^
U

Milli komandamız ilk oyununda məğlub olub


Xorvatiya və Azərbaycan milli komandaları AVRO-2020-nin seçmə qrup mərhələsinin ilk tur oyununda üz-üzə gəlib.

"Maksimir" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Görüş meydan sahiblərinin ərazi üstünlüyü ilə başlasa da, ilk real qol vəziyyətini Azərbaycan millisi yaradıb. 14-cü dəqiqədə cinahda topu qəbul edən Eddi İsrafilov qarşısındakı oyunçunu keçərək qapıçı ilə təkbətək çıxıb. Onun zərbəsini Lovre Kaliniç qaytarıb. Mahir Mədətovun təkrar zərbəsi isə alınmayıb.

20-ci dəqiqədə isə Azərbaycan millisi hesabı açıb. Sağ cinahla irəliləyən Ramil Şeydayev qüvvətli zərbə ilə topu tora göndərib. Bu qol tribunalarda sükuta səbəb olub. Bu, Şeydayevin "Krılya Sovetov"un heyətində Rusiya Premyer Liqasındakı qolları da nəzərə alınmaqla, ardıcıl 4-cü oyununda 4-cü topu olub.

27-ci dəqiqədə meydan sahibləri bərabərlik qolunu vurmağa yaxın olublar. Lakin kapitan Luka Modriçin uzaqdan zərbəsi qapıdan azacıq aralı keçib.

35-ci dəqiqədə Bruno Petkoviç Azərbaycan millisinin cərimə meydançasına daxil olarkən, qonaq komandanın futbolçusu ilə mübarizədə özünü yerə atıb. Bolqarıstanlı baş hakim Georgi Kabakov "davam" deyib və Petkoviçə şifahi xəbərdarlıq edib.

36-cı dəqiqəqə isə künc zərbəsindən sonra qapıya yönələn topu Səlahət Ağayev qapı xəttinin üzərindən çıxarıb. Bu, meydan sahiblərinin qapıya doğru ilk zərbəsi olub.

41-ci dəqiqədə Borna Barişiçin cinah ötürməsindən sonra Petkoviçin baş zərbəsi təhlükəli alınıb. Onun zərbəsi qapıdan yan keçib.

44-cü dəqiqədə isə meydan sahibləri bərabərlik qolunu vurublar. Künc zərbəsindən sonra ilk zərbəni müdafiəçilər qaytarsalar da, Borna Barişiç yaxın məsafədən təkrar zərbə ilə hesabda tarazlığı təmin edib.

İkinci hissə də Xorvatiya yığmasının hücumları ilə başlayıb. 47-ci dəqiqədə cərimə zərbəsindən sonra Duye Çareta-Tsarın baş zərbəsi qapının üstündən keçib. Bundan 2 dəqiqə sonra isə Andrey Kramariçin cinah keçidindən sonra endirdiyi topu Ağayev tutub. 50-ci dəqiqədə qapı qarşısına ötürmədən sonra Petkoviçlə Ağayev toqquşaraq yerdə qalıblar. Həkim müdaxiləsindən sonra onlar oyunu davam etdirə biliblər.

56-cı dəqiqədə Luka Modriçin yerinə yetirdiyi cərimə zərbəsindən sonra Ağayev topu çətinliklə dəf edə bilib.

58-ci dəqiqədə Azərbaycan millisi daha bir qol imkanı qazanıb. Eddi İsrafilov əlverişli mövqedə olan Dmitri Nazarovu zərbə mövqeyinə çıxarıb. Lakin Nazarovun yaxın məsafədən zəif zərbəsi qapının yanından keçib. Bundan dərhal sonra o, yerini Araz Abdullayevə verib. Bu, qonaq komandanın ilk oyunçu dəyişikliyi olub.

63-cü dəqiqədə Petkoviçin zərbəsini Ağayev dəf etməyi bacarıb.

68-ci dəqiqədə oyunda ilk sarı vərəqə qeydə alınıb. Maksim Medvedev kobud oyuna görə cəzalanıb.

Bundan 1 dəqiqə sonra meydan sahibləri ilk əvəzləməyə əl atıblar. Petkoviçi Ante Rebiç əvəzləyib.

73-cü dəqiqədə komandalar hərəyə bir dəyişiklik ediblər. Meydan sahiblərindən Mateo Kovaçiçi Nikola Vlaşiç, qonaqlardan isə Riçard Almeydanı Emin Mahmudov əvəzləyib.

75-ci dəqiqədə Modriçin zərbəsini yenə Ağayev dəf edib.

Bununla belə, 79-cu dəqiqədə meydan sahibləri istəklərinə çatıblar. Andrey Kramariç cərimə meydançasına daxil olaraq, topu uzaq küncə göndərib.

Qoldan sonra qonaqlar hücumlar qurmağa çalışıblar. 83-cü dəqiqədə künc ötürməsindən sonra Rahil Məmmədovun baş zərbəsi qapıdan yan keçib.

88-ci dəqiqədə Xorvatiya millisinin cərimə zərbəsindən sonra İvan Perişiç zərbə mövqeyinə çıxıb. Lakin onun zərbəsi qapıdan yan keçib.

Bundan dərhal sonra baş məşqçi Nikola Yurçeviç son dəyişikliyə əl atıb. Qara Qarayevi Rüfət Dadaşov əvəzləyib.

Lakin yenə hücumlar kəsərsiz olub. Referinin artırdığı 3 dəqiqə dünyanın ən yaxşı futbolçusu Modriçin yerini Milan Badelə verməsi səbəbindən azarkeşlərin alqışları ilə əlamətdar olub. Bu zaman hücumda olan Azərbaycan yığması son şanslarından yararlanmağa çalışıb. Lakin cəhdlər nəticə verməyincə baş hakim oyunun yekun nəticəsini bildirən fitini səsləndirib.

Beləliklə, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsinə məğlubiyyətlə başlayıb. Amma Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv dünyanın ikinci ən güclü komandasına layiqli müqavimət göstərməyi bacarıb.

AVRO-2020, seçmə mərhələ

21 mart

E qrupu

23:45. Xorvatiya - Azərbaycan - 2:1

Qollar: Borna Barişiç, 44. Andrey Kramariç, 79 - Ramil Şeydayev, 19

Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)

Zaqreb, "Maksimir" stadionu
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: İdman Oxunub: 893 Tarix: 22-03-2019, 15:16
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az