İlon Mask barəsində araşdırmaya başlandı: Bayden və Harrisin öldürülməsini istəyir?
Dünya 6

İlon Mask barəsində araşdırmaya başlandı: Bayden və Harrisin öldürülməsini istəyir? - Foto

ABŞ Məxfi Xidməti İlon Maskın "X" hesabında Prezident Co Bayden və vitse-prezident Kamala Harrisə təhdid kimi qiymətləndirilə biləcək paylaşımla bağlı araşdırmaya başlayıb.

Bu barədə Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir.

Belə ki, Mask keçmiş prezident və hazırkı prezidentliyə namizəd Donald Trampa ikinci sui-qəsd cəhdindən sonra "X"də paylaşılan postlardan birinə şərh yazıb.

"Niyə heç kim Baydeni və ya Harrisi öldürməyə belə cəhd etmir?" - deyə o, şərhdə bildirib.

Maskın bu yazısı tezliklə populyarlıq qazanıb, 700 mindən çox baxış sayı və 57 min bəyənmə toplayıb. Yazı dərc edildikdən qısa müddət sonra silinib, lakin ABŞ Məxfi Xidmətinin gözündən yayınmayıb.

"Bloomberg"in xatırlatdığı kimi, ABŞ prezidentinin həyatına cəhd federal cinayət hesab edilir və buna görə beş ilə qədər həbs cəzası nəzərdə tutulur.

Bu, ilk hal deyil ki, Maskın sosial şəbəkədəki paylaşımları səlahiyyətlilərin diqqətini çəkir. 2018-ci ildə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) "Tesla"nın hər bir səhmi üçün 420 dollara satın alına biləcəyi ilə bağlı dərc etdiyi paylaşıma görə Maskı fırıldaqçılıqda ittiham edib. "Tesla" ilə komissiya arasında həmin ilin sentyabrında əldə edilmiş məhkəməyəqədərki razılaşmaya əsasən, Mask 20 milyon dollar ödəməyə və şirkətin baş direktoru vəzifəsini saxlamaqla "Tesla"nın direktorlar şurasının sədri vəzifəsini tərk etməyə razılaşıb.

İlon Mask barəsində araşdırmaya başlandı: Bayden və Harrisin öldürülməsini istəyir?


Son xəbərlər