12
апреля
2020
14:05
"Bu, qeyri-leqal taksi fəaliyyətinin qarşısını alacaq" - RƏY
Ölkə ərazisində pandemiyanın yayılmasının qarşısını almaq üçün bir sıra mühüm tədbirlər həyata keçirilir. Bunlardan biri də ictimai nəqliyyat sahəsində, xüsusən də taksi fəaliyyəti üzrə fərqlənmə nişanlarının verilməsi ilə bağlıdır. Belə ki, fərqlənmə nişanlarının taksi şirkətləri vasitəsilə sürücülərə verilməsinə başlanılıb.
Məsələ ilə bağlı “Report”a açıqlama verən nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, xüsusi karantin rejiminin tətbiq edilməsi taksi fəaliyyəti göstərən şəxslərlə bağlı yeni bir yanaşmanın formalaşmasına gətirib çıxarıb:
“Bu gün Bakı Nəqliyyat Agentliyi (BNA) ilə operator şirkətlər arasında əlaqələrin qurulması, şirkətlərin tabeçiliyində olan nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydalara və şərtlərə uyğun fəaliyyətinin təşkil edilməsi daha məqsədəuyğundur. Çünki birbaşa olaraq taksi şirkəti qarşısında bu qaydaların bəyan edilməsi və şərtlərin qoyulması daha rahatdır. Taksi şirkətləri hüquqi şəxs olaraq BNA qarşısında müəyyən öhdəliklər daşıdığı üçün tabeçiliyində olan taksilərə müəyyən şərtləri tətbiq etməyə məcbur olur. Burada əsas məsələ xidmət keyfiyyətinin yaxşılaşdırılmasıdır”.
Ekspertin sözlərinə görə, hazırkı şərait bu gün taksi sahəsində mövcud pərakəndəlik və qeyri-mütəşəkkilliyin daha təkmil idaredilməsinə səbəb ola bilər ki, bu da müəyyən formada nizam-intizamın yaranmasına gətirib çıxarar:
“Karantin rejimində bu qaydaların tətbiq edilməsi öz bəhrəsini verən bir haldır və istənilən halda taksi şirkətləri üçün bazalarını təkmilləşdirmək və tabeçiliyində olan taksilər qarşısında müəyyən şərtlərin tətbiq edilməsi ilə bağlı öhdəlikləri müəyyən etmək üçün imkandır. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sayı təqribən 20 mindən çoxdur və optimal yol BNA-nın fərqlənmə nişanını məhz operator şirkətlər vasitəsilə taksi fəaliyyəti göstərən şəxslərə çatdırmasıdır. Bu da oturuşmuş sistemin qurulması üçün işlək mexanizmin yaradılmasına imkan verir”.
A.Allahverənov əlavə edib ki, karantin qaydaları aradan qaldırıldıqdan sonra da bu sistemin tətbiqi faydalı ola bilər:
“Gələcəkdə də taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs hansısa şirkətlə müqavilə bağlayaraq şirkət qarşısında öhdəliklərini müəyyən edə bilər və fərqənmə nişanını operator şirkət vasitəsilə əldə edə bilər. Belə ki, operator şirkət həmin taksilərin müəyyən tələblərə uyğun fəaliyyətinə nəzarət edərək müəyyən şərtlərə əməl etməsinə şərait yaradacaq. Burada söhbət yalnız rəng və holoqramlardan deyil, eyni zamanda taksometrlərin quraşdırılması kimi tələblərdən də gedir və bu məsələlər də öz həllini tapa bilər. Taksi şirkətləri vasitəsilə fərqlənmə nişanlarının tətbiq edilməsi gələcəkdə qeyri-leqal taksi fəaliyyətinin qarşısını ala bilər. Belə ki, operator şirkətlərlə müqaviləsi olan taksi sürücüləri yalnız agentlik qarşısında deyil, şirkət qarşısında da vergilərin vaxtında ödənilməsi üçün məsuliyyət daşıyacaq”