Prezident xəbərdarlıq etdi: "Bu işlərə baş qoşmayın"
Xeberler 628

Prezident xəbərdarlıq etdi: "Bu işlərə baş qoşmayın"

Prezident xəbərdarlıq etdi: "Bu işlərə baş qoşmayın"


Oktyabrın 23-də Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edib.

Prezident qəbulda deyib ki, Azərbaycan iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafı əsas prioritetdir.

Ölkə başçısı Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər barədə danışıb. O, eyni zamanda, kadr islahatlarının davam edəcəyi anonsunu da verib.

“İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən, kadr islahatları bu məqsədi güdür.

Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”, - deyə Prezident bildirib.

Ölkə başçısı çıxışında kölgə iqtisadiyyatına da diqqət çəkib. Bildirib ki, bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alınıb.

“Yəni bu yüz min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar. Bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi. Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur”, - deyən Prezident işəgötürənlərə də xəbərdarlıq edib:

“Bir də ki, bu insanlar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs onların pensiya haqqı nəyin hesabına hesablanacaq? Ona görə mən, o cümlədən, muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoşmayın.

Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın. Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq. Biz indi icbari tibbi sığortaya keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha güclü olmalıdır”.

2019-cu il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 1 milyon 611 min 100 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Muzdla işləyənlərin 899 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 712 min 100 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

2019-cu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9 faiz artaraq 589,3 manat olub.

Dövlət başçısının başçısı sahibkarlara və muzdla işləyənlərə müraciəti ölkədə iqtisadiyyatın daha da inkişaf etdirilməsinə yönəlib.

“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramın”da göstərilib ki, ölkədə bütün vergi ödəyicilərinin “Vahid Mühasibatlıq Sistemi”nə keçidi imkanları təhlil olunmalıdır.

Bundan sonra isə elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq edilir. Kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanır.

Bu prosesin başlanması ilə Azərbaycanda beynəlxalq mühasibat uçotu standartlarına keçid yaşanır.

Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar dayanıqlı iqtisadi inkişafın, ölkədə şəffaflığın, əlverişli biznes mühitinin təmin edilməsi, inkişafı əngəlləyən neqativ halların aradan qaldırılması məqsədini daşıyır.

Ölkə əhalisi də Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatları dəstəkləyir. Sosial Tədqiqatlar Mərkəzinin hesabatında bildirilir ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” adlı hesabatı açıqlanıb.

İctimai rəy sorğusunda ümumilikdə 1212 nəfər iştirak edib. Ümumi götürdükdə sorğuya cəlb edilənlər arasında islahatların uğurlu olacağına inananlar üstünlük təşkil edir.

Burada daha böyük islahatların, dövlət tərəfindən əhalinin rifahının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərin müsbət mənada çox təsiri var.

Oxşar xəbərlər

Son xəbərlər