Воскресенье
дек 14

1967, 1979, 1991, 2003...

1967, 1979, 1991, 2003...


2015-ci il qoyun ilidir. Yaxın tarixin qoyun illəri 1967, 1979, 1991 və 2003-ci illər olub. “Media forum” saytı məşhurlara üz tutaraq həmin illəri necə xatırladıqlarını soruşub.

Afaq Bəşirqızı, aktrisa:

- Bu, mənim ilimdir. Qoyun ilində dünyaya gəlmişəm.

2003-cü il də nəvəm Bəşir doğulub. Həmin il mənə mənzil verildi. Yenə o il Moskvada Bəşir teatrını yaratdım, açılışını etdim. 2003 mənə çox düşərli il oldu.

Qarşıdan gələn 2015-də atam Bəşir Səfəroğlunun 90, mənim 60 illiyimdir. Deməli, üzərimdə öhdəliklərim var, səfərbər ilimdir. Bəşir Səfəroğlunun 90 illiyini qeyd etmək ən böyük arzumdur. Bunu Azərbaycanın hüdudlarından uzaqlarda da həyata keçirmək istəyirəm.

Mən qarşıdakı ildə bütün xalqıma, müsəlmanlara əmin-amanlıq, xoş günlər arzulayıram. Qoyun illəri ümumiyyətlə, bolluq-bərəkət illəri, sakit illər kimi yadda qalıb. İnsanın xoşbəxt olmağa ixtiyarı var, çünki Tanrının ən böyük zövqlə və istəklə yaratdığı məxluqdur.

Fərhad Bədəlbəyli, musiqiçi:

- 1967-ci ildə Çexoslovakiyada keçirilən beynəlxalq müsabiqədə qalib oldum, xüsusi mükafat aldım. Ona görə bu il yadımdan çıxmır.

Digər illərim də rəngarəng keçib, həmişə konsert fəaliyyəti ilə məşğul olmuşam. İlin nə üstdə gəlməsinə önəm vermək, fikrimcə, vacib deyil. Bir il daha uğurlu, digəri passiv keçə bilər. Həyatdır, hər şey gözləmək olar.

Məni hər il narahat edən Qarabağ problemidir. Bizim əsas dərdimiz Qarabağdır. Yenə gözləyirəm ki, nə vaxtsa Şuşada musiqi festivalı keçirəcəyik. Budur arzum.

Rafiq Əliyev, dinşünas:

- Qoyun illərindən ən çox yadımda qalan 1991 və 2003-dür. Birinci çox təlatümlü il idi, dünya bir-birinə qarışdı, iki sistem - kapitalizm və sosializm bir-birinin əleyhinə getdi. Azərbaycan isə o il müstəqil oldu.

Növbəti qoyun ili ölkəmizdə neft hasilatının inkişafı dövrünə təsadüf edir. Müstəqillikdən sonra uzun müddət kasıb dövlət kimi yaşamışıq, çox ölkələrdən, təşkilatlardan pul almışıq, dolanmışıq. Amma 2003-dən etibarən ölkədə maddi və mənəvi stabillik əmələ gəlib.

Bütün bunları qoyun iliylə əlaqələndirmək də bir qədər çətindir. Amma Azərbaycan üçün 1991, 2003-cü illərin nailiyyətinə baxanda 2015 təqvimini də uğurlu hesab etmək olar. Qoyun sakit, bərəkətli heyvandır. Bu heyvanın ətinin, yunun, südünün, pendirinin hesabına yaşayırıq. Hər kəsə fayda verir. Arzu edirəm 2015 də elə bir il olsun ki, heç kəsə ziyan vermədən özümüzə, xalqımıza, dövlətimizə fayda gətirək, fayda görək.

Gövhər Baxşəliyeva, şərqşünas:

- Mən hər hansı bürcə, əlamətlərə inanmıram. Başımızın üstündə fövqəlqüvvə - Allah var.

Eyni zamanda mən insanın müdrikliyinə, hadisələri idarə etmək qabiliyyətinə inanıram. Ölkənin başında müdrik, təcrübəli, xalqını canından artıq sevən lider olsa, o, istənilən zaman xalqını inkişaf yolu ilə aparacaq, hər hansı qlobal kataklizmdən qoruyacaq. Son on ildə bunu da müşahidə edirik. Ukrayna xalqının keçdiyi çətin sınaq, ərəb ölkələrindəki təlatümlər, iqtisadi geriləmələr, insan itkisi fonunda Azərbaycanda realist, praqmatik, məsuliyyətli bir liderin olması xalqı belə kataklizmlərdən qoruyur. Ona görə illərə bürc işarələrinə görə nəzər salmayıb həyata realist, açıq gözlə baxmalıyıq.

Gələn il Dağlıq Qarabağ münaqişəsi, sülh danışıqları istiqamətində irəliləyiş gözləyirəm. Bu problemi çox ağrılı yaşayıram. Barışa bilmirəm ki, 20 faiz torpağımız, tarixi Azərbaycan şəhəri Şuşa işğal altındadır. Yox, sülh danışıqlarının imkanı artıq tükənibsə, başqa yol qalmayıbsa, hesab edirəm istənilən addıma getməliyik ki, torpağımız qayıtsın.

Bəzən fikirlər səslənir ki, müharibəyə başlasaq, böyük itkilər verə bilərik, ölkə fəlakətə düçar olar. Yaxşı, bəs axırı necə olacaq? Tarixən Azərbaycan xalqının torpaqları Dərbənddən başlayıb Kərkükə qədər uzanıb. İtirə-itirə gəlib 87 min kvadrat kilometrə sığınmışıq, 20 faizini də itirək, necə olacaq? Ona görə ermənilər sülh yolunu başa düşməsə, hər birimiz istənilən itkiyə hazır olmalıyıq ki, torpağımızı qaytaraq.

Çingiz Abdullayev, yazıçı:

- 2003-cü ildə Heydər Əliyev dünyasını dəyişdi, bu, ölkə üçün böyük faciə idi. Onun oğlu İlham Əliyev prezident seçildi və nə yaxşı ki, belə oldu. Tarixən oğullar davamçı olmayıb, həmişə atalar quranı dağıdıblar. Çox unikal prezidentdir ki, Heydər Əliyevin oğlu onun yolunu davam etdirdi.

1991-ci illərdə ölkədə, regionda eləcə də dünyada baş verən dəyişiklikləri hər kəs bilir. Sonra müharibələr oldu, biz də Qarabağı itirdik.

1979-cu ili də xatırlayıram. Onda hüquq fakültəsində oxuyurdum. O zaman ilk dəfə təkbaşına Alma-Ataya (Almatı) getdim, beynəlxalq konfransda hüquqşünaslar arasında birinci yer qazandım.

2015-ci ildə yaxşı nə varsa elə də qalsın, təki pis olmasın. Allaha dua edəndə deyirəm heç nə istəmirəm, nə vermisən, onu məndən alma. Təbii ki, istəyirəm Qarabağ problemi həllini tapsın. Amma qorxuram yenə hər il deyib, hər il eşidək.

2015 çox maraqlı il olacaq. İlk Avropa Oyunları Azərbaycanda keçiriləcək. İnanıram ki, bu sahədə uğurlarımızı görüb Olimpiya Oyunlarını da bizə verəcəklər.

Комментарии (0)

Оставить комментарий