Пятница
янв 17

Ötən il Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlandı - STATİSTİKA

Ötən il Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlandı - STATİSTİKA


“Ötən il AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub”.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müraciətlərdən 2291 zəng (11%) istehlakçı hüquqlarının pozulması halları, 480 zəng (2,4%) qida zəhərlənməsi, 89 zəng (0,5%) brusellyoz xəstəliyi, 39 zəng (0,3%) qarayara xəstəliyi, 26 zəng (0,1%) isə vərəm xəstəliyi barədə olub:

““Çağrı Mərkəzi” vasitəsilə qida zəhərlənməsi və digər qida mənşəli xəstəliklərə aid Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən 482 təcili bildiriş və məlumat daxil olub. Araşdırmalar nəticəsində 482 bildiriş və məlumat əsasında 208 zəhərlənmə faktı təsdiq edilib, 274 bildiriş təsdiqini tapmayıb. Müraciətlər əsasında ümumi sayı 987 nəfər zərərçəkən qeydiyyata alınıb, onlardan yalnız 585 nəfərin qida zəhərlənməsi faktı kliniki təsdiqini tapıb. Təsdiq olunmuş qida zəhərlənmələri hadisələri əsasən məişət zəminində baş verib ki, bu da 87.7% təşkil edir”.

Agentlik sədri əlavə edib ki, 2019-cu il ərzində Avropa İttifaqı tərəfindən fındıq məhsullarının idxalından 10 dəfə imtina halı müşahidə edilib:

“2017-ci ildən 2018-ci ilin iyul ayına qədər isə bu cür imtina hallarının sayı 36 olub. Bundan başqa, ötən il ərzində Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə 45 əməliyyat keçirilib, 83 ton təhlükəli qida məhsulu aşkarlanaraq dövriyyəyə daxil olmasının qarşısı alınıb, 20 cinayət işi açılıb”.

AQTA sədri qeyd edib ki, idxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, ölkə ərazisinə heyvan xəstəlikləri və bitki zərərvericilərinin yayılmasının qarşısını almaq məqsədilə sərhəd ərazilərə yaxın yerlərdə idxal nəzarəti məntəqələrinin yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanıb:

2020-ci ilin Dövlət İnvestisiya Proqramına uyğun olaraq 2 məntəqənin tikintisinə başlanacaq. Dünya Bankının “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində müfəttişlər üçün 110 yoxlama çantası və 110 ədəd mikrokameraların satınalınması həyata keçirilib”.

Q.Təhməzli deyib ki, 2020-ci ildən müfəttişlər həmin vasitələrlə təmin ediləcək:

“Layihə çərçivəsində müfəttişlər üçün 110 ədəd yoxlama planşetlərinin satınalınması həyata keçirilib və 2020-ci ildən İT əsaslı yoxlamalara başlanacaq. Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) idxal modulunun ilkin versiyası hazırlanaraq pilot layihə kimi istifadəyə verilib. Eyni zamanda, ixrac sertifikatlarının elektron qaydada verilməsi ilə bağlı AQTİS-də ixrac modulunun hazırlanmasına başlanıb. 2020-ci ildə bütün ölkə ərazisində idxal-ixrac üzrə icazə sənədlərinin elektron qaydada verilməsi planlaşdırılır”.

Комментарии (0)

Оставить комментарий