İsrail onları darmadağın etdi – HAMAS süquta yaxındır
İsrailin Qəzza zolağını beş ay bombardman etməsindən sonra HAMAS-ın əsas liderləri hələ də öldürülməyib, lakin bir vaxtlar anklavı tamamilə nəzarətdə saxlayan hərəkatın indiki əsas vəzifəsi sağ qalmaqla bağlıdır.
Lent.az xəbər verir ki, bu barədə Qərb mediası yazıb. Media fələstinlilərə, beynəlxalq analitiklərə, İsrail təhlükəsizlik xidmətinin nümayəndələri və Yaxın Şərqdən olan diplomatlara əsasən bu barədə məlumat yayıb.
Qeyd olunur ki, İsrail ordusunun Təl-Əvivdəki qərargahında HAMAS liderlərinin portretlərini əks etdirən divarda öldürülən komandirlərin üstündən qırmızı xaç işarələri çəkilsə də, sağ qalan HAMAS rəhbərlərinin sayı hələ də çoxdur. Onların arasında 7 oktyabr 2023-cü ildə hücumunun təşkilatçısı adlandırılan Yəhya Sinvar və hərəkatın döyüş qanadının komandiri Məhəmməd Deif də var.
Qərb mediasına danışan ekspertlər bugünkü HAMAS üçün ümumi mənzərəni “tutqun” adlandırırlar. HAMAS qüvvələrinin gücünü təxmin etmək olduqca çətindir, lakin İsrail kəşfiyyatının hesablamalarına görə, müharibə zamanı qruplaşmanın 24 batalyonundan ən azı 18-i dağılıb, 40 min döyüşçünün təxminən yarısı ya öldürülüb, ya da yaralanıb. HAMAS isə yalnız 6000 döyüşçüsünü itirdiyini bildirir.
İsrail ordusunun hücuma başladığı Qəzza zolağının şimal hissəsi artıq HAMAS-ın nəzarətində deyil. Qalan batalyonların əsas hissəsi cənubda Misirlə həmsərhəd olan Rəfah şəhərinə və sektorun mərkəzindəki Deyr əl-Bələh və Nuseyrat qaçqın düşərgələrinə çəkilib.
Rəfah və Qəzza zolağının cənubundakı düşərgələr İsrailin hücumu zamanı Qəzza zolağının şimalından qaçan bir milyon yarımdan çox fələstinli qaçqına sığınacaq verir. İsrail Rəfahda genişmiqyaslı əməliyyat planları barədə xəbərdarlıq edib, lakin beynəlxalq ictimaiyyət bu planları tənqid edərək, mülki əhalinin Rəfahdan qaçması üçün heç bir yer olmadığına işarə edib.
Bununla belə, ABŞ kəşfiyyat analitikləri xəbərdarlıq edirlər ki, HAMAS yeraltı tunellər şəbəkəsindən istifadə edərək “uzunmüddətli silahlı müqaviməti” “illər boyu” davam etdirə bilər. Yüksək rütbəli İsrail rəsmisi qeyd edir ki, HAMAS həqiqətən də hərbi qüvvə kimi mövcuddur, lakin struktur olaraq təşkil olunmayıb və onun “tamamilə dağıdılması” prosesi davam edir. Eyni zamanda, HAMAS nümayəndələri İsrailin “gücsüzlüyünü” və yaraqlıların “müqavimətini” açıq şəkildə söyləməyə davam edirlər.
Adı açıqlanmayan ərəb diplomatına görə, Qəzzadakı HAMAS yaraqlıları, onilliklərin ən uzun Ərəb-İsrail müharibəsində dünyanın ən müasir ordularından birinə qarşı müqavimət göstərərək, hərbi cəhətdən güclü olduqlarına inanırlar. Amma buna baxmayaraq, onun sözlərinə görə, atəşkəs razılaşmasına nail olmaq üçün HAMAS-a təzyiqlər artır.
“Əsas məsələ onların təzyiqə necə reaksiya verməsidir. Ümumiyyətlə, HAMAS kimi qruplaşmalara çox təzyiq etsəniz, istədiyiniz reaksiyanı ala bilməyəcəksiniz”, o əlavə edir.
Qalan israilli girovların azad edilməsi üçün aparılan danışıqlarda HAMAS atəşkəs və İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılmasında israr edir. İsrailin Baş naziri Benyamin Netanyahu bu tələbləri rədd edərək, döyüşlərin yalnız girovların azad edilməsi üçün dayanacağını, daha sonra isə HAMAS liderlərinə qarşı təqiblərin davam edəcəyini vurğulayır. Hər iki tərəf danışıqlarda kifayət qədər sərt mövqe tutur, lakin HAMAS üçün əlində qalan girovlar mahiyyətcə yeganə “sığorta” rolunu oynayır. Ramallahdakı “Horizon Center” analitik mərkəzinin rəhbəri İbrahim Dalalşanın fikrincə, HAMAS müharibənin yenidən başlayacağı və girovları azad edəcəyi məqamda sonlarının gələcəyini yaxşı anlayır.
Netanyahu da öz növbəsində dəfələrlə HAMAS-ı “məhv edəcəyinə” söz verib və hərəkatın rəhbərliyi azad olduğu müddətcə onun elan etdiyi “tam qələbə” cəmiyyət tərəfindən qəbul edilməyə bilər.
Bununla belə, HAMAS-ın özü çox güman ki, Qəzza zolağına tam nəzarət edən 17 illik tarixinin sona çatdığını anlayır. Məlumata görə, HAMAS rəsmiləri İordan çayının Qərb Sahilində yerləşən Fələstin Milli Administrasiyası ilə “xüsusi rəhbər komitə” vasitəsilə Qəzza zolağına nəzarəti bərpa etməsi barədə danışıqlara başlayıb.
Analitiklərin fikrincə, HAMAS-ın təşkilat kimi sağ qalması yalnız öz əvvəlki formatına qayıtdıqda: gizli silahlı qanadı olan müqavimət hərəkatı və dini məktəblər şəbəkəsi ilə mümkündür.