01
апреля
2020
18:38
Koronavirusa görə Norveç "pul qabısını" açmalı olacaq
Koronavirus pandemiyası və onun səbəb olduğu yeni qlobal iqtisadi böhran Norveçi dünyanın ən böyük suveren fondu olan Dövlət Pensiya Fonduna (həmçinin, Neft Fonduna) əl atmağa məcbur edəcək.
BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Bloomberg" yazır.
Agentliyin məlumatına əsasən, 2020-ci ildə qlobal iqtisadiyyatın yavaşlaması neftin qiymətinin kəskin düşməsi ilə üst-üstə düşüb, bu isə Norveç iqtisadiyyatına ikiqat zərbədir.
Krallığın gəliri kəskin azaldığı üçün ölkə hökuməti Dövlət Pensiya Fondundan xərcləməyə məcbur olacaq.
Neft qiyməti hazırkı səviyyədə qalsa, Norveç 950 milyard dollarlıq fonddan azı 25 milyard dollar götülməli olacaq. Bu isə fondda əhəmiyyətli boşluq yaradacaq.
2020-ci ilin böhranı Norveç üçün hətta 2008-ci ilin böhranından daha ciddi fəsadlar yaradacaq.
12 il öncə neft gəlirləri əldə edən krallıq dünya bazarlarındakı ucuzlaşmadan şirkətlərin səhmlərini almaq üçün istifadə edibsə, hazırda Norveç bunu edə bilmir.
Koronavirusun yayılması Norveçi II Dünya Müharibəsi dövrünə qaytarıb. İşsizlik səviyyəsi 70 ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb.
Finlandiya, İsveç, Danimarka və İslandiya kimi zəngin iqtisadiyyata malik olan digər ölkələr də oxşar problemlərlə qarşılaşıb.
Natəvan Baxşiyeva