20
июля
2021
12:05
Dövlət xidmətindən toylarla bağlı AÇIQLAMA
Aidiyyəti qurumların monitorinq qrupları şənlik mərasimlərinin keçirildiyi obyektlərdə karantin şərtlərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.
Bu barədə MAY.AZ-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
Məlumata görə, bu gün keçirilmiş monitorinqlər zamanı şənlik mərasimlərinin icaze.e-gov.az portalında qeydiyyatdan keçirilməsi, tədbir təşkil edilən məkanların ərazisi, stollar ətrafında və arasında məsafə, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin olunması, qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və s. məsələlər araşdırılıb.
Araşdırma zamanı şənlik mərasimlərinn keçirildiyi bir sıra məkanlarda tələblərin pozulması halları müəyyən edilib. Monitorinq qruplarının toy sahibləri ilə apardığı profilaktik izahatdan sonra belə hallar aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları yeni ailə quranlara hədiyyələr təqdim edilib.
Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların bir daha nəzərinə çatdırılır ki, sağlamlığın qorunması baxımından müəyyən edilmiş qaydalar və şərtlərə əməl olunması vacib şərtdir. Məkan sahibləri şənlik məclislərini müvafiq portalda əvvəlcədən qeydiyyata salmalı, zalların ölçüsünə uyğun qonaq qəbul edilməsinə xüsusi diqqət yetirməlidirlər. Bu cür tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün qonaqların say məhdudiyyəti faktorunu nəzərə almaları, məclis iştirakçılarının müvafiq sənədlərə malik olmasını əvvəlcədən dəqiqləşdirmələri tövsiyə edilir.