olan ailə aylıq gəlirinin 30 faizindən çoxunu, minimum əmək haqqından isə artığını toylara xərcləmiş olur. Toy edən şəxs isə çəkdiyi xərcin müqabilində ya borclu qalır, ya da necə deyərlər "əl - əl - baş" şəkildə mərasimi başa vurur.

Toy sahibi üçün toy neçəyə başa gəlir?

Bakıda ən ucuz gəlin paltarı 200 manatdan başlayır, 2000 manata kimi üzüyuxarı gedir. Gəlinlik ayaqqabısının satış qiyməti 50-250 manat arasındadır. Makiyaj və saç düzümü birlikdə, yaxşı halda 200 manata başa gəlir və bu prosesin yuxarı qiyməti 500 manata dayanır. Bu, ustadan və salondan asılı olaraq dəyişir. Manikür və pedikürün qiyməti ayrıdır və onlara gəlin 15-50 manat arası pul xərcləməli olur. Hətta bəzi salonlarda saç və makyaj birlikdə 1500-2000 manata başa gəlir. Əllərə xınadan xüsusi naxışlar isə 5-10 manat arası dəyişir. Gəlin buketinin qiyməti 30-100 manat arasındadır. Paytaxtda gəlin maşınının bəzədilməsinə, ən ucuz halda 35 manat ödəməlisiniz. Bu məbləğ, formasından və yerindən asılı olaraq, 200 manatadək qalxa bilər. Beləliklə, Bakıda bir gəlinin bəzədilməsi üçün, minimum 535 (ölkə üzrə minimum əməkhaqqından 4 dəfə, orta əmək haqqında isə 8 faiz çox) manatınız olmalıdır. İstəyinizdən və büdcənizdən asılı olaraq, bu xərcin yuxarı həddi minimum məbləğin 10 qatınadək gedib çıxa bilər..

Restoranlarda menyuların qiyməti də bir o qədər yüksəkdir. 30 manatdan başlayan menyular 50, 70, 90, 100, 130, 200 və daha yüksək rəqəmlərə qədər gedib çıxır. Əgər restoranlarda xüsusi boşqablar və bəzədilmə tətbiq edilərsə bu zaman menyunun qiyməti 300 manata qədər ola bilər.

Bəs bu qədər xərc çəkmək, qohum-əqrabanı borclandırmaq lazmdırmı? Toyların daha məhdud kontingentlə, ucuz qiymətlərlər təşkil olunması gündəmə gələ bilərmi?

Natiq Cəfərəli: "Azərbaycanda uzun illərdir toy- depozit vasitəsinə, lotereya oyununa çevrilib”

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya şərhində bildirdi ki, əslində dövlət bu işə müdaxilə etməməlidir. Toylara hər hansı qadağaların qoyulması düzgün yol deyil: "Sadəcə dövlətin əlində olan imkanlarla – təşviqat vasitələri ilə televiziyalar, müəyyən örnəklərin yaradılması ilə bağlı işlər görülə bilər. Vətəndaşların bilgiləndirilməsi, müəyyən diskusiyaların olması – bütün bunlar yeni ənənələrin yaranmasına gətirib çıxara bilər. Təəssüf ki, Azərbaycanda uzun illərdir toy obrazlı şəkildə desək, depozit vasitəsinə, lotereya oyununa çevrilib. Hər hansı bir ailə illərdir qohumların, qonşuların toyuna gedib müəyyən pul vəsaiti hədiyyə edir və gözləyir ki, öz övladına və yaxınına toy edərkən, payladığı vəsaiti geri qaytaracaq. Belə çox pis bir ənənənə yaranıb Azərbaycanda. Bundan əsas gəlir götürən də şadlıq evləri sahibləri olur. Son 15 ildə Azərbaycanda yağışdan sonrakı göbələk kimi yüzlərlə yeni şadlıq evləri yarandı. Mən inanmıram ki, dünyanın hansısa bir ölkəsində bizdəki qədər şadlıq evləri fəaliyyət göstərsin. 18 milyonluq İstanbulda belə bu qədər şadlıq evləri yoxdur. Ümumiyyətlə, çox sadə toy mərasimləri keçirilir. Xaricdə ancaq estrada ulduzlarının, kino aktyorlarının və ya çox tanınmış şəxslərin toylarında dəbdəbə olur”.

N.Cəfərlinin sözlərinə görə, indiki iqtisadi durumla əlaqəli toylar hazırda böyük sosial problemə çevrilib. "İnsanlar çox ciddi şikayət edirlər. İndiki ağır durumda, gəlirlərin azaldığı bir vaxtda toylar psixoloji, sosial faktora çevrilib. Toya getməyə imkanı olmayanlar qonşu və qohum qınağına tuş gəlirlər. Qonşular və qohumlar həmən onu qınayırlar ki, vaxtilə sənin toyuna gəliblər və müəyyən vəsait xərcləyiblər. İndi sən də bunu etməlisən. Bu qınaq obyekti insanlarda psixoloji təzyiq yaradır. Ən çox qazanan şadlıq evləri olur”.

N.Cəfərlininin sözlərinə görə bu qədər gəlir ələdə edən şadlıq evləri vergidən yayınır: "Məsələ dəfələrlə müzakirə olunub, ancaq addımlar atılmır. Ən yaxşı halda Vergilər Nazirliyi xronometraj adlı əməliyyat keçirir və ciddi nəzarət edirlər. Ümumi ortalama bir gəlir mənbəyi çıxarıb ondan hesablamağa çalışırlar. Ancaq bu da doğru yol deyil. Ola bilər ki, şadlıq evlərinin bu bir ay ərzində dalbadal toyları olsun və ya olmasın. Bəzi yerlərdə ola bilər ki, xronometraj olan vaxtda daha ucuz toylar olsun, sonradan daha bahalısı. Çünki şadlıq evlərinin bir neçə menyu paketi olur və ucuzundan bahalısına doğru dəyişir”.

Natiq Cəfərlyə görə belə dəbdəbəli toyların heç də insanın sosial statusundan xəbər vermədiyini cəmiyyətə aşılamaq lazımdır. "Bu ancaq izah, təşviqat yolu ilə mümkün ola bilər. Ölkədə toy adət ənənələrinin yenidən baxılması təklif olunmalıdır. Çünki bu adət ənənənin kökü çox da qədim deyil. Şadlıq evlərinin, dəbdəbəli toyların yaranması elə müstəqillikdən sonrakı tarixdədir. Bizim keçmişdə regionlarda, rayonlarda, elə Bakının özündə də yaşayan yaşlı insanlardan eşitmişik ki, ən yaxşı halda toyda bir çadır qurulurdu və orada yaxın adamların şadyanalığı olurdu. İnsanlar da toylara çox vaxt hədiyyə ilə gəlirdilər. Birbaşa pul hədiyyəsinin olması son 25 ilin məhsuludur. Dərin kök atmamış bu adət-ənənəni qazıb atmaq lazımdır. Bunun da yolu nüfuzlu insanların bir örnək yaratmasıdır. Cəmiyyət görəndəki hər hansı bir nazir, iriçaplı məmur öz övladına dəbdədli toy edir, örnək kimi onu götürür. Əslində dəyişiklik yaradacaq insanlar bu məsələyə yenidən düşünülməsinə gətirib çıxaracaq addımlar atmalıdır”- deyə N.Cəfərli deyib.

Keçirdiyimiz sorğu

"Facebook” səhifəsində toylarla bağlı sorğu keçirdik. Sualmız belə idi: Toylardan ən çox kim qazanır?

Elmin Mustafa deyir ki, ümumiyyətlə bazarda qiymətlərin yüksəlməsində əsas iştirakçı restoranlardır: "Nəticədə qazanan restoranlar olur. Yeməklər də israf olunur, atılır zibilə. Beləliklə, qiymətlər qalxdığı üçün əsas zərbə istehlakçıya, xüsusilə də, aşağı və orta təbəqəyə dəyir. Qısası təsir əks-təsirə bərabər olur. Yaşasın burjuaziya, məhv olsun proletariat”.

Nüsrət Vəliyevin sözlərinə görə, Azərbaycanda toy şad gündən çıxaraq biznesə dönüb: "Toy sahibi səni toyda yeriyən 50 AZN kimi görür. Süfrəyə düzdükləri qoca inək kababı, 40 günə böyüyən toyuqlar, keçən toydan qalan salatlar.. Bir sözlə başdan ayağa israfçılıqdır. 500 adamı toya çağırıb, sonra da o 500 adamın toyuna gedib borc qaytarınca, 50 adam çağır 1 qəpik də pul yığma. Yeyin, için, deyin gülün, olsun təbii toy”.

Fərid Rəsulov bu ay ailə olaraq 14, fərdi olaraq isə 4 toya getdiyini bildirib: "Orta hesabla bütün xərcləri hesablayıb. 90 manatdan 1620 manat edir. Düşünün vəziyyəti”.

Kəmalə İmanova isə bildirir ki, bir həftədə 4 toya gedirlər: "İnsanlar pul yığmaq üçün indi dəbdəbəli toy edirlər. Amma başa düşmürlər ki, o yığılan pullar övladlarına xoşbəxtlik gətirməkdə rol oynamır”.

Turxan Baratzadə bildirir ki, Azərbaycanda toy və yas biabırçılığı var: "Hamı narazıdır. Amma narazı olanlar əvvəlkindən daha israflı edir. Toylarda qazanan əlbəttə ki, restoran və adını belə yazmağı bacarmayan "müğənni”lərdir. Toy və yaslar normal olsa, insanların vəziyyəti daha yaxşı olar deyə düşünürəm. Bir toya azı 50 manat yazılır Ayda azı 10 toya gedən adam 500 manatı gözdən çıxartmalıdır”.

Rövşanə Salahova adlı izləyimiz də toylardan ən çox restoranların qazandığını qeyd edib: "Bir ayda 11 toya getmişik. Vallah 100-dən aşağı da ayıbdır toya atmaq. Elə aşağısı 100-dən getdik. 1100 manat pul getdi. Məhərrəmliyə görə də hamı qaçhaqaçla bir-birinin ardından toy elədi. Təki həmişə toy olsun, amma aya biri olsun”.

Oxşar xəbərlər

Son xəbərlər