Воскресенье
сен 15

Sağlam ürəyin sirrləri

Sağlam ürəyin sirrləri


Bildiyimiz kimi, ürək orqanizmdə motor funksiyasını yerinə yetirir.

Ürək orqanizmin əsas "yanacağı" olan qanın dövr etməsini təmin edir. Qan orqanizmin yaşaması və normal fəaliyyəti üçün lazım olan bütün maddələri orqan və toxumalara çatdırır. Ürəyin fəaliyyətində pozulmalar inkişaf etdikdə, qanın normal dövr etmə prosesi pozulur. Bunun nəticəsində isə orqanizmin normal fəaliyyəti və bəzən hətta yaşaması mümkünsüz olur...

Bütün dünyada ürək xəstəlikləri əliliyin və ölümün əsas səbəbi sayılır. Məhz bu səbəbdən insan ürək xəstəliklərin profilaktikası haqqında bilməli və bu bilikləri istifadə etməlidir.

Beləliklə, sağlam ürəyin sirrləri hansılardır?

1. İnsanların əksəriyyəti bilir ki, düzgün qidalanma insanın sağlamlığının təməlidir. Lakin buna baxmayaraq insanların əksəriyyəti düzgün qidalanmır. Təzə meyvə-tərəvəz, təzə ət, toyuq (broyler yox!), balıq, süd məhsulları, yumurta, müxtəlif yarmalar, bitki yağları, buğdanın bərk növlərindən olan çörək - bu məhsullar qidalanmanın əsas hissəsini təşkil etməlidir. Duzlu, yağlı, qızardılmış, konservləşdirilmiş, hisə verilmiş, şirin qidalardan, yarımfabrikat və fast-fud qidalarından uzaq olmaq lazımdır.

2. Deyirlər, hərəkət həyatdır. Bu həqiqətdir. Müasir insanların əksər hissəsi hipodinamiyadan ("az hərəkətlilik") əziyyət çəkir. Alimlərin araşdırmalarına görə, müasir şəhər sakini gün ərzində 9 saat oturaq vəziyyətdə olur. Bu çox böyük problemdir. Günün çox hissəsini oturaq vəziyyətdə olan insanın ürək xəstəliklərinin inkişaf etmə riski fiziki aktiv insanla müqayisədə dəfələrlə çoxdur.

Bu səbəbdən mümkün qədər çox hərəkət edin. Gündəlik piyada gəzintilər (3 km az olmayaraq), üzgüçülük, gündəlik bədən tərbiyəsi çox xeyirlidir.

3. Həkimlərin fikirinə görə, ürəyin əsas düşmənlərdən biri siqaretdir. Belə hesab olunur ki, bu ziyanlı vərdiş ürəyə alkoqoldan, piylənmədən və hipodinamiyadan daha ziyanlıdır.

4. Piylənmə də ürəyə çox mənfi təsir edir. Həddən artıq kök insanlarda qanda pis xolesterinin və şəkərin səviyyəsi yüksəlmiş olur. Bu isə qan damarların divarlarını zədələyir. Bundan əlavə kök insanın ürək əzələsi də "kökəlir", orada piy yığılır, nəticədə ürəyin fəaliyyəti pozulur.

5. Təxminən 30-35 yaşından başlayaraq insan daim qanda xolesterinin səviyyəsinə nəzarət etməlidir. Bunun üçün ildə 1 dəfədən az olmayaraq qan analizi vermək lazımdır. Qanda "pis" və "yaxşı" xolesterin olur. Bu səbəbdən analizin nəticəsini yalnız mütəxəssis qiymətləndirə bilər. Analizin nəticəsindən asılı olaraq həkim sizə pəhriz və ya xolesterinin səviyyəsini aşağı salan xüsusi dərmanların qəbulunu təyin edə bilər.

6. Yüksək arterizl təzyiq ürəyin və damarların sağlamlığına mənfi təsir edir. Bu səbəbdən 30-35 yaşından başlayaraq insan vaxtaşırı olaraq öz təzyiqini ölçməlidir. Bəzən hipertoniya insanlarda simptomsuz inkişaf edir. Bu səbəbdən insan özündə baş ağrısı, başgicəllənməsi və s. bu kimi simptomları heç vaxt müşahidə etmədikdə belə, öz arterial təzyiqinə nəzarət etməlidir. Əgər insan özündə vaxtaşırı olaraq təzyiqin 139/89-dan c. st. yuxarı qalxmasını müşahidə edərsə, o, mütləq kardioloqa müraciət etməlidir. Hipertoniyanın ilkin mərhələlərində xəstə yalnız pəhrizin köməyi ilə təzyiqin normallaşmasına nail ola bilər.

7. Qanda şəkərin daim yüksək olması ürəyə çox mənfi təsir edir. Bu səbəbdən 35-40 yaşından sonra hər bir insan ildə 1 dəfə olmaqla qanda şəkərin səviyyəsini yoxlamalıdır. Şəkərli diabet xəstləri daim endokrinoloqun nəzarətində olmalıdır.

Bu sadə məsləhətlərə əməl etdikdə insan özünü bir çox ürək və damar xəstəliklərindən sığortalaya bilər.

Saglamolun.Az

Комментарии (0)

Оставить комментарий