"Müəllimlər üçün daimi iş qrafiki yaradılmalıdır. Necə ki, hər birimizin 9:00-18:00 iş qrafiki var, müəllimlər üçün də daimi iş modeli olmalıdır".
Elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda parlamentin komitə iclasında səsləndirdiyi bu fikir geniş müzakirələrə səbəb olub. Nazir bildirib ki, sertifikatlaşdırmanın növbəti - 2027-2030-cu illər mərhələsində əsas məqsəd müəllimlik peşəsində saatlıq, yarımştat, təsadüfi dərsdemə praktikasını aradan qaldırmaqdır. Bu addımın müəllimlərin işini daimi və peşəkar əsasda qurmaq üçün atıldığını qeyd edən E.Əmrullayev modelin könüllü olacağını deyib. Onun fikrincə, rəqabətli, yüksək maaşlı, tam iş günü olan müəllim modeli formalaşdırılacaq, köhnə "stavka" təcrübəsindən müasir təcrübəyə keçid baş verəcək. Nazir həmçinin qeyd edib ki, bu vəzifəyə yalnız sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlər seçiləcək. İstəməyənlər isə yenə də sovet dövründən qalmış saatlıq sistemdə - "stavka" əsasında fəaliyyət göstərə biləcəklər.
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
E.Əmrullayevin fikirləri cəmiyyətdə - xüsusən pedaqoji sferada aydın səmada şimşək çaxması effekti yaradıb.
Azərbaycan təhsilində mühüm və strateji addım
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədovun fikrincə, müəllimlərin günlük iş rejiminə keçməsi Azərbaycan təhsilində mühüm və strateji addımdır: "Bu islahat müəllimin əməyinin dəyərini artırmaq, tədrisin keyfiyyətini yüksəltmək, müəllim peşəsinə nüfuz vermək məqsədi daşıyır. Bununla belə, real tətbiqdə ciddi hazırlıq, infrastrukturun yenilənməsi, məktəb rəhbərliyinin və müəllimlərin adaptasiyası tələb olunur. Bu dəyişiklik müəllimin yalnız dərs saatına görə yox, bütövlükdə iş gününə görə qiymətləndirilməsi, maaş sisteminin dəyişməsi, işin mahiyyətinin yenidən formalaşması kimi mühüm nəticələr doğurur".
Millət vəkili təklif olunan modelin həm üstünlüklərinin, həm də çətinliklərinin olduğunu bildirir. Müəllim əməyinin daha ədalətli qiymətləndirilməsi, yüksək məvacib, stabil gəlir, daha "peşəkar mühitin" yaradılması məsələnin müsbət tərəfləridir. Yeni model hamının narazı olduğu repetitorluğun azalmasına səbəb ola bilər. Modelin çətinliklərinə gəlincə, millət vəkili hesab edir ki, bunlar müəllimlərin şəxsi vaxtının məhdudlaşması, bütün məktəblərin infrastruktur baxımından hazır olmaması, iş yükünün artması riski, digər gəlir mənbələrinin itirilməsi, psixoloji adaptasiya çətinliyi ola bilər. C.Məmmədovun fikrincə, düzgün planlaşdırıldığı halda yeni model təhsilin keyfiyyətində müsbət dönüş yarada bilər: "Lakin hazırlıqsız, sürətli tətbiq olunsa, həm müəllimlərin məmnuniyyətsizliyini, həm də qarşıdurmaları artıra bilər".
Bunun üçün normal infrastruktur yaradılmalıdır
Astara şəhər 1 nömrəli tam ümumtəhsil məktəbində ingilis dili müəllimi işləyən Babək Rzazadə bildirir ki, ABŞ-də təhsil alanda müəllimlərin bu qayda ilə işləməsini müşahidə edib və bunun məktəblərin və şagirdlərin inkişafına müsbət təsirini izləyib: "Hesab edirəm ki, bu sistem bizim təhsil sistemində də məktəb və müəllimlərin cəmiyyətdə nüfuzunu qaldıracaq. Yeni sistem özünü müəllimliyə həsr edənləri digərlərindən fərqləndirəcək. Çünki müəllimlər arasında məktəbə yalnız iş, maddiyyat kimi yanaşanlar var. Həmin insanlar ya məktəbdən uzaqlaşacaq, ya da ikinci dərəcəli şəxslərə çevriləcəklər". Praktik tərəfə gəlincə, B.Rzazadə bildirir ki, hazırkı təhsildə layihə və problem əsaslı öyrənmə tətbiq olunur: "Ancaq biz bunu öz işimizdə göstərə bilmirik. Bundan sonra bunları həyata keçirmək üçün müəllimə vaxt qalacaq. Müəllim digər fəaliyyətləri, layihə və viktorinaları, məktəb sənədləşmə işlərini rahatlıqla yerinə yetirəcək. Bu, müəllimin ehtiyac duyduğu və arzuladığı bir mühitdir". B.Rzazadə yeni modelin çatışmazlıqlarının olduğunu da qeyd edir: "Bu model üçün ilk növbədə normal infrastruktur lazımdır. Müəllimin rahat ola biləcəyi "komfort zonası" olmalıdır. Mənim çalışdığım məktəbdə bu şərait yoxdur. Müəllimlərin hamısı məktəbdə qalırsa, bu, çətinlik yaradacaq. İstərdim ki, hər müəllimin ayrıca kabineti olsun. Məktəbdə texnoloji avadanlıqlar azdır. Səkkiz saatlıq sistemdə bu avadanlıqlar işləməyəcək. Məktəblər öncə avadanlıqla təmin olunmalıdır".
Əgər maaşlar yetərli qədər artırılmasa....
Astara rayonu S.Vurğun adına Təngərüd kənd tam orta ümumtəhsil məktəbi və N.Həsənov adına Kijəbə qəsəbə 1 saylı tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Ümid Məmmədov hesab edir ki, yeni modeldə məktəbdə vaxtın səmərəli keçirilməsi üçün bəzi işlər görüləcək. Məsələn, dərsdən sonra proqramdan geri qalan şagirdlər üçün əlavə məşğələlər təşkil olunacaq, bu da nəticələrin qalxmasına müsbət təsir edəcək: "Müəllimlər üçün əlavə inkişafetdirici təlimlər təşkil olunacaq və bu da onların inkişafına, dolayısı ilə təhsilin inkişafına gətirib çıxaracaq. Dərsdən sonra müəllimlər şagirdlər üçün əlavə sınaqlar hazırlaya bilərlər ki, bu da şagirdlərin dərs zamanı öyrəndiklərinin daha da möhkəmlənməsinə səbəb olacaq. Əgər yüksək əmək haqqı təklif olunsa, müəllimlərin iş vaxtından sonra əlavə qazanc düşünməsinə ehtiyac qalmayacaq". Ü.Məmmədov hesab edir ki, müəllimlərin əksəriyyəti qadınlar olduğundan, yeni sistem uşaqlı və ailə qayğısı olan qadın müəllimlər üçün əlverişli olmayacaq: "Əgər maaşlar yetərli qədər artırılmasa, yeni sistem istər kişi, istər də qadın müəllimlər üçün maddi çətinliklər yaradacaq. Çünki hazırda müəllimlər dərs vaxtı bitdikdən sonra müəyyən əlavə işlərlə dolanışıqlarını təmin edirlər".
Beynəlxalq təcrübəyə istinad edilməlidir
ABŞ-də çalışan təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, bu islahat ediləcəksə, beynəlxalq təcrübəyə istinad olmalıdır: "Dünyanın bəzi ölkələrində, xüsusən postsovet ölkələrində müəllimlər dərslərini deyir, sonra müstəqildirlər. Amma dünyanın inkişaf etmiş ölkələrində müəllimlər səkkiz saatlıq iş rejimi ilə işləyirlər və onların iş şəraiti başqa səviyyədədir. Onların ayrıca sanitar qovşaqları, dincəlmək üçün istirahət otaqları var. Dərsdən sonra öz siniflərində otururlar. Əməkhaqları məktəbdə olduqları saata görə hesablanır. Müəllimin dərs saatı 18-25 saat arası olmalı və qalan saatları məktəbdə digər pedaqoji proseslərə xərcləməlidir. Biz də bunları tam təmin etdikdən sonra 8 saatlıq iş rejiminə keçə bilərik. Əks halda, müəllimlər çox çətinlik çəkəcəklər".
Ekspert hesab edir ki, bu model müəllimlərin sayının azalmasına, keyfiyyətli, məvacibi yüksək müəllimlərin məktəbdə qalmasına səbəb olacaq.