19
октября
2018
20:05
Rövnəq Abdullayev: “SOCAR Türkiyənin ən böyük xarici investoruna çevrilib”
"Bu gün enerji və neft-kimya sektorunda - "Petkim"də, “Petlim”də, STAR-da, Külək enerji stansiyasında, TANAP-da və digər layihələrdə həyata keçirilmiş sərmayələr Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) Türkiyənin ən böyük xarici investoruna çevirib".
MAY.AZ report-a istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev İzmirdə STAR neft emalı zavodunun açılış mərasimində bildirib.
“10 il bundan əvvəl Ulu öndərin siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə SOCAR şirkəti olaraq, Türkiyə neft-kimya sənayesinin nəhəngi “Petkim”in nəzarət-səhm paketini özəlləşdirmə yolu ilə aldıq. Ötən 10 il ərzində “Petkim”ə 100 milyonlarla dollar əlavə sərmayə yatırımışıq.
Həyata keçirilən sərmayə proqramları hesabına Türkiyə neft-kimya məhsulları bazarında “Petkim”in payını daha da artırmaq əzmindəyik və işlərin gedişi göstərir ki, bu hədəfə tezliklə çatmaq tam realdır”,- qeyd edib.
R. Abdullayev xatırladıb ki, 7 il əvvəl, 2011-ci ilin oktyabrında İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu gün açılışını qeyd etdiyimiz layihələrə start verdilər. “Biz ilk dəfə ölkəmizdən kənarda belə böyük bir investisiya proqramını həyata keçirirdik. Bu vəzifəni layiqincə icra etmək üçün bütün qüvvələrimizi səfərbər etdik və qürur hissi ilə qarşınızda məruzə edib bildirmək istəyirəm ki, STAR neft email zavodu istismara hazırdır”.
SOCAR prezidenti bildirib ki, STAR neft emalı zavodu müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib. “Bu yatırımlar bizim Aralıq dənizi bazarında mövqelərimizi möhkəmləndirəcək. “Petkim” üçün xammal olan nafta burada istehsal olunacaq və Türkiyənin idxaldan asılılığı xeyli dərəcədə azalacaq.
Burada həmçinin neft-kimya sənayesi üçün digər aralıq məhsullar da istehsal ediləcək. Bu da daxili bazarda istehlak olunacaq və həm də ixrac üçün geniş imkanlar yaradacaq.
"Petlim" və külək enerji stansiyası layihələri də Türkiyədəki fəaliyyətlərimizin səmərəliliyi baxımından mühüm əhəmiyyət daşıyır.
həyata keçirilən layihələrin tamamlanması bizi çox sevindirir. Amma hər bir tamamlanan layihə gələcəkdə planlaşdırılan layihə üçün təməl rolunu oynayır.
Bu məntiqlə yaxın gələcəkdə Petkim yarımadasında yeni Petrokimya kompleksinin yaradılması işlərinə də başlamışıq".