Воскресенье
июн 12

Ana südü ilə qidalandırılma və yeni hamiləlik

Ana südü ilə qidalandırılma və yeni hamiləlik


Qadınlar arasında belə bir səhv fikir formalaşmışdır ki, əmizdirmə dövründə ana hamilə qala bilməz.

Bu, heç də belə deyil. Uşaq əmizdirən qadınların 96%-nin orqanizmində, həqiqətən də, elə bir vəziyyət formalaşır ki, bu zaman ovulyasiyanın olmaması səbəbindən o, süd verdiyi müddətdə hamilə ola bilmir. Çünki bu zaman ananın orqanizmində yumurta hüceyrəsi yetişmir, ovulyasiya baş vermir, menstruasiya olmur. Bu hal "laktasion amenoreya" adlanır və təbii kontrasepsiya (hamiləlikdən qorunma) üsuludur. Onu da qeyd etmək lazımdır ki, bu üsul yalnız uşağın əmizdirilməsinin düzgün şəkildə aparıldığı halda, uşaq doğulduqdan sonra ilk 6 ay ərzində effektivdir. Lakin bu 100% halda baş vermir. Bu səbəbdən, qadın ehtiyatlı olmalı və özünə uyğun kontrasepsiya üsulu seçməlidir.

Fizioloji nöqteyi-nəzərdən ananın ikinci dəfə hamilə olması üçün ideal vaxt, birinci uşağın ana südü ilə qidalandırılması tam şəkildə başa çatdıqdan ən azı bir neçə ay (və doğuşdan ən azı iki il keçdikdən) sonrakı dövr hesab olunur.

Lakin ikinci hamiləlik, bu müddətdən tez, birinci uşağın əmizdirilməsi ilə eyni vaxtda baş vermiş olarsa, bunu faciə kimi qəbul etmək, hətta yeni hamiləliyi pozmağa cəhd etmək və ya təcili olaraq 1-ci uşağı süddən kəsmək qəti surətdə qadağan olunur! Əksər hallarda, yeni hamiləliyin baş verməsi, 1-ci uşağın əmizdirilməsi üçün əks-göstəriş hesab olunmur.

Uşaq əmizdirən və eyni zamanda hamilə olan qadın kifayət qədər və tam dəyərli qidalanmalıdır (zülallar, vitamin və minerallarla zəngin olan müxtəlif çeşidli qidalar qəbul etməlidir).

Hamiləlik dövründə ananın döş gilələrində həssaslığın artması baş verə bilər ki, bu zaman onlar müəyyən qədər ağrılı olurlar. Əgər əmizdirmə zamanı döşdə ağrı, xoşagəlməz hissiyyat yaranarsa, uşağın əmmə müddətini bir qədər azaltmağa, əmizdirilmə vəziyyətini dəyişməyə cəhd etmək olar.

Hamiləlik vaxtı ananın döşündə olan südün miqdarı, onun keyfiyyəti və dadı get-gedə dəyişiləcəkdir. Bu, hamiləlik dövründə ananın hormonal fonunda olan dəyişikliklərlə əlaqədar olur. Bəzi uşaqlar südün dadının dəyişdiyini hiss edərək döşdən imtina edə bilərlər, digərləri isə bunu hiss etmədən eyni qaydada əmməyə davam edirlər.

Hamiləlik zamanı anada südün miqdarı azalır və bu səbəbdən, körpə daha çox əmməyə başlaya bilər. Həmçinin hamiləliyin ikinci trimestrindən etibarən, ananın yetkin südü əvvəlki formasına - ilkin südə çevrilməyə başlayır. Bildiyimiz kimi, ilkin süd uşağın bağırsaqlarını yumşaldır və hətta açır. Məhz bu səbəbdən, körpədə ishallar yarana bilər. Qətiyyən, bu ishalları zəhərlənmə ilə səhv salmayın. Bu normaldır və zəhərlənməyə aid digər kliniki göstəricilər (qusma, susuzlaşma və s.) yoxdursa, narahatlığa da heç bir əsas yoxdur.

Bir çox hallarda hamilə qadınlar qorxur ki, 1-ci körpəni əmizdirməyə davam etdikdə, bu onlarda öz-özünə uşaqsalmaya (aborta) və ya vaxtından qabaq doğuşa səbəb ola bilər. Lakin bu, heç də belə deyil. Əgər bundan əvvəlki hamiləlik fəsadsız keçirdisə və yeni hamiləlik də sakit şəkildə keçirsə (hamiləliyin pozulması təhlükəsi, qanaxmalar və s. yoxdur), ana əmizdirməni növbəti doğuşa qədər davam etdirərək, hətta lazım gələrsə, daha sonra hər iki uşağını da eyni zamanda əmizdirə bilər (bunu “tandem əmizdirmə” adlandırırlar).

Lakin əvvəlki hamiləlik çətin keçmişsə və yeni hamiləliyin də pozulma ehtimalı varsa, bu halda həkim məsləhəti ilə uşağın əmizdirilməsini dayandırmaq lazımdır.

Комментарии (0)

Оставить комментарий