Вторник
фев 04

Şərqdə təmizliyin 8 qaydası

Şərqdə təmizliyin 8 qaydası


Təmizlik Şərq mədəniyyətinin hər zaman ən vacib atributlarından biri olmuşdur və qədim zamanlarda Şərqdə təmizlikdən danışılarkən sadəcə gigiyenik təmizlik deyil, eyni zamanda ruh, düşüncə və əməllərin təmizliyi də nəzərdə tutulurdu. Şərq dünyasının böyük qisminə hakim olan İslam dini imanın yarısının təmizlik olduğunu buyurmuşdu.

BiG.AZ coaching.az-a istinadən bildirir ki, əsrlər boyu Şərq aləmində təbliğ və tərənnüm olunan aşağıdakı 8 təmizlik qaydasına bu gün cəmiyyətimizin hər zamankından daha çox ehtiyacı var.

Əllərin təmizliyi – Sənə aid olan heç nəyə toxunmamağı tövsiyə edir. Başqa insanın həyatının və əməyinin üzərində öz həyatını qurmaq olmaz. Hiylə, oğurluq və ya qəsb yolu ilə əldə etdiyiniz hər şey həyatınızda və ruhunuzda mənəvi parazitlərin böyüməsinə səbəb olacaq və bu parazitlər bir gün sizi bütövlükdə yeyib, bitirəcək.

Qulaqların təmizliyi – Həyatdan küskün, mənfi düşüncəli insanlarla çox ünsiyyət qurub, qulaqlarımızı onların içi boş, şikayət və dedi-qodu dolu söz-söhbətlərinə qulaq asmamalıyıq.

Gözlərin təmizliyi – Baxışlarımız hər şeydə ilk növbədə gözəl olanı axtarmalı, insanlarda və hadisələrdə yaxşı olan tərəfləri görə bilməlidir. Gözümüzü nifrət və həsəd pərdəsi örtməməlidir. Unutmayaq ki, gözümüz ruhumuza gedən süzgəc funksiyasını oynayır. Süzgəcimiz nə qədər təmiz olsa, ruhumuz və zehnimiz da bir o qədər saf qalar.

Dilmizin təmizliyi – Niqtimizi yersiz və mənfi söz-söhbətlərlə kirlətməməliyik. Unutmayaq ki, ağzımızdan çıxan hər söz əhatə olunduğumuz emosional iqlimə müsbət və ya mənfi təsir gücünə malikdir. Bu emosional iqlim sadəcə bizə məxsus deyil, başqaları da onunla yaşayır. Düşünülməmiş və acı sözlərlə bu mənəvi atmosferi korlayaraq başqalarının zəhərlənməsinə səbəb olmağa sadəcə haqqımız çatmır.

Gigiyenik təmizlik – Bura bədənimizin, geyimlərimizin və istifadə etdiyimiz əşyaların təmizliyi daxildir. Biz insanlar ictimai varlıqlarıq, təkbaşına yaşamırıq və hər zaman başqa insanların əhatəsində oluruq. Natəmizliyimiz ətrafımızdakıları bizdən uzaqlaşdıra, hətta diksindirə bilər. Gigiyenik təmizlik bizim sağlam həyat sürməyimiz üçün də vacib şərtlərdən biridir. Unutmayaq ki, sağlam ruhlar ancaq sağlam bədənlərdə yaşayırlar.

Qidalarımızın təmizliyi – Qədim şərqlilər nahaq yerə “Nə yeyirsənsə, ona da çevrilərsən” deməmişdilər. Düzgün və təmiz qidalanma sağlam həyatın rəhnidir. Yemək yeyərkən sadəcə onun ləzzətinə deyil, eyni zamanda qida təhlükəsizliyi qaydalarına uyğun olub, olmamasına və qida tərkibinin vücudumuza nə qədər faydalı olduğuna diqqət etməliyik.

Düşüncələrin təmizliyi - Böyük Çin filosofu Lao Tszı deyirdi ki, “Düşüncələrinizə diqqət edin, onlar hərəkətlərin başlanğıcıdır”. Həyatda hər şey düşüncə ilə başlayır. Düşüncə bir toxumdur. Əməllərimiz beynimizə əkilən düşüncə toxumlarının məhsuludur. Məhsuldan şikayətlənmək istəməyən vaxtında düzgün toxumlar əkməlidir.

Ruhumuzun və qəlbimizin təmizliyi - Ruhumuz bu dünyada sahib olduğumuz ən qiymətli şeydir. Həyatımızı idarə edən də odur. Ruhumuz bədənimizi tərk etdiyi andan etibarən ömrümüz sona çatır. Həyatımızın keyfiyyəti ruhumuzun keyfiyyətinə bağlıdır – ancaq təmiz ruhlar gözəl həyat yaşayamağa qadirdir.

Комментарии (0)

Оставить комментарий