Четверг
янв 19

Azərbaycanın "Lokomotiv" idman klubu ləğv edilir - SƏBƏB

Azərbaycanın "Lokomotiv" idman klubu ləğv edilir - SƏBƏB


Daha bir idman qurumu fəaliyyətini dayandırır. Söhbət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan "Lokomotiv" İdman Sağlamlıq Mərkəzindən (İSM) gedir.

Qaynarinfo.Az bu məsələni "Lokomotiv" İSM-in sədri Elşən İsmayılovla dəqiqləşdirib. Həm də Azərbaycan Voleybol Federasiyasının baş katibi olan İsmayılov bildirib ki, sabah hüquqşünaslar ilə bu barədə söhbət edəcək və yekun qərar veriləcək:

"Sabah bizdə müşavirə keçiriləcək və taleyimizə aydınlıq gətiriləcək. Çox təəssüf ki, maddi vəziyyətimiz ürəkaçan deyil. Bundan əlavə, Nazirlər Kabinetinin "Dəmir Yolları"nın tabeliyindəki qurumların özəlləşdirilməsi ilə bağlı Sərəncamı var. O Sərəncama əsasən Nizami rayonundakı Tofiq Abbasov küçəsi, 35, Nərimanov rayonundakı Əliağa Vahid küçəsi, 22 və Binəqədi rayonundakı Mehdi Hüseynzadə küçəsi, 2 ünvanlarında yerləşən obyektlərimiz kiçik müəssisə şəklində özəlləşdiriləcək. Biz də məcburuq ki, idman qurğularını təhvil verək. Ancaq əlimdən gələn qədər çalışacağam ki, idman qurğularını saxlayım. Baxaq görək, necə olacaq? Çalışacağıq ki, bizim mərkəzə aid olan 2 min idmançını digər qurumlara yazdıraq ki, heç kim boşda qalmasın".

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli 550 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş, orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı açıqlanıb. Siyahıda 25 qurumun tabeçiliyində olan 137 obyekt və müəssisələrin hərrac, investisiya və ya idarəetmə yolu ilə özəlləşdirilməsi nəzərdə tutulub. Bunların arasında "Dəmir Yolları"na məxsus 22 müəssisə və obyektin adı da var. Orda "Lokomotiv" İSM-nin əmlakının özəlləşdirilməsi də göstərilib.

Məlumat üçün bildirək ki, "Lokomotiv" İSM 1936-cı ildə yaradılıb. 1998-ci ildə isə "Lokomotiv" Bədən Tərbiyəsi və İdman klubunun bazasında "Lokomotiv" İSM yenidən bərpa edilib. Biləcəri qəsəbəsində yerləşən mərkəzdə 9 idman növü - voleybol, futbol, stolüstü tennis, kamandan oxatma, boks, cüdo, sərbəst güləş, yunan-Roma güləşi və velosiped üzrə bölmələr fəaliyyət göstərirdi. Bu qurumun 2 mindən çox idmançısı vardı.

Комментарии (0)

Оставить комментарий