Mehriban Əliyeva koronavirusla bağlı XALQA MÜRACİƏT ETDİ
Xeberler 423

Mehriban Əliyeva koronavirusla bağlı XALQA MÜRACİƏT ETDİ

Mehriban Əliyeva koronavirusla bağlı XALQA MÜRACİƏT ETDİ


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlərlə bağlı paylaşım edib.

MAY.AZ-ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim!

Vətənimizə, bizim ümumi evimizə bəla gəlib. Çox təəssüf ki, məkrli xəstəliyin epidemiyası ölkəmizdən də yan keçmədi.

Görünür, planetimizdə pandemiyanın yayılmadığı bir dənə də ölkə qalmayıb. Bir çox ölkələr xarici aləmdən təcrid olmaq məcburiyyətindədirlər. Virusa yoluxan insanların sayı sürətlə milyona yaxınlaşır, artıq on minlərlə ölən var! Zənnimcə, bəşəriyyət orta əsrlərdən bəri bu cür təhlükəli və belə miqyaslı epidemiya ilə rastlaşmayıb. Pandemiya günbəgün, demək olar ki, gözümüzün önündə öyrəşdiyimiz gündəlik həyat tərzimizi dəyişir, günümüzü həyəcan və qorxu içində keçirməyə vadar edir. Bir çoxlarını eyni suallar düşündürür: "Həqiqətənmi hər şey belə ciddidir?", "Bizi nə gözləyir, sonumuz necə olacaq?". Və ən əsas sual: "Epidemiya nə vaxt bitəcək?". Bu "dəhşətli hadisə"nin tez bitməsi üçün bizim hər birimiz nə etməliyik?

Açığını deyim ki, bu sualların cavabları heç də asan deyil, çətindir, amma cavablar var. Hər şeydən əvvəl, biz hamımız vəziyyətin olduqca ciddi olduğunu və hər birimizdən, bütün yaş təbəqələrindən olan vətəndaşlarımızdan maksimal dərəcədə həmrəylik və birlik nümayiş etdirməyi tələb etdiyini şərtsiz qəbul etməliyik. Həqiqətən də COVID-19 hər birimizin həyatı və sağlamlığı üçün ciddi təhlükədir. Sizinlə birlikdə mən Uca Tanrıya dua edirəm ki, doğma torpağımızı qorusun, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin! İnanıram və ümid edirəm ki, insan zəkası pandemiyanın qarşısını alacaq və bizə gündəlik həyatımızın xoşbəxtliyini qaytaracaq!

Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir. Dövlətimizin bütün mümkün maddi imkanları epidemiya və onun fəsadlarının aradan qaldırılmasına yönləndirilib. Ölkəmizin ən yaxşı elm adamları, tibb işçilərimiz, bütün dövlət mexanizmi insanların xilası naminə çalışır. Epidemiyaya qalib gəlmək üçün misilsiz, genişmiqyaslı tədbirlər görülür. Tələb olunan tibbi ləvazimatların kütləvi istehsalı üçün iri müəssisələr sürətləndirilmiş formada istehsal sahələrini dəyişirlər. Xəstəxana və hospitallarımız hər gün öz imkanlarını genişləndirir, müalicəyə ehtiyacı olanları qəbul etmək imkanına malik yeni xəstəxana palatalarının yaradılması üçün bütün resurslar səfərbər olunur. Şəhərlərlərdə və yaşayış məntəqələrində həyat təminatı obyektləri fasiləsiz fəaliyyət göstərir. İctimai asayişi təmin edən və hər an yardıma hazır olan hüquq-mühafizə orqanları və xilasedici xidmətlər öz vəzifələrini layiqincə icra edirlər. Ölkə hüdudlarının keşiyində dayanan hərbi qulluqçular yüksək döyüş əzmini qoruyub saxlayırlar. Tibb işçilərimizə - həkimlərə, tibb bacılarına, sanitariya xidməti işçilərinə gəlincə - onlar mübaliğəsiz demək olar ki, hər gün peşəkar işçi və əsl vətəndaş kimi igidlik nümunəsi göstərirlər. Respublikada görülən bütün işlər Azərbaycan Prezidentinin xüsusi diqqətindədir, onun qətiyyətli rəhbərliyi və 24 saatlıq tam nəzarəti altında aparılır!

İnanıram ki, hökumətlərin və alimlərin titanik səyləri, koronavirusla mübarizəyə yönələn milyardlarla dollar, avro və manat mütləq və hökmən istədiyimiz nəticəyə, bizim epidemiya üzərində ümumi qələbəmizə gətirib çıxaracaqdır. Amma bunu da dərindən dərk etməliyik ki, bizim hamımız, demək olar ki, hər birimiz görülən tədbirləri, sərf olunan əməyi dəstəkləməsək, vətəndaş, sadəcə insan məsuliyyəti nümayiş etdirib dəqiq təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək, göstərilən səylər gözlənilən nəticəni verməyə bilər.

Əziz həmvətənlərim, mənim doğmalarım!

Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin - NÖVBƏTİ 20 GÜN ƏRZİNDƏ HAMI EVDƏ QALMALIDIR. AİLƏLƏRİNİZLƏ BİRLİKDƏ. XAHİŞ EDİRƏM, VACİB ZƏRURƏT OLMADAN EVLƏRİNİZİ TƏRK ETMƏYİN!

Bu günlərdə karantin rejiminə riayət edə bilməyən vətəndaşlarımız da var. Minlərlə soydaşımız iş başındadırlar və əllərindən gələni edirlər ki, vətəndaşlarımızın əksəriyyəti özlərini qoruya bilsin, evdə qalsın və karantin rejiminə əməl etsin. Bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara ən gözəl minnətdarlıq – özünütəcrid rejiminə riayət etməkdir. Biz bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımız adi həyat tərzinə və öz ailələrinin yanına bir o qədər tez qayıda bilər.

Gündəlik həyat tərzindən imtina edib evdən çölə çıxmamağın, doğma və yaxınlarınla görüşməməyin, bəzən övladlarını və nəvələrini qucaqlamaq imkanından məhrum olmağın necə çətin olduğunu anlayıram. Amma əgər biz məsuliyyətli vətəndaşlarıqsa, əgər həqiqətən valideynlərimizi seviriksə (mən isə buna əminəm!), əgər biz doğrudan da övladlarımızın və nəvələrimizin qədrini biliriksə, biz bunu onlar üçün! - etməyə borcluyuq, məhz borcluyuq! Özümüz üçün! Vətənimiz naminə!

Artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi. Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatına səbəb olur. Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər. Mən artıq bu barədə yazmışdım ki, COVID-19 yeni, bugünədək elmə məlum olmayan virus olduğuna görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri situativ xarakter daşıyır və onlar dünyanın müxtəlif yerlərindən daxil olan məlumatlar təhlil olunduqca dəyişirlər.

Beləliklə, ÜST-nin sonuncu bəyanatı bu infeksiyaya müxtəlif yaş kateqoriyalarından olan insanların yoluxduğunu və hətta gənclər üçün real təhlükə olması faktını təsdiqləyir. Artıq koronavirusa yoluxmuş uşaqların ölüm halları qeydə alınır.

Məhz buna görə bizim hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik. Məhz bu cür, bir-birimizi qayğı ilə dəstəkləyərək, dözüm və anlayış göstərərək biz taleyin bizi üzləşdirdiyi bu qorxunc sınaqdan üzüağ çıxıb koronavirus üzərində qələbədən sonrakı həyat üçün bir-birimizi qoruya bilərik. Bu qələbə mütləq baş tutacaq! Mən bu qələbəyə inanıram! ÖZÜNÜZDƏN MUĞAYAT OLUN! SİZİ SEVİRƏM! SİZƏ İNANIRAM!

Hər birinizə dualarla,

Sizin MEHRİBAN".

Oxşar xəbərlər

Son xəbərlər