17
февраля
2019
14:30
Allahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi: Tərəflər barışıq stolunda oturdu
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit” kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında baş vermiş kütləvi dava ilə bağlı dərhal Çeçenistanın rəsmi dairələri ilə əlaqə saxlayıb.
Bu barədə Modern.az-a Rusiyadakı mötəbər mənbə məlumat verib.
Mənbənin məlumatına görə, hadisə barədə ilk xəbəri aldıqdan sonra Qafqaz Xalqları Ali Dini Şurasının sədri olan Şeyxülislam dərhal Rusiyadakı çeçen icmasının nüfuzlu dini və ictimai liderləri ilə danışaraq, baş verən prosesi dayandırmaq üçün birgə işin zəruriliyini bildirib.
Mənbə qeyd edib ki, bir sıra maraqlı qüvvələr Rusiyada adi kriminal hadisəni məzhəb davasına keçirməyə cəhd ediblər. A.Paşazadə Çeçenistanın rəsmi dairələri və nüfuzlu din xadimləri ilə də təmas yaradaraq, onları bu təhlükəli amilin qarşısını almaq üçün birgə səy göstərməyə çağırıb. Şeyx eyni zamanda Azərbaycan diasporu və rəsmi dairələri ilə mütəmadi əlaqə saxlayıb.
QMİ sədrinin və dövlət qurumlarının birgə iştirakı ilə aparılan təxirəsalınmaz işlər öz nəticələrini verib. Müəyyən qüvvələrin məişət kriminalını məzhəb davasına keçirmək cəhdləri baş tutmayıb. Çeçen və azərbaycanlı icması bir stol arxasında oturaraq dostluq və qardaşlıq mesajlarını veriblər.
Moskvada toplaşan hər iki tərəfin nümayəndələri azərbaycanlılarla çeçenlər arasında heç bir ədavətin olmadığını bəyan ediblər.
Çeçenlərin nümayəndəsi törədilən hadisələri təxribat adlandırıb və hər iki tərəfi bu təxribata uymamağa çağırıb.