Вторник
июн 14

Xarici nömrələrdən gələn zəng və mesajlardan necə qorunaq? -MÜTƏXƏSSİSDƏN AÇIQLAMA

Gündəlik həyatımızda tanımadığımız nömrələrdən və ya bilmədiyimiz hesablardan naməlum linklər alırıq. Hansı ki belə təhlükəli linklərə keçid etsək, məxfi məlumatlarımızı qarşı tərəfə yönləndirmiş olarıq. Bəs belə halların qarşısını almaq üçün nə etməliyik?
Mövzu ilə bağlı Sonxeber.az saytına IT üzrə mütəxəssis Bəhruz Əliyev açıqlama verib.
O bildirib ki, gələn mesajların ilk öncə məzmunlarına diqqət eləməliyik:
"Belə mesajlara aldanmamalıyıq. Əks halda qarşı tərəf bizə ziyan verə bilər. Məsələnin digər vacib tərəfi isə gələn linklərə qarşı diqqətli olmağımızdır. Biz linklərə və bu linklərin domen adları formasına nəzər yetirməliyik. Əgər gələn linklər qarışıq hərf, rəqəm və ya simvollardan ibarətdirsə, bu təhlükəli link olduğunun göstəricisidir. Digər məqam isə link (domen) adlarının sonluqlarına baxmaq lazımdır. Normal bilinən sonluqlar olması bizə aydınlaşdırmaq üçün müəyyən fikir ifadə edə bilər (Misal: az, com, org, net, info). Əgər gələn linklər bilinən sonluqla bitmirsə, bizi şübhələndirməlidir. Digər halda isə səliqəli formada hazırlanmış normal görsənən linklərdə məhşur marketlərə və qurumlara aid uduşlar, reklam və ya təkliflər ola bilər. Bu anda isə həmin reklamı göndərən rəsmi ünvandan maraqlanmaq lazımdır ki, belə bir kampaniya mövcuddur ya yox? Bu həm də həmin müəssisənin də vəziyyətdən xəbərdar olub tədbir almasına kömək olar. Başqa bir üsul isə həmin müəssisənin rəsmi saytına daxil olub, brovzerdəki linkini, sizə gələn mesajın linki ilə müqayisə etmək olar. Azca internet savadı olan şəxs mütləq anormal fərqi görəcəkdir. Əgər market və ya müəssisə hər hansı bir kampaniya edirsə, bu məlumatı rəsmi saytdan və rəsmi sosial şəbəkə ünvanlarından rahat dəqiqləşdirmək olar. Sizə gələn zərərli mesajı və ya linki açmadan bloklamaq, şikayət etmək və digər məhdudlaşdırıcı alətlər vasitəsi ilə lazımi tədbirlər görmək olar. Ümumiyyətlə, belə aldadıcı tədbirlərin qarşısını almaq üçün diqqətli və səbrli yanaşmaq lazımdır.
Bundan əlavə bir çox metodlar da sınamaq olar. Həmin tipli mesajları bloklayaraq şikayət edib, tanımadığımız xarici zəngləri isə açmamalıyıq. Əks halda yenə ziyan görən tərəf biz ola bilərik.
Xarici nömrələrin ölkə daxilində istifadə edilməsi ilə bağlı xüsusi qadağa yoxdur. Biz xarici ölkəyə gedəndə ruminqdən istifadə edərək öz nömrəmizdə qala biliriksə, bizim ölkəmizdə də xarici vətəndaşlar öz nömrələrindən istifadə edə bilərlər. Müxtəlif ölkələrdən qısa müddətli gələn şəxslər yeni nömrə almağa maraqlı olmur, ona görə nömrə dəyişmirlər. Bu kimi hallar üçün xüsusi qadağa yoxdur və bu qarşılıqlı olaraq beynəlxalq hüquqi müqavilələr əsasında tənzimlənir. Hər bir halda biz xarici nömrələrdən gələn zənglərin təxribat olduğu ehtimalını yaddan çıxartmamalıyıq. Buna uyğun olaraq hər hansı xarici saytdan qeydiyyatdan keçərkən öz nömrəmizi yazmasaq daha uyğun olar. Öz nömrəmizi qeydiyyata salmaqla özümüzə aid olan məlumatları kiməsə vermiş və uyğun olmayan zənglərin gəlməsinə şərait formalaşdırmış ola bilərik.
Eyni zamanda sosial şəbəkələrdə ödəmə terminalları vasitəsi ilə kimlərinsə kart hesablarına pul köçürdüb, çekin şəklini həmin adama hansısa üsulla göndərərək xarici nömrə alanlar müşahidə olunur. Bu tipli ölkədə yaşayıb, amma xarici nömrə alanların və satanların da niyyətləri əsasən sual doğurur. Bu nömrələr işbazlar tərəfindən müxtəlif üsullarla əldə olunan və satılan "virtual nömrələr"-dir. Reallıqda adətən sim kart yoxdur. Ona görə də məlumatlı olmaq, özümüzü tələlərdən qorumağa çalışmaq və bunun üçün daim əlaqədar yazıları oxumaq, məlumatlanmaq lazımdır.
Hazırda dünya texnologiya əsrini yaşayır. İnformasiya texnologiyaların get-gedə artmasını nəzərə alaraq çox diqqətli olmalıyıq. Əsasən gələn smslər, zənglər və linklər yad mənbələrdən gəlirsə, təhlükəsizliyimiz sual altındadır deməkdir. Telefonların əməliyyat sistemi avtomatik olaraq, yad mənbədən gələn bildirişləri doğrulamaq üçün bunun icazəsini bizdən alır. Bir çox əməliyyat sistemi və platformalar məsələyə eyni məntiqlə, amma fərqli üsullarla yanaşır. Hamısında eyni məzmunlu "şikayət et-blokla" funksiyası mövcuddur. Gələn linklər şirnikləndirici təkliflərlə doludursa, bu daha qorxuludur, çünki insanlar bu kimi hallarla tez-tez rastlaşdığı üçün daha çox problemlər yaşayırlar. Bu kimi halların baş verməməsi üçün linkin mənbəyi daim yoxlanılmalıdır".

Комментарии (0)

Оставить комментарий