"Mən oğlumla fəxr edirəm" - Şəhid anası Radə Qurbanova
Həyat tərzi 1

"Mən oğlumla fəxr edirəm" - Şəhid anası Radə Qurbanova

Bu gün Azərbaycanda Anım Günüdür. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır!

27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.
27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o münbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.

Xalqın böyüklüyü o zaman ortaya çıxır ki, Vətənin müstəqilliyi, torpaqlarının azadlığı uğrunda ölümü, şəhidliyi gözə alan igidləri, qəhrəmanları vardır. Çünki şəhidi olmayan xalqın Vətəni olmaz. Azərbaycan xalqının qəhrəman övladları da şəhidliyi hər zaman Vətənə olan sevginin təcəssümü olaraq görmüşlər. Bunun üçün də elin, obanın dar günündə bir yumruq olub canları bahasına torpaqlarımızı düşmənlərdən daim qorumuşlar.

Anım günün önəmi ilə bağlı şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova BiG.AZ-a bildirdi ki, ərazi bütövlüymüzün bərpasında şəhid balalarımızın böyük rolu var:

"Mən oğlumla fəxr edirəm" - Şəhid anası Radə Qurbanova

"Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhidlik zirvəsinə ucalanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Bir şəhid anası kimi deməliyəm ki, bu gün bizim üçün çox ağır gündür. Çünki sevinclə kədəri eyni anda yaşayırıq. 44 günlük vətən müharibəsində övladlarımızın taleyi həll olundu. Həm də düşmən tapdağında olan torpaqlarımız bizə geri qayıtdı.

Azərbaycan xalqının övladları sərhədlərimizin toxunulmazlığı, torpaqlarımızın müdafiəsi uğrun da böyük igidliklər göstərib, xalqımızın şərəfini dəyanətlə qoruyaraq adını uca tutublar. Mənim oğlum da bu igidlərdən biridir. Bu gün bir şəhid anası kimi mən yalnız fəxr hissi duyuram".



Son xəbərlər