Nərminin ev istəyən anası
Afisa 2 455

Nərminin ev istəyən anası

Nərminin ev istəyən anası


Armud ağacımızda qaratoyuq yuvası vardı. Meyvəni bəhanə eləyib arabir başımı yuvaya salır, sarı dimdiklərini Allaha açan 3 ətcə balanı ziyarət edirdim. Günlərin biri sağsağan balaların üçünü də apardı... Ana qayıtdı, yuvanı ələk-vələk elədi, qıyya çəkdi və bir daha o yuvanın yanına gəlmədi...

Nərminin ölümündən sonra dostlarımız arasında halı dəyişən, səhhəti pisləşənlər oldu. Yüzlərlə kilometr bu yanda, paytaxtda kimlərinsə qapısına təcili yardım maşını gəldi. Kiminin gözünün qarşısına öz balası gəldi, kimi birbaşa yanıb-töküldü, kimi də balası gözünün qabağında yandırılan anaya üzüldü.
Dəfn zamanı nənəsinin üzünü cırması, fəryad qoparması hər kəsin diqqətini çəkmişdi. Həmin günlərdə də ananın nənəyə nisbətən soyuqqanlı görünməsi sosial şəbəkədə danışıldı. Amma ürəklərə bələd deyilik, adam var içinə “ağladıqları” yaşa dönsə, yüz göz çatdırmaz.

Ananın ev üçün müraciəti isə hər kəsdə soyuq duş effekti yaratdı. Bu insanlığın hansı halıdır? Kamyu, Sartr, axı böyük faciələrdən sonra insan ekzistensial hala düşməli idi; maddi aləmə qarşı bir yarpaq, bir daş kimi vecsiz olmalı idi. Belə hadisələrdən sonra insanın maddiyyatla olan bütün irtibatı kəsilməli, hər şey gözündə mənasızlaşmalı idi. XX əsrdən sonra nələr dəyişdi ki, körpə qızı gözünün qarşısında yandırılan ana daxma hayındadır?!

Ana quşlar yuvaları balaları üçün düzəldir, balaları böyüdəndən sonra yuvasından xəbəri belə olmur. Balasının meyitini qara torpaq belə qəbul etməyib, cinayətin qatili hələ cəzalandırılmayıb. Ana hansı zərurətdən ev, şəhər barədə düşünə bilir?

Suallardan dəhşət yağır...

Ay ana, niyə insanlara imkan vermirsən, halına ürək dolusu acısın?! Axı, dərd bölüşməklə azalırdı. Məhkəmə, hələ ki, cəmiyyətə balanı öldürən adama qatil demək haqqını verməyib, insanların içindəki aqressiya, kədər, göz yaşı ünvanını tapmayıb, sular durulmayıb...

Səni nə dəyişdi? Çıxdığın mənasız verilişlərdə axıdılan timsah göz yaşlarımı? İnsan taleyini hərraca çıxaran efirlərmi?

Ümid edək ki, ana qızının amansızcasına qətlə yetirilməsindən şoka düşüb, hələ də affekt vəziyyətindədir.

Ümid edək ki, o, nə danışdığını bilmir.

Çünki bir ölkədə yeni Kamyu doğulmamış onun qəhrəmanı doğula bilməz.

Sərdar Amin,

Kulis.az

Son xəbərlər