16
марта
2020
15:13
Azərbaycanın daha bir səfirliyində koronavirusla bağlı "qaynar xətt" yaradıldı
Azərbaycanın Belarusdakı səfirliyi yeni koronavirusun (COVlD-19) sürətlə yayılması ilə əlaqədar soydaşlarımıza və bu ölkədə yaşayan vətəndaşlarımıza müraciət edib.
Səfirlikdən MAY.AZ-a bildiriblər ki, Belarusda yaşayan, təhsil alan və müvəqqəti olaraq səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyində “qaynar xətt” yaradılıb.
Əlaqə telefonu: +375296875440
Səfirlik soydaşlarımızdan və vətəndaşlarımızdan koronavirusdan səmərəli şəkildə qorunmaq üçün Belarusda dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməyi, gigiyena, sanitar və digər qaydalara ciddi riayət etməyi xahiş edir.
Bildirir ki, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə məhdudlaşdırılmalı və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərə getməkdən çəkinməli, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda təcili olaraq tibbi müayinədən keçilməlidir.
Eyni zamanda, səfirlik diqqətə çatdırır ki, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə təcili olmayan konsulluq əməliyyatları təxirə salınır.