Süni intellekt

Naşirlər və ədəbi agentlər Anthropic-in müəllif ödənişindən pay tələb edir

Naşirlər və ədəbi agentlər Anthropic-in müəllif ödənişindən pay tələb edir
“Anthropic” şirkətinin müəllif hüquqları işi üzrə 1,5 milyard dollarlıq (təxminən 2,55 milyard manat) razılaşması ödəniş mərhələsində mübahisəyə səbəb olub. Bəzi müəlliflər bu həftə onlara ayrılan pula başqa tərəflərin də iddia etdiyini bildirən məktublar alıblar. Söhbət əsasən nəşriyyatların və ədəbi agentliklərin pay tələblərindən gedir. Müəlliflər bu iddiaların bəzisinin hüquqi əsasının olmadığını düşünürlər. Şirkət 2025-ci ildə kollektiv müəllif hüquqları iddiası üzrə razılığa gəlib. Razılaşma iyulda yekun təsdiq alıb. Hakim müəllif hüquqları ilə qorunan materiallardan süni intellekt (AI) modellərinin öyrədilməsi üçün istifadəni ədalətli istifadə qaydasına uyğun sayıb. Ancaq həmin materialların pirat yolla əldə edilməsinin qanunsuz olduğuna qərar verib. Bu qərardan sonra təzminat ödənişlərinin başlanmasına imkan yaranıb. Razılaşmaya əsasən, təxminən 500 000 əsər üzrə hər əsər üçün 3000 dollar (5100 manat) ödənilməlidir. Kitab ənənəvi nəşriyyat vasitəsilə hələ də satılırsa, müəllif və nəşriyyat pulu bərabər bölməlidir. Müəllif kitabı öz hesabına nəşr etdiribsə və ya kitab çapdan çıxarıldığı üçün hüquqlar ona qaytarılıbsa, bütün ödəniş müəllifə çatmalıdır. Əsas mübahisə də bu bölgü ilə bağlıdır. Yazıçıların şikayətlərində 2 hal daha çox təkrarlanır. Bəzi nəşriyyatlar hüquqları illər əvvəl müəllifə qaytarılmış kitablar üçün pay tələb edir. Bəziləri isə hüquqların yalnız 50%-nə sahib olsa da, bütün ödənişə iddia edir. Detektiv və triller müəllifi April Henry bildirib ki, “HarperCollins” nəşriyyatı hüquqları ən azı 17 il əvvəl ona qaytarılmış kitablarından 1-i üçün tələb irəli sürüb. O, həmin gün “HarperCollins”in onun işəgötürəni kimi göstərildiyi kredit bildirişi də alıb. Şikayətləri toplayan Victoria Strauss problemin uçotdakı çatışmazlıqlardan yarana biləcəyini düşünür. Bəzi nəşriyyatlar səhvə yol verdiklərini artıq qəbul edib və “Anthropic” şirkətindən məlumatlara düzəliş etməsini istəyiblər. Müəlliflər Gildiyasının rəhbəri Mary Rasenberger də bunu müəlliflərin pulunu qəsdən almaq cəhdi hesab etmir. Bununla belə, eyni səhvlərin çoxsaylı müraciətlərdə təkrarlanması problemin geniş yayıldığına dair şübhələri artırıb. Nəşriyyatlarla yanaşı, bəzi ədəbi agentliklər də ödənişlərdən faiz istəyiblər. Müəlliflər buna etiraz edirlər. Çünki agentlər satışında iştirak etdikləri kitabların hüquq sahibi sayılmırlar. Müəlliflər pulun bölgüsü ilə razılaşmadıqda ayrılan paya etiraz edə bilərlər. Kitab üzrə bütün məbləği almaq üçün hüquqlar 10 avqust 2022-ci ildən əvvəl müəllifə qaytarılmalıdır. Çünki razılaşmada əsərlərin endirildiyi tarix kimi həmin gün əsas götürülüb.

İlgili yazılar