Главная > Sağlam ol > Həftələrdir niyə sağalmırıq?

Həftələrdir niyə sağalmırıq?


26-01-2023, 00:42. Разместил: Admin
Son zamanlar Azərbaycanda əhali arasında sürətlə yayılan və həftələrlə davam edən qrip simptomlu xəstəlik sosial şəbəkələrdə yenidən gündəm yaradıb.
"Qafqazinfo" xəbər verir ki, bu virusa yoluxanların sayı hər gün artır. Virusu xüsusilə uşaqlar daha şiddətli keçirir. Elə bir neçə gün əvvəl Şəki Mərkəzi Xəstəxanasına qızdırmalı daxil olan 5 yaşlı Zəhra Eyvazlının bir neçə saat sonra ölməsi cəmiyyəti silkələyib.
Yoluxanlar bu xəstəliyin koronavirusdan daha ağır olduğunu bildirirlər. Qrip simptomlu xəstəlik adətən hərarət, baş ağrıları, ümimi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və ya tutulması kimi əlamətlərlə müşayət olunur. Bu simptomlardan əziyyət çəkən xəstələrin əsas işlətdiyi fikirlər isə "bu xəstəlik bitmir", "bir neçə gün sonra qızdırma yenə qalxır", "öskürək davamlıdır" tipli cümlələrdir.
Müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1variantı (donuz qripi) yayılması, Rusiyada "Omicron"un digər alt variantı olan "Kraken" ştamına və "BQ.1.1" və yaxud "Cerberus" ştamına ilk yoluxmaların qeydə alınması əhali arasındakı təşvişi daha da artırdı. Lakin Səhiyyə Nazirliyi bir müddət əvvəl kəskin respirator virus infeksiyası ilə bağlı əhaliyə etdiyi xəbərdarlıqda bildirdi ki, ölkədə epidemioloji vəziyyət diqqətlə izlənir və bu mövsümdə indiyənədək ölkə ərazisində donuz qripi virusu aşkarlanmayıb. Əlavə olaraq bildirildi ki, qeyd olunan şikayətlər digər kəskin respirator virus infeksiyalarının əlamətləridir.
Eyni zamanda, sürətlə yayılan qriplə bağlı TƏBİB də məlumat yaymışdı. Qurumdan bildirilmişdi ki, el arasında qrip olaraq tanınan bu xəstəlik influenzadır. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir və adətən simptomatik müalicə olunur. Məlumatda o da qeyd olunmuşdu ki, influenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.
Məsələ ilə bağlı pediatr Aytən İsmayılzadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hələ ki, koronavirusdan daha ağır bir virus yoxdur:
"Həm koronavirus, həm də qrip ağırlaşa bilər. Hər iki virus hazırda var. Lakin koronavirus bir həftə içində can ala bilir. Düzdü, qripdən də ölüm halları müşahidə olunub. Amma daha çox koronavirusdan ehtiyat etmək vacibdir. Bunun üçün də özündə halsızlıq, baş ağrıları, iştahsızlıq hiss edən şəxslər mütləq şəkildə qan analizi versinlər. Həkimə müraciət etsinlər və vaxtında lazımi müalicəni alsınlar. İstər uşaqda, istərsə də böyükdə ilk üç gündə istiliyin olması özünü göstərir. Əgər vəziyyət ağırlaşmağa doğru gedirsə, evdə müalicələri uzatmaq lazım deyil. Özbaşına antibiotik və sistemlərə başlamasınlar. Hər bir halda həkimə müraciət vacibdir".
Həkimin sözlərinə görə, azyaşlı pasientlərin də yoluxduğu virusun hansı olduğunu müəyyən etmək üçün əvvəlcə "COVID-19" testindən keçirilirlər: "Daha çox 14-15 yaş uşaqlar test yoxlamasından keçirilir. Sonra vəziyyətinə görə dəyərləndirilir. İstənilən virusda biz ağırlaşmanı müalicə edirik, virusun özünü yox".
Qeyd edək ki, Avropada da qrip sürətlə yayılmağa davam edir. Belə ki, Avropa ölkələrində qrip hallarının koronavirusa yoluxan şəxslərin sayına çatdığı bildirilir. Qripə yoluxma artdığından Belçikada rəsmi olaraq qrip epidemiyası elan olunub. Belçikadan əvvəl isə Almaniya və Slovakiyada da qrip epidemiyası elan edilib.


Вернуться назад