^
U

İlham Əliyev: "Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq"


"Karantin rejimi nə üçün sərtləşdirilirdi? Yoluxma hallarının geniş yayılmasının qarşısının alınması üçün və biz buna nail olduq. Birinci mərhələdə bu virus bizə, belə demək mümkündürsə, idxal edilmişdir, amma ondan sonra daxili yoluxma halları baş vermişdir. Dərhal operativ tədbirlər görüldü və məhz sərt karantin qaydalarına görə biz bu mərhələni az itkilərlə başa vurduq. Görəndə ki, artıq 3 həftə ərzində hər gün sağalanların sayı yoluxanların sayından xeyli çoxdur, onda biz artıq yumşalma tədbirləri görməyə başladıq. Ancaq əfsuslar olsun ki, bəzi adamlar bunu karantin rejiminin ləğvi kimi qəbul etdilər. Əfsuslar olsun ki, bəzi adamlar karantin rejiminə əməl etmirlər. Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb, xeyr. Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq. Ona görə son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, - mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, - biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq.

Azərbaycan dövlətinin siyasəti və Operativ Qərargahın bu işlərə gündəlik rəhbərlik etməsi əsas bir məqsədi güdür ki, biz vətəndaşların həyatını, sağlamlığını qoruyaq. Eyni zamanda, bu məhdudlaşdırıcı rejim çərçivəsində insanlara maksimum imkan yaradaq ki, onlar öyrəşdiyi gündəlik həyat tərzindən çox da uzaqlaşmasınlar. Ona görə biz bu yumşaldıcı tədbirləri görmüşük. Aprelin 27-dən, sonra mayın 4-dən daha da yumşaq rejim qüvvədədir. Ancaq biz nəyi görürük? Onu görürük ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sağlam ol Oxunub: 604 Tarix: 7-05-2020, 17:56
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az