01
июля
2016
18:38
Səfir: "Erməni tərəfi düşünürdü ki, yenə də 1993-cü ildə olduğu kimi olacaq"
Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlərə baxdıqda, demək olar ki, Azərbaycan onların problemlərinin həlli istiqamətində çox böyük işlər görüb.
May.Az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşü zamanı deyib. Onun sözlərinə görə, uzun illərdir insanların yaddaşına hopmuş "dondurulmuş münaqişə" ifadəsi yanlışdır, belə bir şey yoxdur: "Aprel hadisələri zamanı Ermənistan tərəfi düşünürdü ki, yenə də 1993-cü ildə olduğu kimi olacaq. Amma onlar səhv düşündülər"
Azərbaycan-ABŞ münasibətlərindən danışan Robert Sekuta məqsədinin iki dost ölkə arasındakı münasibətlərin inkişafına töhfə vermək olduğunu deyib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını bildirən diplomat deyib ki, rəsmi Vaşinqton çox diqqətlə cəbhə bölgəsinin təmas xəttində baş verən hadisələri izləyir:
"Son dövrlərdə qoşunların təmas xəttində gərginliyin artması bizi narahat edir. İnsan itkilərinin artması bizi səylərimizi daha da artırmağa və sülhə nail olmağa çağırır. Bu problemin həll olunması üçün birgə səylər göstərmək lazımdır".
Azərbaycan ilə ABŞ arasında bir sıra sahələrdə geniş imkanların olduğunu söyləyən səfir bildirib ki, mövcud imkanlar hesabına əlaqələri daha da genişləndirməliyik: "Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən, tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq".