Воскресенье
июл 24

Doğru yol....

Doğru yol....


Qurani Kərim cahanşümül bir kitabdır. Zamana və məkana məhkum deyil. Nazil olduğu zamananın və məkanın bir çox tarixi hadisələrini ehtiva edib onlara münasibət bildirsə də o münasibəti ilə belə bütün insanlığa yönəlik bir mesaj daşıyır. Bədr savaşında mələklərin iman edənə yardımından danışarkən [Ali İmran, 13] bizi də başqa bir “Bədr”ə hazırlayır. Düşmənimiz bizdən çox və bizdən ordu baxımından güclü olsa da imanda bizə uduzduğu üçün bizim də “Bədr”imizdə qələbə bizimlə olacaq...

Uhud savaşını ehtiva edən ayələr də var Quranda. O ayələr də cahanşümüldür. Bədr qazanmağın simvoludursa, Uhud da itirməyin simvoludur. Bədrdə qələbəmizdə Allahın yardımı gördüksə, Uhudda dostun xəyanətini gördük. İtirməyin, uduzmağın və xəyanətin nə demək olduğunu, xainlərlə necə davranmaq lazım olduğunu da o ayələrdən öyrəndik: “Sən onlarla yumuşaq davranmasaydın...” [Ali İmran, 159] Ayələr bizə Nəbəvi bir sünnəti öyrədir: xainə qarşı yumuşaq davranıb onu “günahına məhkum” etməmək, ona dəyişməsi üçün bir şans vermək...
Hər kəsin bir tövbə haqqı var. Baxarsınız bir gün İblis də tövbə etmək istədi... Axı o heç bir zaman Allahın varlığını, Xaliq olmasını, özünün Allah tərəfindən yaradıldığını inkar etməyib. Hətta doğru yolu da bir çoxlarından yaxşı tanıyır: “Mən Sənin doğru yolunda oturacağam” deyərkən başqa bir yolda deyil məhz doğru yolda olacağını da xəbər verir. Onu başqa yerdə axtarmaq ağılsızlıqdır, o doğru yolun yolçularının yanındadır.
İblis doğru yoldadır... Əgər getdiyimiz yolda biri bizə badalaq vurmursa dönüb gəldiyimiz yola baxmalıyıq. Bəlkə biz doğru yolda deyilik. Badalaq vuranlarımız varsa o zaman buna üsyan etməyək, bizi doğru yolun yolçusu etdiyi üçün dönüb Allaha təşəkkür edək. Çünki bu yolun bədəli budur...
Bədrdə qarşımıza atamız çıxacaq, qardaşımız çıxacaq. Bizə ilk silah qaldıran bəlkə də elə əzizlərimiz olacaq.
Hazırıqmı?
İnkarı üçün bizimlə vuruşanlara biz də Allah üçün vuruşmağa hazırıqmı? Bəlkə bir çoxumuz "فِي سَبِيلِ اللَّه" adına “hə, hazırıq” deyəcəyik. Kafirlərlə vuruşmaq daha asandır. Atamız, qardaşımız olsalar da... Amma bu davanın bir də “dost zərbəsi” var. Bir də dostlarımız bizə xəyanət edə bilərlər. Bizimlə eyni safda dayanıb, bizimlə eyni əqidəni paylaşan dostlarımız... Burda artıq bizi ruhlandıran güc "فِي سَبِيلِ اللَّه" [Allah yolunda] deyil. Burda etməli olduğumuz əməl “yumuşaq davrana bilməkdir”.
Quran cahanşümül mesajlar toplusudur. Hər ana və zamana xitab edir. Musanın səhabələrinin "iman zəifliyi"ndən də danışır, İbrahimin tək ümmət ola bilmək bacarığından da. Yer üzünü bürüyən Nuh tufanından da danışır, qiyaməti geri çevirməyi bacaran Yunusun topluluğundan da. Qardaş xəyanətinin, sevdalı xəyanətinin bədəlini ödəyən Yusufdan da danışır, Allaha qurban olmaq üçün gözünü qırpmadan başını bıçaq altına uzadan İsmayıldan da...
Bütün bunları niyə danışır?
Xəstəliklərdə Eyyub kimi ola bilməyimiz üçün.
Atəşə gedərkən İbrahim kimi dua edə bilməyimiz üçün.
Quyuda və zindanda Yusuf ola bilməyimiz üçün...
"Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir..." [Bəqərə, 134]

Комментарии (0)

Оставить комментарий