Valideynlər, şagirdlər və müəllimlər: Təhsil balansı necə qorunmalı?

"Müəllimlərin cəmiyyətdə rolu yalnız bilik verməklə məhdudlaşmır; onlar şagirdlərin şəxsiyyət kimi formalaşmasında da mühüm rol oynayırlar. Lakin Azərbaycanda müəllimlər ilə şagirdlər arasında yaranan problemlərdə müəllimlərin avtomatik günahkar hesab edilməsi ciddi tendensiyadır. Valideynlər bəzən obyektiv yanaşmaq əvəzinə övladlarını müdafiə edir və müəllimləri hədəfə alır ki, bu da təhsil sisteminə və şagirdlərin tərbiyəsinə mənfi təsir göstərir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, Azərbaycan Respublikasının Təhsil Haqqında Qanun müəllimlərin şərəf və ləyaqətinin qorunmasını, qanuni fəaliyyətləri zamanı hüquqi məsuliyyət daşımamalarını təmin edir. Lakin praktikada müəllimlər tez-tez əsassız ittihamlarla üzləşir ki, bu da peşənin nüfuzuna zərbə vurur və motivasiyanı aşağı salır:
"Dünya təcrübəsi göstərir ki, müəllimlərin hüquqlarının qorunması həm peşəkarlığı, həm də təhsilin keyfiyyətini yüksəldir. Finlandiyada müəllimlər yüksək hörmətə malikdir və qərarlarında müstəqildir. ABŞ-da isə müəllim birlikləri onların hüquqi müdafiəsini təmin edir.
Azərbaycanın təhsil sistemində də müəllimlərin hüquqlarını qorumaq üçün tədbirlər görülməlidir:
Məktəblərdə müəllim, şagird və valideynlər arasında qarşılıqlı anlaşmanı gücləndirmək;
Valideynlərə müəllim hüquqlarını anladan maarifləndirmə təlimləri keçmək;
Məktəblərdə müstəqil mediator komitələri və dövlət səviyyəsində hüquqi müdafiə strukturları yaratmaq.
Müəllimlər öz hüquqlarının qorunduğunu hiss etdikdə, təhsil keyfiyyəti yüksəlir. Əksinə, davamlı təzyiq altında olan müəllimlər motivasiyasını itirir və bu da şagirdlərin inkişafına mənfi təsir göstərir. Təhsil prosesində balans – şagird, valideyn və müəllim arasında qarşılıqlı məsuliyyət – qorunmalıdır.
Müəllimlərin hüquqlarının qorunması yalnız qanunla deyil, praktikada da təmin edilməli və peşəkar nüfuzları müdafiə olunmalıdır. Bu, sağlam təhsil mühitinin yaradılması və təhsilin keyfiyyətinin yüksəlməsi üçün əsas şərtdir".