Cihazlar+

GoWish 200 milyon dollardan çox qiymətləndirmə ilə yeni investisiya cəlb edib

GoWish 200 milyon dollardan çox qiymətləndirmə ilə yeni investisiya cəlb edib
Danimarkanın məşhur arzu siyahısı tətbiqi GoWish yeni investisiya raundundan sonra 200 milyon dollardan çox qiymətləndirilib. Bloomberg-in məlumatına görə, maliyyələşmə raundunun dəqiq məbləği və yeni investorların kimliyi hələ açıqlanmayıb. GoWish-in hekayəsi adi startaplardan bir qədər fərqlənir. Tətbiq ilk dəfə 2015-ci ildə Danimarka-İsveç poçt operatoru PostNord tərəfindən Onskeskyen, yəni “arzu buludu” adı ilə yaradılmışdı. Əvvəlcə Milad bayramı ərəfəsində insanların istədikləri hədiyyələrin siyahısını hazırlayıb ailələri ilə paylaşması üçün nəzərdə tutulan mövsümi layihə sonradan müstəqil məhsula çevrildi. 2020-ci ildə tətbiqi Danimarkanın Dotcom Capital şirkəti satın aldı və onu kommersiya platforması kimi inkişaf etdirməyə başladı. 2025-ci ilin yanvarında isə Londonda yerləşən Capital D şirkətin təxminən üçdə bir hissəsini əldə etdi. Dotcom Capital şirkətdə üçdə iki payını saxladı. GoWish son illərdə sürətlə böyüyüb. Capital D investisiya etdiyi zaman platformanın təxminən 10 milyon qeydiyyatdan keçmiş istifadəçisi var idi. Bu rəqəm 2025-ci ilin noyabrında 13,6 milyona, 2026-cı ilin iyulunda isə 18 milyondan çox istifadəçiyə çatıb. Onların 9 milyondan çoxu ABŞ-dədir. Tətbiq Danimarkada da olduqca populyardır. Təxminən 3,5 milyon danimarkalı GoWish-də qeydiyyatdan keçib ki, bu da ölkə əhalisinin yarısından çoxuna bərabərdir. Ötən ilin noyabrında bayram alış-verişi dövründə GoWish ABŞ App Store-da ikinci yerə qədər yüksəlmişdi.

İlgili yazılar