Воскресенье
окт 27

Uşaq bağçalarındakı sıxlıq: Səddi və həddi kimlər keçir?

Uşaq bağçalarındakı sıxlıq: Səddi və həddi kimlər keçir?


Uşaq bağçalarında yer çatışmazlığı - valideynlərin tez-tez üzləşdiyi problemdən danışacağıq. Onlara verilən cavab da məlumdur: bağçaların sayı az, uşaqların sayının çoxdur. Paytaxtın Səbayel rayonu ərazindəki bir özəl, iki məktəbəqədər təhsil müəssisənə baş çəkib hazırkı vəziyyətlə maraqlandıq.

Məlum oldu ki, özəl bağçalar Təhsil Nazirliyinin tövsiyə etdiyi say məhdudiyyətindən kənara çıxmır. Say həddinin aşılması birbaşa tədrisin keyfiyyətinə mənfi təsir edə bilər. Metodist Gülnarə Möhsünova deyir ki, özəl bağçalara müəllimələr seçilərkən üstünlük iş təcrübəsinə verilir. Bundan əlavə özəl bağçalarda ingilis dilinin tədrisi, şahmat təlimi, rəqs və musiqi müəllimlərinin fəaliyyətinin tənzimlənməsinə xüsusi diqqət yetirilir: "2 yaşdan yuxarı uşaqlar qəbul olunur. Səhər saat 8:30-dan, axşam 19:30-dək növbəli şəkildə işləyirik. Valideynlər online kameralarla uşaqları bütün günü izləyə bilir. Başqa bağçalardan fərqli olaraq, bizim müəssisədə sıxlıq yaşanmır. Çünki hər bir uşağa fərdi yanaşılır".

Burda uşaqlar gün ərzində 5 dəfə qidalanır. Onların qəbul etdiyi qidaların kalorisi diqqətdə saxlanılır. Uşaqlar gündə bir dəfə mühafizə xidmətinin nəzarəti və müəllimələrin müşayiəti ilə təmiz havaya - yaxınlıqdakı parklarda gəzintiyə çıxarılırlar.

Səbail rayonu 136 saylı Körpələr evi-uşaq bağçası 150 nəfərlikdir. Əsası 1969-cu ildə qoyulan bu müəssisə, 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub. 42 nəfərlik personalı olan dövlət tərbiyə müəssisəsi 8 yerlikdir. Bura iki körpələr, iki orta, iki böyük və iki məktəbəhazırlıq qrupu daxildir: "Bu gün bağçalara tələbat həddən artıqdır. Amma çalışırıq ki, 150 nəfər saydan kənara çıxmayaq. Sıxlıq hiss olunacaq dərəcədədir. Müraciətlərin sayı çoxdur. Buna görə də valideynlərlə problemlər yaşanır".

Nailə Məmmədova Körpələr evi-uşaq bağçasına qəbulun ərazi üzrə aparıldığını deyir. Qəbulun növbəlilik prinsipi ilə aparıldığına diqqət çəkən pedaqoq yaranan neqativ fikirlərə belə aydınlıq gətirdi: "Heç kim istəməz ki, onun rəhbərlik etdiyi müəssisədə boş yer olsun. Biz ərazi üzrə qəbul edirik. Əgər Badamdar qəsəbəsində yaşayan uşaqları yerləşdirə bilmiriksə, kənardan necə uşaq gətirə bilərik? Valideynlər müraciət edir, "yox" deyirsən. Buna görə də artıq ifadələr işlədilir, səhv fikirlər formalaşır".

"Könül" Körpələr evi-uşaq bağçası isə 170 nəfərlikdir. Bu müəssisənin rəhbəri Yasəmən İsmayılova da qəbul üçün müraciətlərin il boyu davam etdiyini bildirdi: "1974-cü ildən fəaliyyət göstərən bu bağça 2014-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub. 9 qrupla fəaliyyət göstəririk. Bu ərazidə əhali sayı daha çox olduğundan sıxlıq qaçılmaz idi. Bunu nəzərə alaraq, yeni korpus tikilib, istifadəyə verildi. Bütün yaş qruplarına 20 nəfər, yalnız körpə qruplarında 15 nəfər uşaq tərbiyə alır".

Burda da qəbul eyni qaydada aparılır, heç bir neqativ hallara yol verilmir.

Mövzu ilə bağlı BŞİH-nin də münasibətini öyrəndik. Qeyd olundu ki, tabelikdə 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir və orada 2 min 152 qrupda 40 min 634 uşaq tərbiyə alır. 346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb.

Biz mənzərəni olduğu kimi təqdim etdik. Elə narazılıqlarla bağlı verilən cavabları da. Problemin həllini tezliklə tapacağı isə hələ ki, real görünmür.

mənbə: milli.az

Комментарии (0)

Оставить комментарий