DataLife Engine / Əsir hərbçinin anası: "Deyirlər ki, səbirli olun, hər şey yaxşı olacaq"

Əsir hərbçinin anası: "Deyirlər ki, səbirli olun, hər şey yaxşı olacaq"

"Oğlumun yazdığı məktubu hələ də bizə gətirib çatdırmayıblar".
Bunu Modern.az-a Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.
"Övladımdan xəbərsizəm. Onun yazdığı məktubu gətirməyiblər. Məktubda nə yazılıb, onu da demirlər. Qırmızı Xaçdan deyirlər ki, səbirli olun, hər şey yaxşı olacaq. Biz övladımızla görüntülü danışıq və telefon əlaqəsi tələb edirik. Lakin ortada heç nə yoxdur, elə deyirlər ki, gözləyin. Nə qədər gözləyək? Hər dəqiqə düşünürəm ki, görəsən, Hüseynin vəziyyəti necədir, ona işgəncə verirlərmi?", - deyə əsir əsgərin anası bildirib.
Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qırmızı Xaç məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - deyə BQXK-nın yaydığı məlumatda bildirilib.
Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşüblər. Bu yaxınlarda onların yolu azaraq Ermənistan ərazisinə keçdikləri məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.

22-04-2023, 19:52
Вернуться назад