Пятница
янв 15

Cins şalvarınızda olan kiçik cib nə işə yarayır?



Cinslər yaşından, cinsindən asılı olmayaraq, hər kəsin istifadə etdiyi geyim növüdür. Yəqin ki, sizin də ən azı bir cins şalvarınız var. Hətta həmin şalvarınız keyfiyyətini itirəndə, korlananda vaxt itirmədən yenisini alırsınız. Əvvəllər bu şalvarlar yüksək qiymətlərə satılsa da, hazırda hər kəs asanlıqla əldə edə bilir.
Bəs siz hər yerdə gördüyünüz, istifadə etdiyiniz bu geyim növünü incələmisinizmi? Cins şalvarlara diqqətlə baxan insanlar, adətən, cibin içində yerləşən kiçik cibin hansı funksiyanı daşıdığı ilə maraqlanırlar. Əgər bu məsələ sizə də maraqlıdırsa, məqaləni oxumağa davam edin, bu gün kiçik ciblərin sirrini açıqlayırıq.
Kiçik ciblər 1879-cu ildən etibarən cinslərdə standart halına gəlmişdir.
İnsanların bu cib haqqında müxtəlif versiyaları var. Bəzi insanlar düşünür ki, bu cib xırda pulları, qəpikləri daşımaq üçündür. Onlar iddia edirlər ki, böyük cibdə qəpik tapmaq çətin olduğundan kiçik cib yaradılıb. Amma bu, yalnış fikirdir. Belə olsa idi, marketdə və digər ictimai yerlərdə pul ödəmək üçün kiçik cibdən qəpik çıxarmaq çox uzun vaxt aparardı.
Bir qisim insanların düşüncəsinə görə, kiçik cib məhz biletlər üçün nəzərdə tutulub. Onlar bu cibə "bilet-cib" adını da veriblər. Əlbəttə, kino biletlerinizi, mağazadan aldığınız çekləri bu cibdə saxlaya bilərsiniz. Lakin cibin yaradılma səbəbi bu da deyil.  
Bu cib "saat cibi" olaraq adlandırılır və cib saatları üçün dizayn edilib. Həmin vaxtlar bu tip saatların məşhur olduğunu nəzərə alsaq, bu ideya olduqca məntiqli görünür. Bu məlumatı yeni öyrənən adamlar sınamaq üçün cib saatlarını həmin kiçik cibə yerləşdirməyə can atırlar. Bunu təcrübə etmiş adamların sözlərinə görə, saatlar cibə tam uyğundur, nə böyükdür, nə də balaca.
İndiki dövrdə isə əksəriyyət bu cibləri dekorativ məqsədlə istifadə edir. Əgər siz diqqətləri öz üzərinizə çəkmək istəyirsinizsə, bir cib saatı alıb kiçik cibə yerləşdirə bilərsiniz. Beləliklə, həm insanlar bu hissənin əsl funksiyasını öyrənəcək, həm də siz tərzinizi unikal bir detal ilə tamamlayacaqsınız.

Комментарии (0)

Оставить комментарий