Süni intellekt

UBS məzun və təcrübəçilərdən süni intellekt bacarığı tələb edəcək

UBS məzun və təcrübəçilərdən süni intellekt bacarığı tələb edəcək
İsveçrənin investisiya nəhəngi “UBS” 2027-ci il məzun və təcrübəçi qəbulu üçün süni intellekt (AI) alətlərindən istifadə bacarığını məcburi meyara çevirib. Bu tələb bankda karyeraya yeni başlayacaq əməkdaşlara aiddir. Namizədlər süni intellekt alətlərindən istifadə edə bildiklərini və bu sahədə öyrənməyə hazır olduqlarını göstərməlidirlər. Qaydanın gələcəkdə bütün əməkdaşlara şamil olunub-olunmayacağı hələ məlum deyil. “UBS” işə qəbul müsahibələrinə süni intellektlə bağlı suallar da əlavə edəcək. Namizədlər bu texnologiyadan məsuliyyətlə istifadə edərək iş nəticələrini necə yaxşılaşdıra biləcəklərini izah etməlidirlər. Yalnız “ChatGPT” kimi məşhur çatbotlardan istifadə etməyi bacarmaq kifayət sayılmayacaq. Bank müsahibədəki digər sualları və Britaniya təhsil sistemində yüksək nəticə hesab olunan 2:1 diplom tələbini də saxlayacaq. Yeni əməkdaşların hazırlığı “AI Fluency Pathway” adlı proqramla davam edəcək. Təlim zamanı süni intellektin bank işində real tətbiqi və ondan məsuliyyətlə istifadə qaydaları öyrədiləcək. “UBS” namizədlərdən işə başladıqları ilk gündən bu sahədə ekspert olmağı gözləmir. Bank üçün əsas meyar ilkin bacarıq, alətləri sınaqdan keçirmək həvəsi və öyrənməyə açıq olmaqdır. Bank süni intellekti başlanğıc səviyyəli işçiləri əvəz edən vasitə kimi deyil, onların məhsuldarlığını artıran alət kimi qiymətləndirir. Bununla belə, yeni tələb məzunların işə müraciət etməzdən əvvəl AI bacarıqlarını inkişaf etdirməsini zəruri edir. Gözlənti budur ki, vəzifələr tamamilə yox olmayacaq, sadəcə dəyişəcək. Başlanğıc səviyyəli əməkdaşların işi getdikcə AI alətlərini idarə etməyə yönələ bilər. Bank sektorunda uzunmüddətli məşğulluqla bağlı vəziyyət isə qeyri-müəyyən olaraq qalır. “Morgan Stanley”nin 2026-cı ilin əvvəlində hazırladığı hesabatda Avropada 5 il ərzində 200 000 bank iş yerinin itirilə biləcəyi barədə xəbərdarlıq edilib. Bu proqnoz dərhal kütləvi ixtisarların baş verəcəyini göstərmir. Ancaq süni intellektin bank əməkdaşlarının gündəlik vəzifələrini dəyişəcəyi ehtimalı artır.

相关文章